adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

NARSİS ƏFSANƏSİ KİMİ

MƏZAHİR ƏHMƏDZADƏ
42723 | 2017-05-26 17:10
 Qəzet işçisi, jurnalist adını daşıyan şəxs yaradıcı olmalıdır və təbii ki, normal səviyyədə yazılar hazırlamalıdır. Bu, necə deyərlər, jurnalistikanın anatomiyasıdır. Mətbuat bu istiqamətdən inkişafda olur, yazarların peşəkarlıq kvalifikasiyası buradan qidalanaraq formalaşır. Bəli, bu çox vacib məsələdir. Başqa sahələrdə olduğu kimi, jurnalistikada da ixtisaslaşma mühüm şərtdir. Hər kəs bildiyi sahədən yazsa yaxşıdır. Dəb və görüntü xətrinə yazılan naşı məqalələr qəzetin nüfuzuna təsir etməklə yanaşı, oxucular üçün də müəmma yaradır. Belə olan halda isə, təbii ki, o qəzetin abunəsi, satışı, oxucusu da tədricən azalaraq...

Nə isə. Adam öz gücünə, dünyagörüş və səviyyəsinə uyğun gəlməyən janr və mövzuya girişərək bir şeylər qaralayır. Sonra başqalarından soruşur ki, oxudunmu, necədir? Oxuyan da, oxumayan da onillərlə bələd olduğu bu yazarı yarı ciddi-yarı ironik şəkildə tərifləyib göylərə qaldırır. Belədə eyforiya ironik şübhələri üstələyir və adam əbədi olaraq eləcə göylərdə qərarlaşır. Necə ki, bir vaxtlar iki məşhur və mərhum dostlarımız - Vidadi Məmmədov və Nadir Cabbarlı Sabir adlı bir feldşeri qara yumorla çələngləyərək onu böyük şair, ovaxtkı Suren Osepiyan küçəsindəki dəlixanaya bitişik mənzilini isə ədəbiyyat ocağı elan etmişdilər. Əslində isə bu ev 99,99 faiz içki və qumar məclislərinə qucaq açar, yerdə qalan hissəsində isə Sabir Sadiqin "əsərlərinin konseptual müzakirələrinə" şahidlik edərdi. Təbii ki, "şairin" başa düşmədiyi ədəbi-fəlsəfi terminlərlə. Yoxsa bir dəfə "konsepsiya" sözünə görə Vidadinin fitvası ilə əsəbiləşən şair Nadir Cabbarlının başına tərəf butılka tolazlamazdı ki.

Əziz dostum, çox da dərinlərə getmək istəmirəm, petrola nə ehtiyac? Deyirəm birdən özümü saxlaya bilməyib səmada taxt-tac quraraq oradan bizə durbinlə baxan o "narsisizim məhsullarının" adlarını çəkərəm, aləm qarışar bir-birinə. Boş verək getsin, elə deyilmi? Ondansa yazımı əvvəllər qələmə aldığım bir məqalənin uyğun sujeti ilə davam eləyim, sən də oxu, canım, oxu...

Hə, o gün ərki çatan həmkarlarımdan biri yarızarafat-yarıgerçək beləcə irad tutdu:

- Əziz dost, bəzən nədən bu dərəcədə sadəlöhv olursan, hətta yazılarında da hisslərini gizlədə bilmirsən?

Doğrusu, mən hər hansı həmkarım və ya oxucumla razılaşan adamam. Təriflərə də, tənqidi iradlara da elə eyni səmimilik və sadəlövhlüklə yanaşıram. Yekə çıxmasın, bu cür yaradıcı-professional söhbətdən sonra mətbuatımızdakı bəzi həlləm-qəlləm məsələlər barədə xəyala dalıb düşünməmək olardımı? Elə o həmkarım daxil, ölkənin 15-20 gözəl jurnalistlərinin yaxşı yazılar yazmaqdan başqa heç bir iddiaları yoxdur. Mən onlarla rastlaşanda müəyyən təcrübəmi və peşəkarlığımı unudub mütəvazö bir oxucu olmağımdan aşkar ləzzət alıram. Onların heç biri nə kitab çap etdirmək, nə də hər hansı mükafat peşindədirlər. Ancaq başqa qismdən olan bir çoxları əlinə fürsət və qələminə meydan açılan kimi üslubları, janrları bir-birinə qataraq Müasir Azərbaycan Mətbuatının sentrionluğu iddiasına düşürlər. Zərdabi ənənələri, Məmmədquluzadə məktəbi... Yanağa dirənmiş şairanə barmaq, çənədə düyünlənmiş Sofoklsayağı bükülü əl... Kimsə böyürdən çıxıb lap elə dilxoşluqa "sənin qələmindən yoxdur ey..." söyləməsi adamı şöhrətin vakkumuna da salır. Və adamın özünəvurğunluğu qəzetin növbəti nömrələrində daha "müdrik" ərazilərə sahib olur. Fərqində deyil ki, söhbət şarikavoyun qəşəngliyindən də gedə bilər. Ay-hay, belələrini bundan sonra saxlamaqmı olar? Hansı mövzudan deyirsən, bircə saata hazırdır. Belədə onlar məhsuldarlıq məşhurluğuna da iddialıdırlar. Oxundu-oxunmadı, təki imza çox olsun, hər yerə səpələnsin. Onların əksəri bu fikirdədir ki, gələcək nəsillər jurnalistikamızın bu "çevir tatı-vur tatı" yaradıcılığını lazımınca qiymətləndirəcək və ramkalara alacaqlar. Bax, Lope de Veqa da hər gün harda gəldi - bağda zeytun kölgəsində, çaxır çəlləyinin üstündə, Madrid qaraçılarının şənliklərində, korridalarda poema, roman, pyes yazmırdımı? Zalım balası 15-20 ilə 2000-dən çox pyesi oynaya-oynaya, hətta keşiş paltarı geyib kilsələri gəzə-gəzə qaralamışdı. Axırda məşhurlaşmadımı? Ancaq onun özünəvurğunluğu və başqalarına yuxarıdan aşağı baxması haqqında dedi-qodular və tarixi ədəbi dəlillər əsrimizin məşhur esseisti Əlibaba müəllim dövrünə qədər gəlib çatmayıb.

