adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Yanvar 2024 09:00
8635
LAYİHƏ

YURD YERİ ŞİRİN OLUR

Deyirlər ki, dünyada Vətəndən və anadan şirin heç nə yoxdur. Təbii ki, bu fikrin səmimiliyinə heç kəs şübhə eləyə bilməz. Ən azından ona görə ki, kimsə elindən-obasından, evindən-eşiyindən çox yox, bir ay, iki ay uzaq düşəndə darıxır və el dilində demiş olsaq, evi üçün burnunun ucu göynəyir. Yəqin ki, bu hissləri çoxlarınız yaşamısınız və keçirmisiniz. 

Baxanda görürük ki, 30 il ev-eşiyindən, kəndindən ayrı düşmüş insanlar hansı müsibətləri və çətinlikləri yaşayıblar. Bu müsibətlər və çətinliklər heç də həmin insanlar üçün asanlıqla keçməyib. Çünki Vətən dərdindən, yurd yeri həsrətindən çoxlarının ürəyi tab gətirməyib və partlayıb. Bir milyondan çox qaçqıın və məcburi köçkün aydındır ki, hamıdan çox Vətən və yurd yerinin həsrətini çəkiblər. Əlbəttə, bütün bunlar bayaq dediyimiz kimi heç də təsirsiz və izsiz ötüşməyib. Başqa sözlə emiş olsaq, qaçqınlıq hər bir məcburi köçkünün həyatında ağrılı-acılı və sağalması çətin olan yaralar qoyub. 
Və nə yaxşı ki, 2020-ci ilin sentyabrın 27-dən noyabrıın 10-a qədər davam edən İkinci Qarabağ savaşı oldu. Bu savaş nəticəsində işğal altında olan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Laçın, Kəlbəcər rayonları işğaldan azad edildi. Həmin yaşayış yerlərinin işğaldan azad edilməsi o demək idi ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Ordumuz xalqımızı 30 illik Vətən həsrətindən xilas etdi. Üstəlik də xalq da bu ağır günlərdə Ali Baş Komandanın və Azərbaycan Ordusunun yanında oldu. Bir daha təsdiq edildi ki, xalq və dövlət bir olanda ölkəmizə heç bir yadelli zərər toxundura bilməz. Əksinə, dərsini alar və ibrət götürər. 

Bax beləcə, torpaqlarımız işğaldan azad olunandan sonra, 30 il Vətən həsrətiylə yaşayan minlərlə sakin öz doğma ocağına dönüş etdi. Bu dönüş Zəngilanda, Laçına, Füzulidə və eləcə də digər azad olunmuş rayonlarda başladı. İlk dəfə dönüş edən Zəngilanın Ağalı kəndinin sakinləri oldu. O sevinci, Vətən yurdunun duyğularını öncə onlar hiss etdilər. Hiss etdilər ki, doğrudan da ikinci dəfə Vətən dönmək nə qədər xoşbəxtlik imiş. Onlar bu xoşbəxtliyi təsəvvür belə edə bilmirdilər. Amma təsəvvür edə bilmədiklərini onlar Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun qələbəsiylə bu sevinci yaşadılar və gördülər. 

Bu sevinci yaşayanlardan bir neçəsini mən də yaxşı tanıyıram. Artıq Füzuli şəhərinə 3-cü dəfə köç karvanı gəlib və onların hər biri dövlətimiz tərəfindən inşa edilmiş və istifadəyə verilmiş yaraşıqlı mənzillərdə yaşayırlar. Natiq Məmməd oğlu Əliyev də Füzuli şəhərinin yeni köçmüş sakinlərdən biridir. Natiq qardaşımız deyir ki, mən düz otuz il Füzuli həsrətiylə yaşamışam. Amma heç vaxt ümidimi üzməmişəm. Düşünmüşəm ki, nə vaxtsa geri dönüş edəcəyik. Qaçqınlıq dövründə gecələr Füzuli yuxuma girirdi. Yuxudan qalxıb hönkür-hönkür ağlayır və bunu balalarıma bildirmirdim. Çünki onlar görərdi ki, mən ağlayıram, pis olardılar. Ona görə ki, valideynin ağlamağını görən övlad çox ümidsiz olur. Amma mən onlarla söhbət edəndə həmişə təsəlli verirdim və bildirirdim ki, darıxmayın, hər bir qaranlıq ömrün işıqlı anları da olur.

