adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

2020-Cİ İL 26 SENTYABR - Aqil ABBAS yazır

AQİL ABBAS
452 | 2022-09-27 12:40

Masallı rayonunun həmin vaxtkı icra başçısı  Şahin Məmmədovun dəvəti ilə  xanımımla birgə bu şəhərə  qonaq getmişdim.Gedəndə də Bakıda bir  qrup dostlarıma zəng elədim ki,  ayın 27-si sizi tezdən Masallıya qonaq çağırıram.

Azərbaycanda belə bir  mənasız  məsəl var: «Qonaq qonağı istəməz, ev yiyəsi  hər ikisini».  Qonaq qonağı  istəyər, ev yiyəsi də, Şahin  Məmmədov kimi, hər ikisini.

Müharibə başlayacağını bilirdim. Amma hansı gün başlayacaq, təbii ki, cənab Ali Baş Komandandan başqa heç kəs bilmirdi, eləcə də mən.  26-sında yol gedərkən önümüzdən çoxlu içi  əsgərlə dolu hərbi maşınlar, ağır texnika keçirdi. Fikirləşdik ki, yəqin təlimə gedirlər.

Amma təlimə getmirlərmiş. Müharibəyə gedirlərmiş, şəhidliyə,  qaziliyə gedirlərmiş.

Önümdən keçən hər maşına da  əlimi pəncərədən  çıxarıb «Boz  qurd» işarəsi  göstərirdim, əsgərlər də mənə «Boz qurd» salamı göndərirdilər.

27 sentyabr. Qonaqlar gəldi, amma hamının üzündə bir ağrı, bir kədər – Böyük Vətən Müharibəsi  başlamışdı. Və qonaqlıq olmadı. Ayaqüstü bir çay içib döndük Bakıya.

Məni Qarabağ gözləyirdi. Belə gündə məni Bakıda saxlamaqmı olar? Xanımımı evə qoyub paltarımı  dəyişdim. Yox, əsgər paltarı  geymədim, yüngül  bir idman  paltarı geyinib evdəkiləri öpdüm və üz tutdum Ağdama.  Getdim Fədail kimi  şəhidliyə, ölümünə rəqs edə-edə gedən, Xudayar kimi  mahnı oxuya-oxuya gedən oğlanlara, ölümünə aşiq olan igidlərə  mənəvi dəstək olmağa.

TƏQVİM / ARXİV