adalet.az header logo
  • Bakı 18°C

Aqil ABBAS: AĞDAM HƏMİŞƏ PAYTAXT OLUB, AMMA QARABAĞIN

AQİL ABBAS
2675 | 2021-10-30 18:00

Dostumuz Qudrət Həsənquliyev təklif edib ki, Ağdamı Azərbaycanın paytaxtı elan eləsinlər. Zaman-zaman paytaxtın köçürülməsi gündəmə gəlir və hərə də bir yer göstərir. Təbii ki, paytaxtın köçürülməsi Bakının həddən artıq yüklənməsi ilə gündəmə gəlir. Əvvəla, paytaxt köçürmək o qədər də asan məsələ deyil, bunun üçün bəlkə də Azərbaycanın illik büdcəsi qədər vəsait lazımdır.

İkincisi, Bakı elə bizim paytaxtımızdır və dünyanın ən gözəl şəhərlərindən biridir.

Qaldı şəhərin həddən artıq yüklənməsinə, bunun səbəblərindən biri Qarabağın işğal altına düşməsi olub və Qarabağ camaatının 60-70 faizi Bakıya köçmək məcburiyyətində qalıb.

Şükürlər olsun ki, artıq Qarabağ işğaldan azad edilib və bölgədə çox böyük işlər görülür. Uzaqbaşı, 4-5 ilə hamı öz doğma elinə-obasına, torpağına qayıdacaq. Doğma torpağın nə qədər müqəddəs olduğunu torpaqda yaşayanlar və ən başlıcası da torpağını itirənlər çox gözəl bilirlər.

Bundan əlavə, regionlarda (qeyri-Qarabağ nəzərdə tutulur) iqtisadiyyat inkişaf edir, bu təkcə sosial abadlıq işləri deyil, yeni-yeni müəssisələr, fabrik və zavodlar açılır. Yəni regionlardan Bakıya işsizliyə görə gəlmiş insanlar da artıq yavaş-yavaş geri qayıdır.

Gələk Ağdamın paytaxt olmasına. Ağdam əslində paytaxtdır, amma Qarabağın paytaxtıdır.

Dəfələrlə yazmışam və yenə də yazıram, ən azı təkrar biliyin anası olmasa da dayısıdı.

Ağdam Qarabağın mərkəzində yerləşir: Füzuliyə - 48, Ağcabədiyə - 48, Bərdəyə - 48, Şuşaya - 37, Xankəndinə - 25, Tərtərə və Ağdərəyə - 35, Laçına - 73, Kəlbəcərə - 80 və Qarabağın qapısı Yevlaxa - 70 kilometrdir. Qubadlı, Zəngilan, Cəbrayıla da təxminən 70-75 kilometrdi.

Ona görə də Pənah xan Ağdamı Qarabağın mərkəzi şəhərinə, müasir dillə desək, paytaxtına çevirmişdi. Və Pənah xan Ağdamı inkişaf etdirmək üçün, müasir dillə desək, oranı «Azad iqtisadi zona» elan etmişdi və bu şəhərə investisiya yatıranlardan heç bir vergi tutulmurdu. Bu səbəbdən də Qarabağın ətraf rayonlarında nə qədər imkanlı adam vardı hamısı Ağdama axışırdı və burda həmin dövrə uyğun obyektlər, sexlər, yüngül fabriklər və sair və ilaxır açırdı. Nəticədə Ağdam Azərbaycanın ən böyük ticarət mərkəzlərindən birinə çevrilmişdi.

Şənbə-bazar günləri Ağdama Qarabağın bütün bölgələrindən, hətta Ermənistandan 10 mindən çox adam gəlirdi. Yerli əhali adətən şənbə-bazar bazara çıxmazdı, tünlüyə görə.

İndi Möhtərəm Prezident İlham Əliyev Ağdamı yenidən tikir, özü də sıfırdan başlayaraq. Və yaxın gələcəkdə bu şəhərdə 100 mindən də artıq adam yaşayacaq. Şəhər hazır olandan sonra burda müxtəlif ali məktəblər açılacaq, təbii ki, kənd təsərrüfatı ilə məşğul olan nazirliklər və komitələr də Ağdama köçürüləcək və Baş planla tanış olsanız görərsiniz ki, yeni tikilən Ağdam əslində kənd təsərrüfatı rayonu kimi deyil, sənaye rayonu kimi qurulur. Ağdamda əvvəllər də bir xeyli sənaye müəssisəsi, zavod və fabriklər vardı. Yəni əhalinin işlə təminatı yüksək səviyyədə həll ediləcək.

Hazırda Bərdə-Ağdam dəmir yolu sürətlə çəkilir. Bərdə-Ağdam şosse yolu demək olar ki, hazırdır, asfaltlaşmaya başlayır, küçələri qaydaya salınır, bir sözlə, icra strukturu qurulur.

Ağdam İlham Əliyevin şəhəri olacaq. Ümumiyyətlə, Qarabağda yenidən tikilən şəhərlər öz adlarını saxlasalar da, tarixdə İlham Əliyevin şəhərləri kimi qalacaq. Bu ayrı bir yazının mövzusudur, inşallah, onu da yazaram.

Atam bizə nağıl danışardı. Böyüyəndən sonra gördüm ki, atamın danışdıqları nağıl deyilmiş, tariximiz imiş. Sadəcə olaraq, nağıl formasında danışırmış ki, anlaya bilək.

Məsələn, atamın nağılları belə başlayardı:

- Biri var idi, biri yox idi, bir xanlar xanı Çingiz xan vardı…

Mən də övladlarıma heç vaxt «Məlikməmməd» nağılı danışmadım, tarixi nağıl formasında söylədim:

- Biri var idi, biri yox idi, bir şahlar şahı Şah İsmayıl vardı…

Və bir də həmişə deyirdim:

- Bakı bizim paytaxtımızdı, Şuşa göz bəbəyimizdi, Ağdam da ürəyimizdi!

Bəli, Bakı bizim paytaxtımızdır! Şuşa göz bəbəyimizdir! Qaldı Ağdama, o da ürəyimizdir!

TƏQVİM / ARXİV