"ABŞ münaqişəni bitirmək niyyətindədir", lakin bunu necə edəcəyini bilmir... - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
191 | 2025-04-29 10:11

ABŞ dövlət departamrntinin rəsmi nümayəndəsi Temmi Bryus bəyan edib ki, Birləşmiş Ştatlar Ukrayna münaqişəsini sülh yolu ilə nizamlamaq niyyətindədir.  Rusiya xarici işlər naziri Sergey Lavrovla, Dovlət katibi Marko Rubionun danışıqları bunun göstəricisidir.

 "Amerika Birləşmiş Ştatları bu münaqişənin dayandırılmasına yardımçı olması üçün ciddi çalışır"- deyə Bryus bildirib.

 Çaılışmağına çalışır, lakin ortada nəinki nəticə yoxdur, heç olacağına inam da yoxdur.  Əslində, ABŞ prezidenti Donald Tramp vəzifəyə başladığı 100-cü gününədək Rusiya-Ukrayna müharibəsini bitirmək istəyirdi, təəssüf ki, alınmadı. Səbəb?

 Səbəblər çoxdur. Əvvala Tramp ən azından  ilk növbədə tərəflər arasında atəşkəsə nail olmalı, sonra tərəflərlə məsələnin sülh yolu ilə həlli istiqamətində danışıqlara başlamalıydı. Bəs ABŞ prezidenti  nə etdi? İlk çıxışından başlayaraq, gah Ukrayna prezidenti Zelenskini təhdid etməyə, Krımın və işğal olunmuş digər ərazilərdən əl çəkməyə, gah da Rusiya prezidenti Putini yeni sanksiyalarla hədələyərək, təhdid etməyə başladı. Nəticə əldə etmədikdə, nisbətən yumşaq tona keçdi, sonra yenidən təhdid və hədələrini davam etdirdi.

 Ağ Evdə Ukrayna prezidenti ilə ilk danışıqları zamanı mübahisə etdi, Ukraynanın nadir yeraltı sərvətlərinin ABŞ-ın istismarına verilməsini tələb etdi. Ukrayna prezidentinin onun bu tələbini rədd etməsindən sonra, onu faktiki olaraq Ağ Evdən qovdu və Kiyevə hərbi yardımların verilməisini dayandırdı. Avropanın aparıcı dövlətlərindən də, Ukraynaya hərbi yardımların verilməməsini tələb etdi.

  Böyük Britaniya, Fransa və Almaniya, Avropanın təhlükəsizliyini önə çəkərək, Ukraynaya göstərilən hərbi yardımların miqdarını daha da artırdılar. Bundan sonra Tramp da qərarını dəyişmək məcburiyyəyində qaldı.

 Rusiya da, Trampın Ukraynanın hərbi obyektlər sayılmayan strateji nöqtələrinə raket zərbələri endirməmək xahişini "mədəni" səkildə qulaq ardına vurdu, hətta paytaxt Kiyevi və digər yaşayış məntəqələrini daha da intensiv bombalamağa başladı.
 
 Ağ Ev administrasiyasının münaqişənin dayandırılması üçün "a", "b", "c" və s. saysız planları iflasa uğramaqdadır. Zelenski, Trampın hər yeni təklifinə cavab olaraq, sülh danışıqlarına başlamağa hazır olduğunu bəyan edir, lakin...

 Vladimir Putin də, eyni zamanda Rusiyanın danışıqlara başlamaöa hazır olduğunu bəyan edir, lakin...  Bu "lakinlərin" arxasında qoyulan şərtlər,  tərəflərin münaqişənin danışıqlar yolu ilə həll edilməsi "istəklərinin" üstündən qara bir xətt çəkir... 

 Tramp və komandası "çalışır".  Artıq əlifbanın hərfləri də yavaş-yavaş tükənir. Dövlət departamentini hər dəfə Vaşinqtonun müharibənin bitirilməsi  niyyətində olduğunu bəyan edir, lakin bunu necə edəcəklərini açıqlamır, çünki sonu görünməyən bu dalandan necə çıxacaqlarını bilmir.

 Tramp və komandası çalışır... Nəticə isə yoxdur, qanlı müharibə davam edir, Kiyev şəhəri və digər yaşayış məntəqələri bombardımana məruz qalır, dinc əhali həlak olur. Rusiyanın əraziləri kütləvi dron hücumlarına mətuz qalır, ölənlər və yaralanların sayı günbəgün artır... 
 
  ABŞ isə çalışmaqda "israrlı" olduğunu nümayiş etdirir...
 
 

TƏQVİM / ARXİV