"Yuyulmamış çömçə"nin təşvişi - Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
215 | 2025-08-08 13:52

Bir neçə gündür, dünya ictimaiyyətinin diqqəti Vaşinqtonda görüşəcək Azərbaycan və Ermənistan prezidentlərinə yönəlib. Bu günlər ərzində vəzifəsindən, tutduğu mövqedən, siyasi partiyalılığından, ictimai çəkisində asılı olmayaraq hər kəs bu görüşü öz bilgi və dünyagörüşünə əsasən dəyərləndirir.


Dünya mediası bir mənalı olaraq bundan yazır.
Səhər-səhər saytları oxuyarkən qəflətən ağlıma əcaib-qərayib bir fikir gəldi: Nə əcəb indiyənə qədər Azərbaycan və Ermənistan arasındakı ən xırda detallara münasibət bildirən, hər bir söhbətin içindən "yuyulmamış çömçə"kimi çıxan
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin müavini Konstantin Zatulin münasibət göstərməyib?
Erməni mediasına üz tutdum, nə görsəm yaxşıdır?


Ermənistanın qapıları 3 ildir üzünə bağlanmış Zatulin yenə Paşinyanı, sətirltı isə Azərbaycanı asıb-kəsir.
O TASS-a bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında ABŞ-da keçirilən görüş çərçivəsində planlaşdırılan razılaşmalar rəsmi Yerevanın maraqlarına uyğun gəlmir.
Yanında "ə niyə bala, niyə uyğun gəlmir? Məğlub dövlətdir də, nə deyilirsə, onu da etmək məcburiyyətindədir də" deyən olmadığı üçün "çömçə"liyini davam etdirir: "Əlbəttə, bu, Ermənistan üçün heç bir şəkildə faydalı ola bilməz, çünki Paşinyan, milli maraqlar baxımından düşünmür. O, Ermənistanı və özünü Qərb dünyasına inteqrasiya etməyə çalışır, eyni zamanda, milli maraqlardan imtina edir. Bu, təbii ki, Azərbaycan və Türkiyənin maraqlarına uyğundur".

Rusiya parlamentarisi qeyd edir ki, sülh yolu ilə nizamlanmaya vasitəçiliyin qiyməti “Zəngəzur dəhlizi”nin ABŞ-ın nəzarətinə verilməsidirsə, bu, Rusiya və İran üçün təhlükəyə çevriləcək:"Bu, əlbəttə ki, ABŞ-ın və müəyyən dərəcədə İsrailin də maraqlarına uyğundur, çünki “Zəngəzur dəhlizi” və Azərbaycanla Türkiyənin birləşməsi təbii ki, təkcə bizi deyil, İranı da təhdid edir”.

Yeri gəlmişkən Böyük Britaniyanın “The Guardian” qəzeti yazır ki, Azərbaycanı Ermənistan vasitəsilə Naxçıvana birləşdirəcək “Beynəlxalq Sülh və Firavanlığa aparan Tramp marşrutu”nun nəhayətdə dəmir yolu, neft və qaz kəmərləri, eləcə də fiber-optik kabel xətləri daxil olacağı və malların və insanların daşınmasına imkan verəcəyi gözlənilir .
Bu əslində Rusiyanın 300 illik əsarətindən qurtulmağın ən real yoludur. Səni də Rusiyanı da, İranı da məhz bu qorxudur.

TƏQVİM / ARXİV