Əziz və məndən də betər sadəlövh həmkarım, boynuma alıram ki, mən hərdən bəzi yazılarımda səmimiliyin ifratından sadəlövhlüyün axmaqlığına qədər gülməli vəziyyətə düşürəm. Mən bunun bədii-anatomik səbəbini hələ ki, tanıdığım və öz təsnifatımda birinci üçlükdə qərarlaşdırdığım məşhur bir yazara söyləmişdim. Qoy bu sirri sənə də açım. Neyləyim, bir çox yazılarımda o serb yazıçısı Nuşiçin cazibəsindən qaça bilmirəm. Elə sən özün də çoxlarının heç adını belə bilmədiyi "Özbioqrafiyam"ı bircə dəfə oxusan, sadəlövhlüyün, lap elə axmaq sadəlövhlüyün həm də necə unikal bir bədii-fəlsəfi cazibə olduğuna inanarsan. Yoxsa "günüuzadılmış qrupun dar qapısı qarşısındakı" mağmın bir eşq elanının doğurduğu mücərrəd bir xatirə nə olan şeydi ki...

Ancaq hərdən yumora üz tutanda həqiqətən ONUN üslüb təsirinə məruz qalıram ki, bu da özümdən başqa bir kimsəyə ziyan gətirməz zənnindəyəm. Şəkilləri və imzaları ilə qucaqlaşıb yatan özünəvurğunlara, bütün sahələrin "biliciləri" olan "dahi" yazarlara da vallahi nə acığım tutar, nə də pisliklərinin əvəzi qarğış edərəm. Gerçəklikdən başqa heç nəyə iddialı deyiləm, əziz və sadəlövh həmkarım.

Qoy sənə özünəvurğunluqla bağlı bir əhvalat danışım, kefin bir az durulsun. Mənası və bənzətməsi isə öz boynuna...

25-30 il bundan əvvəllərdə rayonumuzdakı bir bərbər atelyesində müştərisi az olan sakit usta tapmışdım. Köhnə dostlar bilir, o vaxtlar gur qəhvəyi saçlarım vardı və mən ayda 1-2 dəfə həmin bərbərxanaya gəlib ləzgi Arif deyilən ustanın kreslosunda əyləşər, 5-6 dəqiqəlik yüngül qıraq-bucaq əl gəzdirməsindən sonra durub gedərdim. O da ardımca çıxıb ətrafdakılara məni göstərib fəxrlə deyərdi: görürsünüz nə gözəl baş qırxıram.

Əslində o mənim göstərdiyim yerlərə bir-iki qayçı vurardı, vəssalam. Və bu ustanın ailəvi müştəriləri vardı. Bəzən tələbat məsələlərimiz eyni günə və eyni vaxtlara təsadüf edirdi və mən onlarla ya əvvəl, ya da çıxhaçıxda rastlaşardım. Ata və 2 oğul şəhərin ən işgüzar kamerayamayanları idi. Kişinin Eldar adlı oğlu, vallah bilmirəm tibdə belə bir termin var, ya yox - yarımdaun idi. Əlləri daim hisin-pasın içində, saçları pırtlaşıq baməzə bir oğlan. Kreslo boşalan kimi mütləq birinci özü oturardı. Arif usta onun üzünü təraş edib qurtarsa da hələ bir müddət ayağa qalxmazdı. Güzgünün qabağındakı odekalondan bir neçə dəfə üz-gözünə şövqlə fısqırdardı. Sonra da xeyli düzünə-çəpinə özünə baxaraq bic-bic gülümsəyərdi. Pencəyinin döş cibinə əlini salıb iri ölçülü şəklini çıxarar, gah şəkilə, gah da güzgüdəki təraşlı üzünə baxıb deyərdi: "Sənə qurban olum, Eldar!"



P.S. Narsis qədim yunan mifologiyasına görə çay allahı Kefisin oğludur. O, özünün su üzərindəki əksinə vurulmuş və bu məhəbbətin şiddətindən ölmüşdür.

TƏQVİM / ARXİV