YAZIÇI SÖZÜ VƏ OXUCU ETİRAFI - Səlbi Baxış

Şəhərə çıxmışdım. Bir köşkün önündən keçirdim. Rəflərdə dəstələnib düzülmüş qəzetlər nəzərimi cəlb etdi. Ayaq saxlayıb köşkə yaxınlaşdım. İlk öncə “Ədalət” qəzetini əlimə alıb vərəqlədim. Qəzetin səhifələrinin birində iri qara həriflərlə yazılmış “Cələ” (13.09.2024.) adlı hekayə diqqətimi özünə cəlb etdi. İmzaya baxdım. Hekayənin müəllifi tanınmış yazıçı-publisist Fazil Sənan idi.
Bu imza mənə çoxdan tanış idi. Yazıçının əsərlərini oxumuşdum. Əsərlərində baş vermiş hadisələr həmişə reallığa söykənir. Müəllifin əsərlərində həyatda baş verən hadisələri işıqlandırması bir oxucu kimi həmişə mənim də marağıma səbəb olurdu. Qəzetin pulunu verib aldım və aparıb evdə oxumağa səbrim çatmadı. Elə oradaca yaxınlıqdakı oturacaqların birində əyləşib hekayəni oxumağa başladım. Hekayə o qədər maraqlı idi ki, inanın bir nəfəsə oxudum.
Hekayənin başlanğıcında ana ilə qızın dialoqunda yazıçı Azərbaycan ailəsinə xas olan bir xüsusiyyəti canlı, real və sadə dildə oxucuya çatdırır. Tahirə ana da başqa analar kimi qızı Günəşin taleyindən çox narahatdır. Qızının yaşıdları çoxdan ailə-uşaq sahibi olmuşdular. Günəş isə bu haqda heç belə fikirləşmək istəmir. Qonşu Əsmər arvadın Günəş haqqında söylədiklərini eşidəndən sonra Tahirə ana çox narahat olur. Sözünün sonunda “Mən olanı dedim Tahirə. Bir ana kimi get papağını qoy qabağına, yaxşı-yaxşı fikirləş, gör bu qoca Əsmər düz deyir, yoxsa yalan” deməsi istər-istəməz ana kimi Tahirənin içinə şübhə toxumu səpir. Şübhədən xilas olmaq üçün Günəşlə söhbət etməyi fikirləşir. Bu məqsədlə qızını yanına çağırır. Söhbət əsnasında ana kimi qızının ailə qurmamasından narahat olduğunu deyir. Ana qonşu arvadların “Günəşi istəyən yoxdur?”, “Günəş nə yaxşı ərə getmir?”, bu kimi suallarına artıq cavab verə bilmirəm deyir. Hətta Əsmər kimiləri Günəşin haqqında şübhəli dedi-qodular söylədiyini də deyir. Tahirənin “Bir ayağım gora titrəyir. Mənim dərdim bir sənsən. İstəmirəm öləndə gözüm açıq qalsın” deməsi özünü kövrəltməklə bərabər, qızını da kövrəldir. Lakin Günəşin anasına inamlı cavabı, anasına hiss olunmayan bir sevinc bəxş etməsiylə yanaşı onun xarakterinin görünməyən bir tərəfini də oxucu gözündə böyüdür.
– “Ana arxayın ola bilərsən, sənin qızının əlinə bir oğlanın əli də dəyməyib. Ana mən sevmədən sevilmədən ailə qura bilmərəm. Əsmər kimi arvadlar nə düşünür, düşünsün, onların öz işləridir. Mən o oğlanla ailə quracam ki, hara baxsa, ancaq məni görsün, məni düşünsün, məni göydən enmiş mələk hesab etsin və qəlbimə, ruhuma hakim olsun. Ana bu söylədiklərimin adı sevgidir. O hiss, duyğu ilahi tərəfindən göndərilir. Heç özündə bilmədən görürsən ki, onsuz darıxırsan, dinclik tapa bilmirsən. Ona qovuşmaq üçün hər şeyindən keçməyə belə hazırsan.
