adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Aqil ABBAS: 28 İLDƏN SONRA AĞDAMDA İLK TOY

AQİL ABBAS
164833 | 2021-05-30 15:25

(Allah hamıya qismət eləsin)

Düz 40 il bundan əvvəl Dünyanın  Ən Varlı Şəhərində,  Ağdamın Qarabağın toy otağı olan vaxtında (inşallah, yenə bu şəhəri Qarabağın toy otağı edəcəyik), may ayının 16-sında  mənim toyum olmuşdu.  Atam iki mağar qurdurmuşdu: birini məhlədə, birini isə həyətdə – Bakıdan gələn şair  və yazıçı dostlarım üçün. Ayrı-seçkilik deyildi, sadəcə olaraq, şair dostlarım  bütün günü şeirləşəcəkdi. Təbii ki, bu da hər sözdən nəsə bir qulp yeri tapıb  məzələnən ağdamlı dostlarım üçün ilboyu çayxanalarda yaxşı bir mövzu olacaqdı. Həm də camaat yeyib-içməyə, şənlənməyə gəlmişdi,  «poeziya buketi, nəğmə çələngi»nə yox. Ağdamın  yaradıcı gəncləri də həyətdəki mağara  dəvət edilmişdilər. Həyətdəki mağar qızılgülə bələnmişdi. İnanmazsınız ki, mağarın üstünə  çəkilmiş çadır qızılgüllərdən görünmürdü, adam bihuş olurdu.  Nə isə…

Gecə möhkəm  leysan oldu.  Bərk dilxor oldum. Amma səhər tezdən Tanrı  elə bir Gün  doğdurdu ki, 40 ildi o Günün şəfəqləri  ailəmin üstündən əskik olmur.

Bakıdan  gələn ziyalı və şair   dostlarımın bir çoxu toya pul yazdırmamışdı, kitab salmışdılar. Sonralar Ağdamda dostlar mənə  sataşırdılar ki:

- Qaqa, doğrudan deyəsən bu şairlərin başı yaxşı işləmir ey. Ə, toya da kitab  yazdırarlar?

Hərçənd ki, bu  sözləri deyənlərin çoxu mənim  Ağdamdakı kitabxanamın üzvüydülər.

İndi fikirləşin də, şairlər  hələ bu itoynadan dostların yanında  şeir oxuyaydılar.

Amma oxuyub-yazmağı bilməyən anam hamının yanında forslanırdı ki, mənim  oğlumun toyunda dostları kitab salıblar.

HƏMİN GÜNDƏN DÜZ 40 İL KEÇİR

Bu 40 ilin 32 ilini (1988-ci ilin fevralından 2020-ci ilin  8 noyabrınadək) ömürdən  sayma. Yəni yaşamağına yaşadıq,  amma türk mahnısında deyildiyi kimi, biz də yaşayırdıq,  bunun adına  yaşamaq deyirlərsə: Qarabağsız, Ağdamsız nə yaşamaq. Məğlub olmuş,   torpaqları  işğal olunmuş, Ağdamsız, Şuşasız, Kəlbəcərsiz qalmış bir xalqın bütün ağrı-acısını yaşamışam bu illərdə. Ermənilərin Şuşadan, İsa bulaqdan, Kəlbəcərdən, İstisudan, Şahbulaqdan paylaşdıqları videolara baxıb çərləyə-çərləyə yaşamışam bu illəri. Hələ biri vardı ey,ermənilər Ağdamın küçələrində maşınlarla şütüyür və ironiya ilə deyirdilər: «Etot qorod cigitov».  Gücüm ona  çatırdı ki,  gedib Evoğlunun üstdəki axırıncı  postdan da keçirdim.

Əsgərlər buraxmaq istəmirdilər:

- Hara gedirsiz?

- Evimizə gedirəm, a bala, olmaz?

Duruxurdular, bir söz tapa bilmirdilər.  Və neytral ərazidə cəsarətim çatdığı yerə qədər gedirdim. Sonra bir daşın  üstündə oturub yarım  saat, bəlkə daha çox  siqaret  çəkə-çəkə üzü Ağdama, üzü Şuşaya  baxırdım. Bu hissi  mən tək  yaşamamışam, bütün qarabağlılar, bütün ağdamlılar yaşayıb. 

