ABŞ müharibənin Rusiya ərazilərinə keçməsini istəmir - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
675 | 2024-06-04 12:35

Baydenin məsləhətçiləri etiraf edirlər ki, bu məsələdə ABŞ-la Ukraynanın maraqları üst-üstə düşmür

 Ağ Ev nüvə müharibəsinin başlaya biləcəyindən ehtiyat edir. Ukraynanın artıq itiriləcək heç nəyi qalmayıb. Ərazilərinin böyük bir hissəsi Rusiya tərəfindən işğal olunub, qalan hissəsi də işğal olunmaq təhlükəsiylə üz-üzədir. Ona görə də ABŞ  münaqişənin daha da qızışmasında maraqlı deyil. Onlar müharibənin sonsuzluğa qədər, nisbətən sakit məcarada davam etdirilməsini istəyirlər. Qırılan ukrayna vətəndaşları, dağılan şəhərlər, məhv edilən infrastrukturlar və s. onlar üçün heç bir əhəmiyyət kəsb etmir.

 Daha əvvəllər də yazırdıq ki, Birləşmiş Ştatları Ukrayna və ukrayna xalqının gələcək taleyi maraqlandırmır. Bayden hakimiyyətinin əsas məqsədi Rusiyanı iqtisadi və hərbi cəhərdən çökəltmək, hətta imkan yaranarsa parçalayıb məhv etməkdir.

 Lakin zaman ötdükcə "Sem dayının" bu arzuları puça çıxmaqdadır. Rusiya iqtisadi cəhətdən nisbətən əziyyət çəksə də,  hərbi cəhətdən hələ də ayaq üstə durmağı bacarır. Bunu son zamanlar həyata keçirdiyi işğal əməliyyatlarının əhatəsinin genişləndirilməsi də sübut edir.

 ABŞ və Qərb dövlətləri günü-gündən Ukraynaya hərbi yardım paketlərinin siyahısını artırsa da, cəbhədə dönüş yaratmaq mümkün olmur. Artıq Ukraynanın ən böyük şəhərlərindən sayılan Xarkov şəhəri də, işğal təhlükəsi qarşıslndadır. Ukrayna prezidenti Volodimir Zelenski bütün dünyaya həyəcan təbili çalmaqla, verdikləri silahlardan Rusiya  ərazilərinə hücumlar həyata keçirilməsinə icazə verilməsinə razılıq ala bilmir. 

 Ukrayna nə edəcəyini bilmir. Avropa İttifaqının və NATO-nun 20-yə yaxın ölkəsi, onların verdikləri silahlardan Rusiya ərazilərinə zərbə endirilməsinə icazə vermirlər. Kiyevin  isə bu əməliyyatları həyata keçirmək üçün müvafiq silahları yoxdur. 

 Rusiya tərəfi isə, əks halda taktiki nüvə silahlarından istifadə edəcəkləri ilə Qərbi daima təhdid etməkdədir. 

  Fransa prezidenti Emanuel Makron, NATO-nun baş katibi Yens Stoltenberq, Avropa diplomatiyasının təhbəri Cozep Borrel kimi Qərbli liderlər, Ukraynaya Rusiyanın ərazilərundəki hərbi obyektlərin vurulmasına icazə verilməsi ilə bağlı bəyınatlar səsləndirsələr də, onların bu tələbləri digər liderlər tərəfindən etirazla qarşılanır.

 Bir sözlə, ABŞ-ın və tərəfdaşlarının öz maraqları xatirinə Ukraynanı qurban kimi ortaya qoymaları göz qabağındadır. Qərb ehtiyat edir, Ukrayna isə bir dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi qarşısındadır. 

 Hələ ki, bu regionda nə vaxtsa sabitliyin yaranacağından danışmaq mümkün deyil. 

 

TƏQVİM / ARXİV