adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

 Ağasəfa sözü - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
487 | 2023-02-02 10:19

Azərbaycan oxucusu yəqin ki, bu imzanı unutmayıb. Bir sözdən ibarət imzanı – yəni Ağasəfanı. Çəkilib kəndinə, yəni doğulduğu ocağa, könlünü verdiyi sözlə və bir də güvənc yeri olan ocağı ilə baş-başadır hər zaman. Nə kimsənin könlünə dəyir, nə də kimsədən nəsə ummur. Mənim bildiyimə görə, onun umacağı bircə sözün hər zaman dəyərdə olmasıdır. Bax, elə kitab rəfimdən götürüb vərəqlədiyim bu kitabındakı şeirləri gözdən keçirsək, bilərik ki, bu sözün sahibi Ağasəfadı:

 

Yenə «Pul! Pul!» demə, arvad,

Dah vaz keç! Bəsdi!

Pulda olsaydı vəfa,

Əldən-ələ keçməzdi...

 

Sadə bir məntiq hamının bildiyi, amma yalnız Ağasəfanın şeirə çevirdiyi məntiq. Adi görünən bu məntiqin içərisindəki həqiqət isə heç kimə sirr deyil. Hamı bunu bilir, bəlkə də içində etiraf edir. Amma ictimailəşdirmir. Ağasəfa isə öz şair ampulasında pulun necə vəfasız olduğunu birbaşa deyir və yaxud o vurğulayır ki:

 

Bu bəla gəlib fələkdən,

günüm oldu qara bir də.

Keçirir bizi ələkdən,

ələnir idarə bir də.

 

…..........................

 

Ona gəldiyim gəlişdən

camaat ölüb gülüşdən.

Məni də çıxardır işdən,

qalıram avara bir də.

 

Günümüzün reallığı olan bu mənzərənin sadəcə göz önünə gətirmək lazımdı. Çünki dünyanı bürüyən iqtisadi tənəzzül və təbii ki, bunun fonunda artan işsizlik özünə çəkilmiş Ağasəfanın «Məni də çıxardır işdən...» şeirində çox səmimi bir şəkildə qələmə alınıb.

Bütövlükdə isə, onun «Rüşvət dünyası» kitabı təkrar oxuduğum kitablar içərisində kənardan baxıb gerçəkləri az qala bağıraraq hər kəsə çatdırmaq istəyən bir şairin ürək səsidi. Darıxanda siz də bu cür səslərə qulaq asın.

TƏQVİM / ARXİV