VƏ MƏNİ YAŞADAN İNAM İDİ

Bir gün  Şuşaya bayraq  sancacağımıza olan inam. Bütün çıxışlarımda  deyirdim, məqalələrimdə də  yazırdım ki, darıxmayın, gün gələcək İlham Əliyev  Şuşaya  bayraq da sancacaq, Şuşada himnimiz də çalınacaq, «Koroğlu» üvertuarsı da.

Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev o bayrağı sancdı və Şuşada himnimiz də çalındı, üverturamız da.

MAYIN 16-SI 

Şəhər azad olunanda ilk səfərimdə məscidin önündə Emin Musəviyə müsahibə verəndə söz vermişdim ki, mayın 16-sı Ağdamda 40 ildən sonra özümə yenidən bir toy edəcəm. Və bəziləri buna ağız da büzmüşdülər, lağa da qoymuşdular. Necə ki işğaldan  azad olunandan sonra Ağdama  birinci səfərimdə qol qaldırıb oynamağıma ağız büzüb lağ etmişdilər. Və bu lağ edənlər bilə bilməzdilər ki,  o qolları qaldırıb oynayan mən deyiləm. Mənim həm  Birinci Qarabağ savaşında şəhid olan dostlarımdı, sinif yoldaşlarımdı, qonşularımdı, qohumlarımdı. Və həm də İkinci  Qarabağ savaşında  Qarabağı azad edən  şəhidlərimizin ruhudu.  Oynadım, oyy, nə gözəl oynadım, Allah. Sağ olsunlar, «Qarabağ» komandası da məni tək qoymadı. Bir də bir cavan ağdamlı  elə süzə-süzə girdi meydana ki, elə bil qartal süzürdü.

MAYIN 16-SI

Rəsmi icazə aldım özümə də, xanımıma da. Xanımıma  mənə görə yox, bir yazıçı kimi, «Ədalət» qəzetinin  baş redaktoru kimi  icazə verdilər.

Əvvəl Seyid Lazım Ağanın, xalqımıza Şahmar Əkbərzadə kimi böyük bir şair  bəxş etmiş, Çəmənli kəndindəki  Ocağını ziyarət etdik. Bütün Qarabağ  camaatının  inam yeridi  bu Ocaq.

Saat 11-də Ağdam şəhərində İmarətdəydik.  Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Məmməd bəy Cavanşirin, Natəvanın məqbərələrini və həmin İmarətdə Pənah xanın   sərdabə tikdirdiyi adını  bilmədiyim ər-arvad seyidlərin  Ocağında olduq, həm onların, həm də bu İmarətdə uyuyanların ruhlarına dualar oxuduq.

 

Mənim uşaqlığım, gəncliyim  keçib bu İmarətdə, xanımım isə ilk dəfəydi bu müqəddəs məkanı görürdü. İmarət haqqında  ay basıb-bağladım ey. Burda keçirilən tədbirlərdən, Xan qızı Natəvanın təxminən  150 il bundan əvvəl bu İmarətin dörd tərəfində babalarının  xatirəsinə əkdiyi  çinarlardan danışdım. Milli Qəhrəman Fred Asifgilin, «Dolu» romanının Pələngi Elməddin Sərdargilin həyətlərini  göstərdim.

Ordan gəldik Məhəmməd Ağa Müctehidzadənin oğlu, Qarabağın məşhur xanəndəsi Hafiz Sədrzadənin sonuncu dəfə Azan verdiyi  Ağdam məscidinə. O məscidə ki 1981-ci ilin  may ayının  6-da buranın axundu bizə  dini  nigah kəsmişdi, xeyir-dua vermişdi, dualar  oxumuşdu. Bəlkə də həmin duaları  Allah eşitmişdi ki, 40 ildən sonra da olsa bizi o müqəddəs torpağa,  o müqəddəs ocağa gətirmişdi.  Bir «Fatihə» surəsi oxudum, ikimiz də millətimiz üçün, dövlətimiz üçün, şəhidlərimiz və qazilərimiz üçün dualar etdik.

 

Bu məscidin  həyətində bizim qəzetin əməkdaşı  Nicat Novruzoğlu  bu ilin  aprelin  15-də bir alma ağacı  əkmişdi. Böyüyüb, yamyaşıldı.  Gəldim o alma ağacının  yarpaqlarını  oxşadım. Polis işçiləri deyir ki, Aqil müəllim, bəzən su bitəndə də içəcəyimiz suyu içmirik, bu ağacı sulayırıq.

Sonra getdik 40 il bundan  qabaq xanımımın  gəlin köçdüyü bizim həyətə.  İndi siz inanarsınız ki, küçədən bizim həyətə təxminən  30-40 metrlik yolu  on dəqiqəyə  güc-bəla ilə getdik? Fikirləşin görün, şəhəri necə dağıdıblar?