– Nə deyim qızım. Sən elə danışdın ki, daha sənə deməyə sözüm qalmadı. Təki Allah o sevgi dediyin bəlanı sənə tez göndərsin. Mən də ana kimi dünyadan rahat köçüm.
Tahirə ananın doğru narahatçılığı hekayənin ana xəttini təşkil edir. Hər bir ana kimi qızının taleyi onu da düşündürür. O istəyir ki, balasının xoşbəxt olduğunu gözü ilə görsün. Yaşlı qadındır, dünya ölüm-itim dünyasıdır. Ancaq qızının doğru cavabının qarşısında susmalı olur. Sonda hər şeyi Allahın ətəyinə atır və Allahına sığınır.
Günəşi isə heç nə narahat etmir. O, öz təhsilində, işində-gücündə həyatına davam edir. Qonşuların dedi-qodusuna da etinazsız yanaşır. Həmişəki kimi qonşular sözdən-söz çıxartmağı xoşlayırlar. Oturub onun-bunun dalınca daş atırlar. Ona görə də Günəşi çox maraqlandırmır qonşuların “nə deyər” sözü.
Amma nədənsə anasının bu sözləri Günəşi ailə qurmaq haqda fikirləşməyə vadar edir. Emini xatırlamalı olur. Sonda yazıçı onların bir araya gəlməsini ustalıqla qələmə almışdır. Hekayədə maraqlı bir detal mənim diqqətimi cəlb edir. Qaraçı qızının fala baxması. Belə bir deyim var “Fala inanma, faldan da qalma”. Günəşin təsadüf nəticəsində bir qaraçı qızı tərəfindən fala baxdırması yadda qalan bir süjet xəttidir. Şərti olaraq hekayəni iki hissəyə bölmək olar. Birinci hissədə Tahirə ananın keçirtdiyi narahatçılıq hisləri, ikinci hissədə qaraçı qızının fala baxması və Günəşin içində Eminə qarşı olan xırda közərtinin alovlanması. Qaraçı qızının bir-iki sözü düz deməsi və Günəşdə maraq oyatması yazıçının böyüklüyüdür. Yəni burda Fazil Sənan fala baxdırmağın əleyhinədir. Falçıların insan psixalogiyasına nə qədər sürətlə təsir etdiyini bildirir. Onsuz da insan taleləri bir-birinə çox bənzəyir. Falçılar da bundan istifadə edərək insanların mədəni şəkildə cibinə girir və onları özlərindən asılı vəziyyətdə saxlayırlar. Əlbəttə ki, hər şey Allahın əlindədir. Allahın yazdığını heç kim poza bilməz. Bir baxın Günəşlə qaraçı qızının dialoquna.
– Bir dayan görüm.
– Sən məni hardan tanıyırsan?– deyən Günəş qəfil qaraçı qızının sözünü kəsir.
– Mən sizi tanımıram. Birinci dəfədir sizi görürəm, – deyən qaraçı qızı Günəşin əlini əlinə alıb ovcunun içindəki xətləri sığallaya-sığallaya sözünə davam edir.
– Xanım, taleyinizdə bir oğlan var. Çox yaxşı oğlandır. Yaxınlarda tanış olmusunuz. İlk tanış olduğunuz andan oğlan sizə vurulubdur. Siz bunu hiss edirsiniz, amma etinasız yanaşırsınız. Yaxın günlərdə oğlanın cələsinə düşəcəksiniz.
– Dayan bir, nə dedin? Başa düşmədim.
– Cələ sözünü deyirsiz? – deyən qaraçı qızı məsələyə aydınlıq gətirdi.
