adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Aqil ABBAS: MƏN ABŞ SƏFİRLİYİNİN  TƏDBİRLƏRİNƏ NİYƏ QATILMIRAM?! 

AQİL ABBAS
49732 | 2021-07-13 13:57

Təbii ki, ABŞ səfirliyi  bundan  heç nə  itirmir və məndən ötəri də gözü  uçmur. Mənim də ABŞ səfirliyinin tədbirləri  üçün gözüm  uçmur.

Biri vardı ey, Ann Dersi, bu xanım azərbaycanca   bizim sabiq xarici işlər naziri Elmar Məmmədyarovdan bir az yaxşı danışırdı.

İli yadımdan çıxıb, ABŞ-ın  müstəqillik günü ilə əlaqədar səfirliyin həyətində ayaq üstə yeyib-içmək  məclisi  keçirilirdi. Mən də getmişdim. Bizim həm iqtidar partiyasının, həm də müxalif  partiyaların rəhbərləri və ya rəhbərlikdə  təmsil olunanları yığışmışdılar xanımın  başına və xanım da hamıya  demokratiya  dərsi keçirdi. Çox danışdı, mən də bir qədər  kənardan  qulaq  asırdım ki, görüm bu demokratiya nə olan şeydi?

Axırda dözmədim, yaxınlaşdım, söz aldım və dedim:

- Hörmətli səfir, bayaqdan qulaq asıram çox gözəl danışırsınız, amma ABŞ demokratik ölkə deyil. ABŞ hansı ölkələrə demokratiya  ixrac edirsə, həmin ölkələrdə qan su yerinə axır, ölkələr də dağılır.

Xanım tutuldu. Məni bir tərs-tərs süzdü. Xanım cəhənnəm, xanımın  ətrafındakı YAP-ın və müxalif  partiyaların  təmsilçiləri də mənə Ann Dersidən   daha tərs baxdılar.

Nə isə… O gün-bu gün  bir daha  ABŞ səfirliyinin  tədbirlərinə qatılmadım.

Başqa bir məsələyə də toxunum. ABŞ səfirliyi göndərdiyi  dəvətnamələrdə ingiliscə yazır. İngilis dili bilməyənlər gərək bir tərcüməçi tapalar ki, görsünlər bu dəvətnamədə onlara  söyüş söyüblər, yoxsa xoş sözlər yazıblar.

Bu barədə parlamentdə də bir çıxışım oldu, buna  etirazımı bildirdim. Həm də görən bizim ABŞ-dakı səfirliyimiz də öz dəvətnamələrini amerikalılara Azərbaycan dilində göndərirlər?  Təbii ki, yox. Heç olmasa ABŞ səfirliyi də  dəvətnamələri iki dildə göndərsinlər, dilimizə  hörmət etsinlər.

ABŞ səfirinin Şuşaya niyə getmədiyi barədə  açıqlamasını oxudum. Vacib işi varmış. Müxbir sual verir ki, bəs Almaniya və Fransa  səfirləri niyə Şuşaya getməyib?

Cavab:

- Gedin  onu da Almaniya və Fransa səfirlərindən soruşun.

Təbii ki,  hər hansı bir ölkənin  səfirinə  dəvətdən imtina etdiyinə görə  ittiham  irəli sürmək olmaz.  Amma qınamaq olar, biz də qınadıq.

Yaxşı ki, müxbirə deməyib:

-  Bəs, türk qardaşlarınız olan Özbəkistan, Qırğızıstan, Türkmənistan  səfirləri niyə  getməyib?

Sonda. Soruşurlar ki, niyə ABŞ-da inqilab olmur?

Cavab:

- Çünki ABŞ-da  ABŞ səfirliyi  yoxdur. 

TƏQVİM / ARXİV