Əbülfət Mədətoğlu: Gözlərim...
( Bir Qadına...)
Mənim gözlərimin xöşbəxt günüdü -
Görüb gözlərini, güldü gözlərim...
Bir anda dibinin buzu əridi -
Gördü önündəki güldü, gözlərim!
Dağıldı buludlar, çəkildi çən də
Bir gənclik sevgisi kükrədi məndə!
Günəşin özünü görəndə səndə -
Kipriklər bir-birin sildi, gözlərim!
Bu sevgi Allahdan elə bir pay ki,
Onu Leyli kimi aləmə yay ki...
Gözümə baxaraq, telini say ki,
Deyən olmasın ki, lildi, gözlərim...
Hər gün həsrət çəkib, hər an sıxılan
Araza boylanıb , Kürə sığınan...
Hətta ruhuna da yollar tıxanan -
Əbülfət demədi, Nildi, gözlərim!


Bakı -°C