– Xanım, ovçular yaxşı, xoşa gələn quşları tutmaq üçün quşun yuvasının ağzında möhkəm ipək sapdan kiçicik tora bənzər bir şey qururlar. Quş yuvasına qayıdanda, yaxud yuvasından çıxanda həmin tora düşür. Həmin tora cələ deyirlər.
– Xanım, yaxın günlərdə həmin oğlanın cələsinə düşəcəksiniz və xilas ola bilməyəcəksiniz. Çünki o, sizi bütün varlığı ilə sevir. Sizdə onu sevəcəksiniz. Eşidən – bilən sizin sevginizə həsəd aparacaqdır”.
Ondan sonra bu sözlər Günəşin yaddaşının bir küncündə ilişib qalır və həmin söz içində bir ümid işığı yandırır. Fala inanmayan Günəş artıq qaraçı qızının dediyi “cələ” sözünün qeyri-iradi uzaqda görünən ümid işığına doğru addımlayır. Artıq Günəş həmin ümid işığında istər-istəməz hansısa duyğunun təsiri ilə Emini axtarır.
Fazil Sənan aşağıdakı epizodu çox ustalıqla qələmə almışdı. Mən deyərdim ki, afərin! Günəşin yenidən Eminlə görüş səhnəsinə baxın. “Qızın titrəyən əlini ovcunda saxlayan Emin gözlənilmədən Günəşi özünə tərəf çəkib pörtmüş yanağından öpərək, “bir daha səni təbrik edirəm” – dedi.
– Günəş incimiş halda, “nə iş görürsünüz, görən olar” – dedi.
– Görsünlər də, bəs təbrik necə olur?- Emin güldü və qızın üzünə çökmüş həya qızartısını görərək, belə bir qızla qarşılaşdığı üçün qürurlandı.
Yaxşı, bir şey xahiş edim, - Emin baxışlarını ondan yayındıraraq yerə baxan Günəşə dedi:
– Yoxsa bəs eləmədi? İndi könlündən nə keçir? Utanmayın nə istəyiniz varsa, söyləyin, ürəyinizdə qalmasın. Bir də belə imkan əlinizə düşməyəcək, – deyən Günəş kinayəli şəkildə incikliyini bildirdi.
– Heç nə istəmirəm. Xahiş edirəm, düz gözlərimə baxın.
– Bu nəyə lazımdır? Tanıyan, bilən görər.
– Baxışların yadımda qalsın.
Qız özündən asılı olmayaraq uzun qara kirpiklərini qaldırıb qara gözlərini Eminin ona zillənən gözlərinə dikdi. Atəşli baxışdan içinə süzülən anlaşılmaz duyğular getdikcə bütün varlığını sarmağa başladı.
Təsadüfən yenidən qarşılaşma səhnəsini oxuduqca yazıçının ustalığına heyrətimi gizlədə bilmədim.
Fazil Sənan adi detalların təsviri zamanı oxucunu nigarançılıqda saxlamaqla bərabər, həmçinin maraq oyatmağı da məharətlə bacarır. Oxucu bir anlığa özünü unudur və bir də onda özünə qayıdır ki, hekayənin cələsinə düşübdür.
Eminin ovucu içərisində Günəşin əlinin titrəməsi, gözlənilməz öpüşdən yanaqlarının qızarıb pörtməsi və utanaraq başını aşağı salaraq “donması” epizodu isə yazıçı hekayənin əvvəlində qızının anasına söylədiyi “Ana, arxayın ola bilərsən, sənin qızının əlinə bir oğlanın da əli dəyməyib” fikrinin təsdiqi kimi səslənir. Və yazıçı baş qəhrəmanının təmiz olmasını bildirməklə yanaşı, oxucusunda ona qarşı rəğbət oyadır.
Eminin xahişinə qarşı Günəşin – "Yoxsa bəs eləmədi? İndi könlünüzdən nə keçir? Utanmayın, nə istəyiniz varsa söyləyin, ürəyinizdə qalmasın" söylədiyi kinayəli cavabın içərisində həssas oxucu sevən ürəyin döyüntülərini eşidir. Günəş təbəssümlə Eminin gözlərinə baxdı və bununla da cələyə düşdü. Çünki o gözlərin dərinliyində öz əksini gördü.
