
(Dünya gözlərini yumanda…)
Fevralın 25-də gecə saat 12-dən sonra «Xəzər» TV-də çox ağır, insanı təbdən çıxaran dəhşətli bir film nümayiş etdirdilər: «Ruanda oteli». Bu filmə bir-iki dəfə baxmışam. Çox ağrıdıb məni, amma Xocalı faciəsindən bir gün qabaq yenidən baxanda məni lap dəhşətə gətirdi.
Oxşar faciələr, oxşar hadisələr. Afrikada kiçik bir dövlət olan Ruandada millət iki yerə bölünüb - hutular tutsiləri qırır. Hakimiyyəti ələ keçirmiş hutular tutsilərin başına ermənilərin Xocalıda bizim başımıza açdığı faciəni, soyqırımı yaşadırdı. Küçələr meyitlərlə doludu, əllərində xəncər, qılınc elə küçədəcə qoca, qarı, uşaq, qadın demirlər hamısını doğrayırlar. Tutsilərdən 8 nəfərə yaxını qaçıb ölkədə bir otelə sığınır.
Deyəcəksiniz, bu faciəni yaşamışıq, amma məsələ başqadı. Bir xarici jurnalist küçədə insanların doğranmasını lentə alır. Necə Çingiz Mustafayev meyitləri çöllərə səpələnmiş uşaq, böyük, qoca, qarı - xocalıları lentə almışdı.
Otelin meneceri jurnalistdən xahiş edir ki, bunu bütün dünyaya yaysın, qoy dünya görsün ki, tutsiləri necə vəhşicəsinə qətlə yetirirlər. Jurnalist başını yelləyərək bilirsiniz nə deyir? Deyir ki, çalışacam, amma Amerikada, Avropada bu kadrlara baxandan sonra heç nə olmamış kimi oturub rahatca yeməklərini yeyəcəklər.
Necə ki, Çingizin çəkdiklərini bütün dünyaya yaydıq və 30 ildi ermənilərin bizim başımıza açdıqları faciələri yaydıq, Amerika da, Fransa da, Avropa da ya baxmırdı, ya da baxandan sonra oturub rahatca çörəklərini yeyirdilər.
BMT-nin sülhməramlıları guya gəliblər, 300 nəfər və dağılıblar bütün ölkəyə. Bir polkovnikin rəhbərliyi ilə 4 sülhməramlı həmin oteli qoruyur. Otelin meneceri ona yalvarır ki, bir az qüvvəni artırsın. Polkovnik deyir: «İmkanım yoxdur, həm də bilirsən amerikalılar, fransızlar, ingilislər üçün siz yoxsunuz. Sizin qırılmağınız onların vecinə deyil».
Necə ki bizim qırılmağımız – Xocalı soyqırımı nə ABŞ-ın, nə Fransanın, nə İngiltərənin, nə də Avropanın digər ölkələrinin vecinə deyil.
Elə sülhməramlıların gözü qabağında tutsiləri doğrayırlar, onlar da durub baxır. Necə ki Serbiyada serblər BMT sülhməramlılarının gözü qabağında kosovalıları qırdılar, sülhməramlılar da siqaret çəkə-çəkə tamaşa elədi.
Necə ki 10 noyabr Bəyannaməsindən sonra Qarabağa yerləşdirilən sülhməramlılar (düzdür, onda Qarabağda azərbaycanlılar qalmamışdı ermənilər qıra) nəinki separatçıların silahlanmasına göz yumurdu, hətta Ermənistandan silah və ağır texnika daşımalarına bələdçilik də edirdi.
Dünya 30 il bizim faciələrə göz yumdu, susdu. BMT 4 qətnamə çıxartdı və sonda Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Müzəffər Ordumuz o qətnaməni təkcə Ermənistana yox, həm də Avropada bizi sevməyən dövlətlərə, eləcə də BMT rəhbərlərinə yedizdirdi. Özü də 44 günün içində. Və sonra da 24 saata Qarabağda separatizmin kökünü kəsdi.
Düzdür, filmin sonunda o polkovnikin köməyi ilə oteldəkiləri birtəhər aradan çıxarıb Tanzaniya sərhədində başqa bir etibarlı qaçqın düşərgəsinə yerləşdirirlər. Necə ki sağ qalan xocalılar da birtəhər canını qurtarıb Ağdama sığınmışdılar. Amma sonda xocalıların başına gələnlər elə ağdamlıların da başına gəldi.
İndi görün dünyada nə qədər xalqlar Xocalı faciəsini yaşayır, dünya izləyir, susur və sonra da rahatca çörəyini yeyir, üstündən də viski içir.
26 fevral - Xocalı soyqırımı günü! Getdim «Ana harayı» abidəsinə gül qoydum. Bütün millət ordaydı. Həmişə bu abidəni ziyarət edəndən sonra uzun müddət nə mən, nə də millət özünə gələ bilmirdi. Amma bu dəfə elə olmadı, çünki Xocalı azad olmuşdu. Azadlığından sonra ilk dəfəydi ki, ürəklə abidəni ziyarət edirdilər.
Həmin günü Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev Xocalı soyqırımını xocalılarla Xocalıda andı. Bundan xoş gün olarmı?
Tanrı Türkü qorusun! Tanrı Ordumuzu qorusun! Tanrı Ali Baş Komandanı qorusun!