18 Oktyabr 2024 09:00
4795
LAYİHƏ

XOCALILILAR VƏTƏNƏ QAYIDANDA SEVİNCDƏN AĞLADILAR

Əsrin ən böyük  faciələrindən biri olan Xocalı faciəsini nəinki onun sakinləri heç dünya yaddan çıxarmır. Çünki  1992-ci ilin fevralında təpədən-dırnağaqa qədər silahlanmış erməni quldurları rus əsgərlərinin havadarları ilə gecə saatlarında Xocalı şəhərini  gülləbaran elədilər. Təsəvvür edin, sakinlərin üstünə  güllə yağış kimi  yağırdı və ordan  sağ çıxmaq  elə də asan məsələ deyildi. Sağ çıxanlar da qarlı-şaxtalı havada canlarını  qurtarmaq üçün meşələrə və Ağdam istiqamətinə üz tutmuşdular. Amma yenə  erməni  faşistləri onları rahat buraxmırdılar. Yüzlərlə Xocalı sakinini  mühasirəyə alaraq  pusquya saldılar və onları amansızlıqla güllələdilər. Nə uşağa, nə qocaya, nə də hamilə qadınlara rəhmləri  gəldi.

Çingiz Mustafayevin Xocalı faciəsi ilə bağlı çox unikal və tarixi bir çəkilişi  var. Bu görüntülər  bir daha  ermənilərin  nə qədər  vəhşi millət olduğunu, qəddarlığını  təsdiqləyir. Çingiz ağlaya-ağlaya  operatora  deyir ki, uşağın başını qaldırın. Uşağın başını  qaldırırlar və onun nə günə  salındığını lentə alır. Üstəlik də digər  qətlə yetirilmiş Xocalı sakinlərinin başlarının dərisini  soymuşdular və gözlərini  çıxarmışdılar. Yenə Çingizin kadr arxasında hönkürtüsü eşidilir. Deyir ki, mən birinci çəkilişi edəndə öldürülmüş insanların başının dərisini  soymamışdılar. Bax, indi onların başlarının dərisini  də soyublar. 

Ağır faciədən elə bir Xocalı  sakini, elə bir Xocalı ailəsi yox idi ki, onun  yaxınlarından kimlərsə qətlə yetirilməsin və kimlərsə də  əsir götürülməsin. Əsrin ən böyük faciələrindən biri olan Xocalı faciəsinə əfsuslar olsun ki, nə Avropa ölkələri, nə də ABŞ bir münasibət bildirmədi. Hansı ki insan  hüquqlarından, azadlıqdan və beynəlxalq  hüquqdan dəm vuran bu ölkələr bir erməninin  burnu qanayanda dünyanın altını  üstünə  çevirirlər. Amma Xocalı kimi böyük  faciəyə göz yumdular,  reaksiya vermədilər və hətta  tükləri belə tərpənmədi. Bu nə insanlığa, nə də  yazılmış və yazılmamış  qanunlara  sığan  məsələ deyil.

2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirilən antiterror  əməliyyatı zamanı  Xankəndi, Əsgəran, Xocavənd, Xocalı və erməni işğalı altında olan  bütün yaşayış məntəqələri, şəhərləri, kəndləri, qəsəbələri Azərbaycan Ordusu  tərəfindən  azad olundu. Bu sevincli anları  bütün Azərbaycan  xalqı yaşadı, amma hamıdan çox bu qələbəmizə sevinən doğmalarını, əzizlərini  itirmiş xocalılılar oldu. Ali Baş Komandan, Azərbaycan prezidenti  İlham Əliyev  işğaldan azad olunmuş Xankəndiyə, Xocalıya, Əsgərana, Xocavəndə səfər etdi və orda Azərbaycan  bayrağını  qaldırdı. Cənab Prezident  dedi ki, bu bizim tarixdə ən böyük və yadda qalan  qələbəmizdir. Azərbaycan  tək ermənilərə  qarşı deyil, həm də onların  havadarlarına qarşı döyüşərək  qalib gəldi. 