Hörmətli oxucu yazının başlığının birinci tərəfi (yazıçı sözü) haqqında öz mülahizələrimi sizinlə bölüşdüm. Qaldı ikinci tərəfi (oxucu etirafı) haqqında fikirlərimi bildirmək daha doğrusu etirafımı bildirmək.
Yazının əvvəlində qeyd etmişdim ki, qəzeti alan kimi evə getməyə səbrim çatmadığı üçün yaxınlıqdakı oturacaqların birində oturub hekayəni oxumağa başladım. Və Günəş kimi mən də cələyə düşdüm. Günəş Eminin cələsinə, mən isə Fazil Sənanın yazdığı hekayənin cələsinə düşmüşdüm. Birdə onda özümə qayıtdım ki, uzun illərdi unuda bilmədiyim məhəbbət ağrılarımı etiraf edirəm və etiraflarımı qara qələmlə qeyri-ixtiyari ağ kağıza köçürürəm. Bir anlığa duruxdum və fikirləşdim ki, bu nə ilə bağlıdır? Özlüyümdə belə qənaətə gəldim ki, mənim bu etirafım Fazil Sənanın yaradıcılığı ilə tanış olmağımın təsirindən qaynaqlanır. Yazıçının yaradıcılığından qırmızı xətt kimi keçən məhəbbət mövzusu reallığa söykənərək həyati səslənməsində hər bir oxucu heç olmasa öz ömür yolunda yaşadığı və qovuşa bilmədiyi sevgi səadətinin bir parçasını görə bilər. Əvvəlcə istədim yazdığım etirafımı pozam. Lakin “Cələ”nin mənə zillənən “baxış”larının dərinliyində məhv olmuş arzularımı və gecənin zülmətində tökdüyüm göz yaşlarımı gördüm. Pozmağa əlim gəlmədi və onu oxucularla bölüşməyi qərarlaşdırdım.
Əslində mən də fala inanmıram. Təkcə Allahın varlığına inanıram. Yazıya, qismətə inanıram. Ən böyük sevgiyə inanıram. Çünki sözü gedən o, böyük sevgini mən yaşamışam. Gecəmi, gündüzümü əlimdən alan bir sevgini.
Sevmişəm. Lakin acısını da çox çəkmişəm. Qəlbim yanıb kül olub, qırılmışam, sınmışam. Hələ də o yaralarım sağalmayıb. Hər dəfə xatırladıqca göz yaşlarımı saxlaya bilmirəm. Ürəyim yanır, alovunu isə ulu Tanrıdan başqa heç kim görmür. Məni Allahımdan başqa kimsə güclü sevə bilməz. Hər zaman o yanımda olub, məni tək-tənha qoymayıb. Çox şükür Allahımın varlığına. Elə gün olub ki, balıncım yaş olub. Yuxuda ağlamışam. Ayılanda özümdə məəttəl qalmışam “balıncım niyə sudu” demişəm. Sonradan xatırlamışam ki, gecə ağlamışam. Kiminsə bəsirət gözü açıq olsa qəlbimdəki yaraların hələ də suluq olduğunu görər.
Xəyanət məni yerdən-yerə vurdu. Xəyanət məni nə qədər döydüsə də bir o qədər də məni bərkitdi. Qəlbimi daşa döndərdi. Həyatdan dərs almağı öyrətdi. Hər kəsi eyni arşınla ölçməyə başladım. Ayağımı yerə bərk basdım ki, hər əsən külək mənə güc gələ bilməsin.
