adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 Yanvar 2022 13:39
692
ƏDƏBİYYAT

 Yaddaşı yaşatmaq missiyası

Milli-tarixi və ədəbi yaddaşı yaşadan bir məcmuənin yubileyi haqqında                        

    

Məmləkətin fərqli nəşrlərindən sayılan “Yada düşdü” jurnalının 10 yaşı tamam oldu. Və bu on illik özünəməxsus yubiley həm media cameəsində, həm də daha çox ədəbiyyat adamları arasında əməlli-başlı mədəniyyət hadisəsinə çevrildi. İndiki şəraitdə qəzet-jurnal buraxmağın çeşidli çətinliklərini nəzərə alsaq, “Yada düşdü”nün bu yubileyinin əlbəttə, xüsusi mənası vardır. Jurnalın çevrəsində olan dəyərli söz adamları yubiley münasibətilə düzənlənən toplantılarda həmin mənanı gözəl bir şəkildə dilə gətirdilər. Jurnalın şəninə söylənən təriflər, nəşrin qeyri-adi missiyası, onun milli-tarixi yaddaşımıza, ədəbi düşüncəmizə verdiyi töhfələr barədə deyilənlər adi təriflər deyil,  göz qabağında olan gerçəklərdir. “Yada düşdü”nü övladı kimi sevə-sevə yaşadan, nömrədən-nömrəyə cilalayaraq irəli aparan, onu hər addımda peyda olan çətinliklərin məngənəsindən çıxarıb bu günümüzə yetişdirən bizim gözəl şairəmiz Nəzakət Məmmədlinin fədakarlığı haqqında deyilənlər və yazılanlar da danılmaz həqiqətdir.

    “Yada düşdü”nün yubileyi bizi bir çox mətləblərdən ağah edir. Təbii ki, ilk növbədə şüurumuzun alt qatında kök salmış və həm də zaman-zaman “dərgi”, “məcmuə” anlayışları ilə də assosiasiya olunan jurnal kultunu təzələyir. İstər-istəməz yaddaşımızda millətə xidmət nümunəsi kimi qalmış “Füyuzat”, “Molla Nəsrəddin”, “Şəlalə”, “İşıq”, “Məktəb” jurnallarını xatırlayırıq, mətbuat tariximizdəki başqa maarifçi məcmuələri göz önünə gətiririrk. Haqqında danışdığımız “Yada düşdü” də niyyətinə, mövzuzusna, havasına, ruhuna görə bir növ həmin jurnallar sırasında dayana biləcək cazibədar nəşrlərdəndir.

     Bu jurnal bizim unudulmaz yazıçımız, dramaturq və publisistimiz, uzun illər AzTV-də bir yerdə çalışdığımız mərhum Nahid Hacızadənin tövsiyəsi və Nəzakət xanımın təsisçiliyi ilə nəşrə başlayıb. İlk saylarında çap olunan xatirələr dərhal maraq doğurub və ictimai-ədəbi mühitimizə yeni bir ab-hava gətirib. Xüsusən ötən əsrin ikinci yarısında yaşamış ədiblərimizin xatirələri və onların ədəbi düşüncələri oxucu auditoriyası üçün tamamilə yeni maraq dalğası yaratmağa başlayıb. 2016-cı ilə qədər jurnalın baş redaktoru Nahid Hacızadə olub və onun vəfatından sonra Nəzakət xanım bu vəzifənin də ağırlığını öz üzərinə götürüb. O, jurnalın yaradıcı gücünü və cazibəsini artırmaq üçün bu illərdə çox zəhmətə qatlaşmalı olub.

    Əslində yazı kəşf olunanadan bu yana onun əsas məqsədi biliyi, məlumatı yaddaşda saxlayıb yaşatmaq və gələcəyə ötürmək olub. Qayaüstü rəsmlərdən, mixi yazılardan tutmuş, ta kompüter fayllarına kimi hər şey informasiyanı qoruyub saxlmaq və gələcək nəsillərə ötürmək üçündür. Çap sənəti tarixində bu missiya üçün ən ideal nəşr formatı jurnal olub. Fransızlar jurnal formatını Qutenberqin mətbəə üsulunu kəşf etməsindən təxminən 200 il sonra, ilk qəzetlərin çapından isə yarım əsr sonra  dövriyyəyə buraxıblar. O vaxt Paris akademiyası belə hesab edirdi ki, gündəlik qəzetlərdə yazılanlar ötüb keçidir, ona görə də elə bir yazılı nəşr forması tapılmalıdır ki, gərəkli məlumatlar onda toplanıb qalsın, istəyəndə həmin yazını götürüb yenidən oxumaq mümkün olsun. XVII əsrin 30-cu illərində Fransada və Almaniyada meydana çıxan ilk elmi və ədəbi-bədii jurnallar məhz bu missiyanı yerinə yetirirdi. Yüz illər keçsə də, qərinələr dəyişsə də dünyadakı bütün mütərəqqi jurnallar yenə də məlumatı mühafizə edib sabaha çatdırmaq kimi işıqlı bir niyyətə xidmət edir. “Yada düşdü”nün də əsas missiyası budur: xalqın ümumi dəyəri olan milli yaddaşı qoruyub saxlamaq və onu anlaşıqlı bir tərzlə hamının sərvətinə çevirmək! Yəni jurnal bu etibarlı bünövrə üzərində dayanır. 