Əksər ölkələr Azərbaycanın  ərazi bütövlüyünü  tam bərpa etdiyinə görə onu  təbrik etdi. Onlar  bildirdilər ki, Azərbaycan  30 ildən sonra Qarabağda separatizmin kökünü kəsdi və ərazi bütövlüyünü tamamilə yenidən bərpa edərək möhtəşəm bir  tarix yazdı. Amma nə Avropadan, nə də ABŞ-dan bu qələbəmizlə bağlı bir səs-soraq çıxmadı. Daha doğrusu, onlar  Azərbaycanın möhtəşəm   qələbəsini həzm edə bilmir, əksinə, bu qələbəyə kölgə salmaq istəyirdilər. Və bu gün də həmin siyasi xətt o ölkələr  tərəfindən davam edir.

2023-cü ildə Qarabağın rayonları  işğaldan azad olunan kimi böyük quruculuq və bərpa işləri görüldü. O cümlədən qısa müddətdə  Xocalıda yeni  yaşayış məntəqəsi  müasir   tələblərə  cavab verən mənzillər, sosial  obyektlər, məktəblər və tibb məntəqələri istifadəyə verildi. Hər cür infrastruktur yaradıldı.  Bütün binalar işıqla, qazla, suyla təmin olundu. Dünyanın heç bir yerində qısa zaman kəsiyində işğaldan azad olunmuş şəhərdə belə möhtəşəm  quruculuq-abadlıq  işləri görülməyib. Bu dünya təcrübəsində yeganə bir işdir ki, bu layihəni  Azərbaycan  heç bir ölkənin köməyi olmadan  öz gücü hesabına gerçəkləşdirib.

Xocalılılar çox böyük sevinclə, çox böyük fərəhlə geri dönəcəkləri  günü gözləyirdilər. Axır ki, o gün gəldi və o gözəl gündə  onlar Bakıdan  öz doğma ocaqlarına  döndülər. Özü də həmin tədbirdə  Cənab Prezident İlham Əliyev  və birinci vitse-prezident  Mehriban xanım Əliyeva da iştirak edirdi. Onlar xocalılılara öz övladları, öz doğmaları kimi münasibət bəsləyir, yeni mənzilin açarlarını sakinlərə verirdilər. 

Həmin sakinlərdən biri də tanınmış jurnalist, gözəl ziyalı və əsl Azərbaycan xanımı olan Səriyyə Müslümqızı idi. O Səriyyə ki Xocalı faciəsində doğmalarını  itirmişdi, ağır faciələr  yaşamışdı və ömrü boyu yaddan  çıxmayan bir zərbə almışdı. Amma 30 ildə Səriyyə xanım bu dərdə, kədərə dözmüş, tab gətirmiş və Azərbaycan jurnalistikası  sahəsində unikal yazılar qələmə almışdı. O, bir jurnalist olaraq Xocalı  faciəsini, onların haqq səsini  bütün dünyaya çatdırmışdı.  Zəif və kimsəsiz bir xanım  yazarın  güclü iradəsi  bir çoxlarının təbii ki,  içini  silkələmişdi. 

Cənab prezident İlham Əliyevlə görüşündə Səriyyə xanım sevincli anlar yaşadığını  qeyd etdi. Dedi ki, Cənab Prezident, biz Xocalıya qayıtmaqla həm də şəhid doğmalarımızın ruhunu  sevindirdik. Bu sevinci isə bizə siz bəxş eləmisiniz. Bir neçə ayın içində dünyanın heç bir yerində görünməyən tikinti, quruculuq və abadlıq işləri görmüsünüz. Mənim kimi neçə-neçə Xocalı sakininə yeni mənzilin açarını  verdiniz.

Cənab Prezident  və xanımı Səriyyə xanımın da mənzilini  ziyarət elədi, səmimi söhbətlər etdi, bir daha  əməli ilə təsdiqlədi ki, o, hər bir azərbaycanlının prezidentidir. Xocalı sakinlərinin böyük sevincinə səbəb olan o anlar tarixi bir səhifədir və heç vaxt yaddan çıxmayan  məqamlardır. Çünki xocalılılar bu dəfə Vətənə sevinc göz yaşlarıyla döndülər, mənzillərinin açarlarını aldılar və yeni bir ömrün başladığını hiss etdilər. 
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.