Mən də qadınam axı. Mənim də sevmək, sevilmək, qayğıya ehtiyacım var. Həyat dolu biriyəm. Amma inamsızlıq həyata olan baxışımı çox dəyişib. Ürəyimin qapısını elə bağlamışam ki, daha heç kimin gücü çatmaz onu açmağa. Ora heç kimi buraxmaram. Dırnaqarası sevənlər çox olsa da, o dünyamı bir daha kiminsə yenidən yıxmağına icazə vermərəm. Çünki yeganə öz sevgimdi əlimdə qalan.
Hərdən içimdə bir səs onu öldür deyir. Çox çalışdım öz sevgimin qatili olum, amma bacarmadım. Bəlkə buda Allahın bir lütfüdür. O qoymadı. İrəlidə məni nə gözləyir bilmirəm. Çox şükür ki, öz sevgimi hər kəsdən gizlədərək ürəyimin dərinliyində qoruyub saxlaya bilmişəm. İnanmıram kimsə onu oradan dartıb çıxarda bilə. Bunun üçün heç kimin nə gücü, nə də səbri yetər. Yolumun üstündə çox cələlər qurulub. Hamısını yırtmışam. Çünki çürük sapdan toxunulub. Onlar gözü ilə sevənlər, ötəri şəhvət hislərini doydurmaq arzusunda olanlardı. Sevənlərin çoxu məqsədli sevir. Arvadı olsun, uşaq doğsun, yurdu boş qalmasın , yaxud əylənmək, kef çəkmək, dünya beş günlükdü arzusu ilə yaşayanlardı.
Günəşin dediyi kimi burda mənim arzuladığım ülvi məhəbbətdən söhbət gedir. Günəş kimi mən də ülvi məhəbbəti, saf sevgini, təmiz hisləri, duyğuları İlahi öz tərəfindən göndərməlidir deyə düşünürəm. Heç özündə bilmədən görürsən ki, qeyri-ixtiyari onsuz darıxırsan, gözünün önündən surəti getmir, ona qovuşmağa tələsirsən. Bax, onda Fazil Sənanın dediyi o cələyə düşmüş olursan. Cələyə düşmək həqiqi sevginin, əsil məhəbbətin xəbərdarlığıdır.
Fikrimcə hekayədə yazıçı Fazil Sənanın gəncliyə tövsiyəsi məhəbbətlə əylənmək yox, məhəbbətə ülvi bir hiss kimi yanaşılmalıdır. Hansı ailənin bünövrəsi təmiz, saf və məqsədsiz sevgi üzərində qurulursa, həmin ailə ömürlük sözsüz-söhbətsiz olur. Belə ailədə doğulan uşaqlar da xoşbəxt yaşayırlar.
Cələyə düşmədən qurulan ailə uzunömürlü olmur. Belə ailədə doğulan uşaqların taleyi ürək göynədən və gözyaşardıcı olur. Gündən-günə boşanmaların sayının artması ürək ağrıdıcıdır. Bu ürək ağrısını isə çəkən günahsız doğulan körpələrdi.
Bu hekayədə isə əsil sevginin gözəlliyindən, insan ruhunu tərpədən məhəbbətdən bəhs olunur. Qismət qaçılmazdır. Geci-tezi o özü səni gəlib tapır. Qoy sevən ürəklər heç vaxt acı çəkməsin, xoşbəxt olsunlar!
Var olun Fazil müəllim. Sizə yaradıcılıq uğurları arzu edirəm. Yazın-yaradın. Gənclərimizi yeni-yeni hekayə, povest və romanlarınızla sevindirməyi arzulayıram.
15.09.2024
Digər Xəbərlər

Şövkət Zərin Horovlunun “Axırıncı gediş” romanı haqqında…- Mənzər Niyarlı yazır

"Ulduz"lu görüşlər"in növbəti qonağı Azər Turan olub - FOTOLAR
jpg-1744439969.jpg)
19 yaşına 28 insanı ölümdən qurtaran igid: Rahib Məmmədovun xatirə gecəsi