   Jurnalın çoxsaylı buraxılışlarını vərəqlədikcə onun söykəndiyi bu bünövrəni, elmi dildə desək, fəsləfi-estetik konsepsiyasını dərhal duyursan: bu təlatümlü zamanda sabaha üz tutmuş millət mütləq keçmişinə arxalanmalı, əcdadların yaratdığı bünövrə üzərində möhkəm dayanmağı bacarmalıdır. Yəni keçmiş təkcə yaşanmış tarix,  “bizə qalan xatirələr olacaqdır” üslubunda nostalji deyildir, həm də gələcəyin fundamenti,  onun əsaslandığı mənəvi-ideoloji, siyasi-mədəni və estetik əsasdır. Gələcəyin kodları həm də keçmişdədir və bu yaddaş kodlarını bilmədən irəli getmək mümkünsüzdür. Bizim “Yada düşdü”nün ən böyük xidmətlərindən biri budur.

        Adi insanın da, toplumun və millətin də zünüifadə və özünütəsdiq mənasında ən mühüm mədəni-intellektual göstəricilərindən biri yaddaşdır. Yaddaş olmadan heç bir mahiyyət üzə çıxmaz. Çünki akkumlyativ və mükəmməl fenomen olan yaddaş çoxmiqyaslı və çoxşaxəlidir. Burada adi xatirədən tutmuş geniş elmi-tarixi ümumiləşdirmələrə qədər ən fərqli yanaşmalar özünü göstərir.  “Yada düşdü” bütün bu miqyası və elementləri əhatə etməyə, tarixin olub keçənlərini ədəbi-ictimai rakursdan işıqlandırmağa çalışır. Jurnalın qısa müddətdə populyarlaşmasının bir səbəbi də budur.

Xalqın yanında olmaq, onun ruhunu duyub ifadə etmək, ictimai-siyasi və elmi-bədii düşüncəsini yazıya köçürmək, min illərdən bəri formalaşmış milli-tarixi və ədəbi yaddaşını qələmə alıb gələcəyə daşımaq həmin xalqa xidmət etmək, onun varlığı ilə nəfəs almaq deməkdir. Xalqın dilini, mədəniyyətini, düşüncə enerjisini yaşatmaq deməkdir, çünki xalq əsas istinad nöqtəsidir, gücdür, mənəvi-ruhi enerjinin mənbəyidir. Türkçülük idologiyasının əsasını qoymuş Əli bəy Hüseynzadənin dahiyanə kəlamını xatırlayaq: “top  yerə nə qədər bərk  dəyərsə, bir o qədər yüksəyə qalxar”. Yəni biz yüksəklərə qalxmaq üçün mütləq daha dərinlərə baş vurmalıyıq. Xalq düşncəsinin dərinliklərinə baş vurmadan irəli getmək mümkünsüzdür. Həmin dərinliklər isə xalqın yaddaşındadır. “Yada düşdü” jurnalı 10 ildir ki, bizi həmin yaddaşın çığırları ilə işığa doğru aparır.

    

“Yada düşdü” jurnalının uğuru təkcə rəngarəng yazıların məzmununda deyil, həm də ciddi maraq doğuran müəlliflərindədir. Jurnalın səhifələrində hər mövzuda yazılar sayrışır, milli, fəlsəfi, estetik materiallar nəzərə çarpır,  xalqımızın tarixi yaddaşı, Ana dilimiz, mədəniyyətimiz,  ədəbiyyat və incəsənət tariximizə aid mövzular aparıcı xətt kimi görünür. Yaxşı cəhətdir ki, jurnalda  Cənubi və Şimali Azərbaycan birliyi ideyası var, yazılarda bütün türk dünyasının birləşməsi – xəyali də olsa bir turançılıq ideyası var.  Bu yazıların hamısı biz kimik, kim olmuşuq, hardan gəlib, hansı gələcəyə gedirik kimi milli-fəlsəfi suallara mükəmməl cavab verir. Yazanlar da Nahid Hacızadədən tutmuş, Nəzakət Məmmədlinin özü, Nəriman Həsənzadə, Fikrət Qoca, Ramiz Rövşən, Seyran Səxavət, Vaqif Yusifli, Maarifə Hacıyeva, Barat Vüsal, Şəmistan Nəzirli, Əsəd Cahangir kimi parlaq imzalardır.

   

Bütün bu dediklərimiz sübut edir ki, mövcud olduğu bu 10 il ərzində “Yada düşdü” jurnalı bir milli düşüncə antologiyası kimi cəmiyyətimizdə hamının ruhunu və zövqünü oxşayacaq nəşrə çevrilib. Biz mətbuat tariximizdə öz yeri olan bu dəyərli söz və düşüncə abidəsini yaradıb yaşadanları yubileyləri münasibətilə təbrik edir,  milli-tarixi yaddaşı yaşatmaq missiyasında uğurlar diləyir və ışıqlı yollarını daha böyük inamla davam etdirmələrini arzulayırıq.

                                                                 

                                                         

Prof. Qulu MƏHƏRRƏMLİ