Bu da bizim həyət. Həyət deyəndə…  Bir qədər  hasarlarımız durur, evin iki-üç divarı durur.

Xanımım deyir:

- Yadına düşür, balaca bacın bu divarda qəşəng bir durna şəkli çəkmişdi.

Təbii ki, yağışlar-filanlar  şəkili  yuyub. Bir də hasarın divarında dağılmış yerlər  var.  Deyirəm ki, yox, şəkil bu dağılmış yerdəydi. 

Razılaşmır:

- Yadından  çıxıb, burdaydı.

Komandir deyəndən sonra  ağzım nədi razılaşmayam və həm  də yadıma salıram ki, düz deyir.

Evimizə qalxmaq  üçün  üç-dörd pilləkan vardı.  Atam həmişə  müharibə vaxtı evdə qonaq  olanda tüfəngini  götürüb bu pilləkanda oturardı, bəzən səhərə qədər də yatmazdı, öz aləmində guya qonağı qoruyurdu.

OTURDUM ATAMIN ƏVƏZİNƏ HƏMİN PİLLƏKANDA 

 Və başladım  xanımıma danışmağa bu həyətdə kimlər olub (Azərbaycan  ədəbiyyatının  demək  olar ki, bütün qaymaqları  bu həyətdə olmuşdu)  və danışıram, adlarını  çəkirəm: Xəlil Rzanın, Söhrab Tahirin, Məmməd Arazın, Anarın, Şahmar Əkbərzadənin, Aydın Məmmədovun, Sabir Rüstəmxanlının, Vaqif Cəbrayılzadənin, Çingiz Əlioğlunun, Zakir Fəxrinin, Vaqif Bəhmənlinin, Əhməd Qəşəmoğlunun, Abbas Abdullanın, Şirindil Alışanovun və sair və ilaxır, qəfil kövrəlirəm.

- İradə, Elçibəy  həbsdən çıxandan sonra  bax, burda  atam onun ayağının altında qurban kəsmişdi…

Bizi etibar ediblər Ağdam polisinin  baş leytenantı Nişat Allahverdiyevə.  Bu da mənim  xalam nəvəsidi. O da şəkillər  çəkir, video çəkir, görürəm (baş leytenant  olsa da mənim  üçün uşaq olan Nişata),  bir himə bənddi  ağlasın.

Birdən sol biləyimdə çox ağır  bir sancı hiss elədim, elə bildim  ilan sandı. Bir anlıq özümü itirdim.  Sonra gördüm ki, yox, ilan deyil, bir yekə tikan batıb.  Qalxdım, indi qanı sümürürəm ki, kəssin, amma kəsmir. Yerdən  bir çimdik  torpaq götürüb  basdım  qanın  üstünə. Uşaq vaxtı da belə edirdik, bir yerimiz qanayanda, yaralananda  üstünə torpaq tökürdük, qan  kəsirdi.

Ötən yazılarımın birində qeyd etmişdim. Uşaq vaxtı   bəzən torpağı yeyirdik, çox gözəl dadı vardı. Ağdama ilk dəfə girəndə də bir çimdik torpaq götürüb yemişdim, görüm  dadı qaçıb, ya yox. Dadı qaçmamışdı, bal dadırdı, özü də  təmiz Kəlbəcər balı.

Və yaramın  üstünə  çəkdiyim  torpaqdan yenə daddım. Bəh-bəh, bu dadı təsvir etməyə gücüm  çatsaydı Nobel  mükafatı alardım.

XANIMIM DA ÖZ XATİRƏLƏRİNİ DANIŞIR,

acılı-şirinli xatirələrini. Və acılı xatirələri daha çoxdu. Bu barədə özü hərdən yazır. Zarafatla deyirəm ki, Fatma cijindən az sitat gətir.

Nəhayət, həyətdən  çıxırıq. Qonşuların  çoxunun  evinin  şəkillərini  çəkdirirəm ki, göndərəcəm özlərinə.

Şəhəri gəzirik. Yamyaşıldı. Xanımım şəhəri yaxşı tanımasa da, deyir:

- Bu yol Əşrəf dayıngilə gedirdi.

Başqa bir küçədən keçirik:

- Bu yol Gülablıya gedirdi... Bu yol  Şuşaya gedirdi...

- Yaddaşına maşallah, unutmamısan.