Təsəlli verməyimə baxmayaraq, uşaqlarım darıxırdı. Onların ikisi beş-altı yaşı olanda Füzulidən çıxmışdıq. Geri qayıdanda, birinin 35, digərinin 36 yaşı vardı. Özü də deyim ki, onlar İkinci Qarabağ uğrunda gedən döyüşlərdə iştirak ediblər. Tək mənim deyil, yaxın qonşularımın bir neçə övladı da İkinci Qarabağ döyüşündə ermənilərə qarşı qəhrəmancasına vuruşub, şəhid olanlarımız da var. Allaha and olsun, onların heç birini tək qoymuruq. Üstəlik də bu gün biz bu torpağa qaytımışıqsa, şəhidlərin və qazilərin qanı hesabına geri dönmüşük. Bütün daşlarda, qayalarda, otlarda, çəmənlərdə, çiçəklərdə onların ətri hiss olunur. Hətta bizim yaşadığımız bu mənzillərdə belə şəhid ruhları dolaşır. Hər səhər yuxudan qalxanda «Məngələnata» yüksəkliyinə  baxıb, şükür eləyirəm, deyirəm ki, İlahi, nə yaxşıı ki, Ərgünəşi, Məngələni, Köndələni görməyi bizə qismət elədin.

Biz o dağlara, o göllərə, o yüksəkliklərə baxıb sevinirik və eyni zamanda o yerlərən şəhidlərimiz və qazilərimizin ətrini, qoxusunu hiss edirik. Hiss edirik ki, Vətən uğrunda həlak olan bu qəhrəmanların ruhları yurd yerində dolaşır.

Müəllim, onu da deyim ki, Füzuli şəhərinin indiki görkəmi də bizə çox xoş gəlir. Yəni müasir üslubda tikilən yaşayış binaları, sosial obyektlər və digər infrastrukturlar burada gözəl bir şəhər aurası yaradıb. Hər şeydən öncə Füzulinin havası elə əvvəlki havadı, ciyərinə çəkirsən, sənə ləzzət eləyir. Bir şeyi də deyim ha, bizim adamlar çox zəhmətkeş və halal insanlardırlar. Yəni, çörək qazanmağın yolunu tapmağı bacarırlar. Gəlişimizin müddəti bir o qədər də çox olmasa, amma bir rahatlığımız, bir sakitliymiz və bir dincliyimiz var. İndi baxıram ki, hamı bir-birinə əvvəlkindən daha mehribandır. Bilirsiz, niyə? Çünki biz gördük ki, Vətənsizlik, qəribçilik, yurdsuzluq nə deməkdir. Bax, indi ona görə də Füzuli şəhərinə qayıdan minlərlə sakin bir-birinə can deyib, can eşidirlər. Mən öncə bu şəraitə görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkür edirəm. Çünki o, Füzuliyə qayıdan sakinlərlə görüşdə də bizimlə çox səmimi söhbət etdi.

Biz onu həyatda görməmişdik. İlk dəfə gördük və elə bildik ki, ən yaxın doğmamız və əzizimizdir. İnsan da bu qədər sadə və səmimi olarmı? Şəxsən biz, Füzuli rayonunun sakinləri 7 fevralda - Prezidentliyə seçkilər günündə İlham Əliyevə səs verəcəyik. O, bizim əbədi və əzəli Prezidentimizdir! Gözümüzün yaşını silib, arxa durub və ən nəhayət, işğal altında olan torpaqlarımızı azad edərək, bizi yurdumuza qaytarıb. Belə bir dünya şöhrətli və xalqını sevən Prezidenti yenidən seçməməkmi olar?! Biz həmişə göydə  Allaha, yerdə İlham Əliyevə güvənmişik. Ümumiyyətlə, bizim ağır günümüzdə, qaçqınlıq dövrümüzdə ən böyük arxa duranımız Ulu Öndər Heydər Əliyev olub. Ondan sonra isə qayğımızı, çətinliyimizi və əzab-əziyyətimizi Prezident İlham Əliyev çəkib. Biz də ömrümüz boyu bu sevgini, bu zəhməti və bu qayğını yadımızdan çıxaran deyilik. Çünki bizim həyatımızda Günəş yenidən doğub və o günəşin istisini həmişə hiss etmək istəyirik.                                                  

 

Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.