Gülə-gülə deyir:

- Heç unudaram?!

- Məni qoyurdun  bacılarının arasında, özün də dostlarınla çıxıb gedirdin Şuşaya.

Zəng gəlir, sonuncu postdandı. Bildirirlər ki, Fikrət adlı bir kişi  gəlib, deyir ki,  Ağcabədinin icra başçısı Rafil Hüseynov yemək-içmək  göndərib.

QAYIDIRIQ YENƏ MƏSCİDİN YANINA

Xala nəvəsi  gedir  yemək-içməyi gətirməyə.

Belə bir  vəziyyətdə şəhərimizi qoruyan  polis əməkdaşlarını, hərbçiləri, eyni  zamanda burda tikinti-bərpa işlərini  aparan  memar və inşaatçılardan xahiş edirəm ki, imkan daxilində gəlsinlər məscidin yanına.

Bütün dəm-dəstgahı ilə Qarabağ plovu gəlir. Hər şey var, bircə  içkidən başqa.

Ömrü boyu badə qaldırmışıq ki, ay Allah, bizə qismət elə bu badələri Kəlbəcərdə qaldıraq, Laçında, Qubadlıda qaldıraq və sair və ilaxır. 

… Dostum Mahir Abbaszadə həmyerliləri ilə Laçına getmişdi, doğulduğu Güləbird kəndinə. Burnundan gətirdilər ki, guya Güləbirddə araq içib. O da and-aman edir ki, içməmişəm. Qardaş, niyə qorxursan? Bilmirəm içmisən, ya içməmisən, lap içməmiş olsan da gərək deyəydin ki, ən böyük  arzuma çatmışam, doğulduğum,  azad olunmuş kəndimizə gəlmişəm və burda əsgərlərimizin sağlığına, Ali Baş Komandanın sağlığına  badə də  qaldırmışam…

Bəli, hər şey vardı, bircə içkidən başqa.

Ona görə  yox ki, Ağdamda içmək olmaz. Ona görə ki, burdakı hərbçilər, polislər öz vəzifə səlahiyyətlərini yerinə yetirirlər, təbii ki, onlar içə bilməzlər.  Həm də məscidin yanındayıq.  Kiçik bir süfrə açırıq, çünki  geniş  süfrə açmağa  şərait yoxdu. Yalnız  mən  və xanımım oturmuşuq.  Oturmağa stullar olsa da bir-birinə hörmət  əlaməti olaraq heç kəs oturmurdu. Plovu özüm  çəkirəm. İnşaatçıların biri deyir:

- Aqil  müəllim, Allah balalarını  saxlasın, çoxdandı belə ev yeməyi  yemirdik.

Sonra biz qalxırıq, gedirik  üzü Kolanıya  tərəf. Daha doğrusu, Şahbulağa.  Adını bilmədiyim  polis zabiti deyir:

- Siz narahat olmayın, biz plovun bir hissəsini və supu da əsgərlərimizə  göndərəcəyik.

VƏ ÜZÜ ŞAHBULAĞA 

Əvvəl bulağa  yenirik . Bulaq deyil ey, cənnətdəki Zəm-zəm suyudu. Əvvəl əl-üzümüzü yuyuruq, sonra özüm girirəm bulağa, gözündən  su götürmək istəyirəm.

Nişat:

- Dayı, qoy mən girim su gətirim.

- Yox  ey, özüm.

Əvvəl ovuclayıb  içirəm, sonra da ovcumda xanımıma gətirirəm.

Qıjı deyilən bir bitki var, yalnız qarasuda bitir, ən dadlısı da mənim  doğulduğum Ağcabədi rayonunun  Bayat kəndində, daha dəqiq desək,  Bayatın  Kolanısında.  Qıjı yığıram yemək üçün, biləsiniz qara ciyərin  dərmanıdı.  Qara ciyərim yerindədi ey, sadəcə olaraq, onun  dadı əvəz olunmazdı.  Amma görürəm ki,  dad həmin dad  deyil, çünki erkəkləyib.

Sonra da qalxırıq Şahbulaq qalasına.

Pənah xan bu qalanı təxminən 1748-50-ci illərdə  tikdirib. Deməli, ermənilər guya bu qalanın VI əsrdə  hansısa bir nemes erməni  tərəfindən  tikildiyini yazıblar. Buranı  həm  muzey, həm də restoran eləyiblərmiş. Plakatları, nə bilim  nələri də var, ayaq altındadı, təbii ki.  Otururam həyətdəki  hovuzun yanında, xanımım Nişatla  qalanı  gəzir. Vallah, xanımım  çiçək kimi çiçəkləyib.

Vaxtilə erməni qızları  gəlib burda kef edərdilər, video, şəkil  çəkib paylaşardılar, biz də baxıb  çərləyərdik.

Qalanın ən yuxarısında xanımım  əllərini  açıb göyə  və deyir:

- İNDİ MƏN BURDAYAM, SİZ HARDASIZ?

Bəlkə də bu qırx illik  evlilikdə xanımıma ona belə xoşbəxtlik qismət eləməmişdim.  Mənə elə baxır, elə bil  ki, 42 il əvvəl vurulduğu Aqil Abbasa baxır.

Bu nə xoşbəxtlikdi, İlahi?!

Həmişə məni danlayanda Nüsrət  Kəsəmənlidən  bir beyt deyirdim:

 

Nəyimi  sevmişdin deyə bilmədin,

İndisə min eyib tapırsan məndə.

 

Qaqa, eyib nədi ey, nə təhər  məni tərif  yağışına  tutubsa…

Geri qayıdırıq. İstəyirəm gedəm Qarağacıya –  anamın və qardaşımın yatdığı Qarağacıya. Gedirik, izah edirəm  bura haraydı,  bura  haraydı.

Qarağacıya çathaçatda deyirəm ki, Nişat maşını saxla və dön geri.

- Niyə, dayı?

- Belə bir xoş günü qəbiristanlıqda bitirmək istəmirəm.

Xanımım:

- Elə istəyirdim ki, sən  Qarağacıya gedib ağlamayasan. Xoş günü  ağlaşmayla qurtarmayasan. Sağ ol.

Geri dönürük. Maşını saxlayıb Əhmədavarda bir-iki şəkil  çəkirəm, iki-üç divar qalıb  kənddə. Onun hansısı Sərdar həkimgilindi, bilmirəm. Hansı gitaraçı rəhmətlik Eldar Kərimovgilindi, hansı rəhmətlik Süleyman  Zeynalovgilindi.

Deyirəm ki, bu şəkilləri  göndərəcəm  həmin dostlarımın özlərinə, rəhmətə gedənlərin də balalarına.

Yenidən qayıdırıq  məscidin yanına.  Bütün  polis işçiləri, Daxili Qoşunların və Milli Ordunun əsgərləri ilə xudahafizləşirəm.

Biri zarafatla deyir:

- Aqil  müəllim, sən Allah, tez-tez gəlin. Gələn dəfə gələndə çoxdandı dolma yemirik, dolma gətirin.

- Günü  sabah  sizə dolma göndərərəm.

Nişat bizi gətirir posta. Maşınımı  orda saxlamışdım. Ordakı əsgər və polislərlə də (onları da toy yeməyinə qonaq etmişdim) görüşürük və ağdamlılar demiş, üzü güləbətinə.

 

Gəlirik  Evoğluna, nənəmgilin həyətinə, bir yaxşı çay içirik. Mən həmişə  Ağdama gedəndə  restoranda da çörək yesəm Nişatın  anası, xalam qızı Tahirə ev yeməyi  hazırlayıb  göndərər  restorana. Amma bu dəfə rayonda yoxdu, Bakıdadı. Ona görə də bizim toy yeməyimizi Ağcabədidə hazırlamışdılar.

Ağdam Rayon İcra Hakimiyyətinin  başçısı Vaqif Həsənov da məndən küsür. Harda olduğumuzu  soruşur, amma mən demirəm. İstəmirəm  iş-gücünü  atıb, gəlsin ora.

Eh, Vaqif  müəllim, narahat  olma. Hələ bizə o qədər  qonaqlıq  verəcəksən ki!...

Bəli, mən sözümü tutdum. 40 ildən  sonra Ağdamda polis işçiləri ilə, Daxili Qoşunların və Milli Ordunun  əsgərləri ilə pandemiyaya  uyğun  toyumu  elədim.

İnşallah, 41-ci ildönümündə  daha gözəl bir toy edəcəm və  Mənsum  İbrahimov o toyu aparacaq və mən də qol qaldırıb oynayacam. Və heç vaxt heç bir toyda oynamayan  xanımım da ilk dəfə olaraq həmin toyda mənimlə birlikdə qol qaldırıb oynayacaq.

Şəhidlərin ruhu bizi bağışlasın!

16 may 2021-ci il. Ağdam şəhəri.

 

TƏQVİM / ARXİV