adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

ATATÜRKLƏ BAĞLI

SEYFƏDDİN ALTAYLI
47665 | 2014-05-21 00:22
"Yüksəl Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur".

Mustafa Kamal Atatürk


1881-ci ildə bir Bəktaşi ailəsində sarısaçlı, mavigözlü bir uşaq dünyaya gəlir. Mustafa adı qoyulan uşaq, atasını uşaqlığında itirir və qohumlarının himayəsində böyüyür. Əslində onu tərbiyələndirən anası Zübeydə xanımdır. Gün gəlir ibtidai məktəbin yolunu tutur, yeddi yaşında Qurani-Kərimi əzbərləyir, orta məktəbi bitirir və hərbi liseyə başlayır. Hərbi məktəb, hərbi akademiya və Osmanlı İmperiyasının çalxantılı illəri bir-birini təqib edir. Hələ orta məktəbdə müəllimi tərəfindən Kamal adıyla da təltif olunan Mustafa, qabaqgörən bir zabit kimi Osmanlı Dövlətinin taleyi ilə maraqlanır, millətinin dərdini özünə dərd edir. Osmanlı Dövlətini tənəzzülə uğradıb var-yoxunu bölüşmək istəyən imperialist qüvvələr, dövlətə zərbə üstünə zərbə endirir. Mustafa Kamal, Balkan müharibələri, ardınca Birinci Dünya Müharibəsi, Çanaqqala Döyüşləri və müqəddəs vətənin işğalı ilə başlayan bir mübarizə ilə üzləşir. O artıq, bir Osmanlı zabiti olaraq dövləti düşdüyü o qaranlıq çuxurdan çıxarda bilməyəcəyini dərk edir və hərbi libasını soyunub bir kənara tullayaraq mülki paltarıyla xalqının hüzuruna çıxır. "İşğalçılar necə gəldilərsə, o cür də gedəcəklər" deyərək bir tikə çörəyə möhtac xalqını milli və mənəvi dəyərlərlə silahlandırır, Azadlıq Müharibəsini başladır. Bir yandan müharibəni yeridərkən digər tərəfdən də siyasi olaraq Türkiyə Cümhuriyyətinin özülünü silahdaşlarıyla qoyur, Türkiyə Böyük Millət Məclisini yaradır. Növbə işğalçılara gəlir və onlara layiq olduqları dərsi verərək murdar çəkmələrini vətən torpaqlarından təmizləyir. 1919-cu ildə başlatdığı mübarizəni 1923-cü ildə Türkiyə Cümhuriyyətini rəsmi şəkildə elan edərək axıra çatdırır.
Cümhuriyyət elan edilir ancaq xalq altı yüz ildən artıq bir zamanda padşahlıqla idarə olunduğundan, onların nə demokratiyadan, nə cümhuriyyətdən, nə də özünüidarədən xəbərləri vardır. Atatürk və silahdaşları onu da həll etməyin yolunu tapırlar.
Gün gəlir ruhu, onun "dəyərsiz" dediyi bədənini 1938-ci ildə tərk edir və Tanrısına qovuşur. O gündən bəri canını Tanrısına tapşırdığı noyabr ayının 10-cu günü Türkiyədə milli yas kimi qeyd olunur.
Atalar, barlı ağacı daşlayarlar deyib. Dünyasını dəyişəndən sonra onu da daşladılar, daşlayırlar, daşlayacaqlar həm də Atatürkün yaratdığı demokratik, azad və dünya ölkəsi olan Türkiyə kimi bir dövlətdə, yəni Tanrının icazəsiylə özünün yaratdığı siyasi atmosferdə...
Atatürkü sevməyənlər kimlərdir və onu niyə sevmirlər?! İllər uzunu bu sualı öz-özümə sordum və cavabını axtardım. Atatürkü sevməyənlərlə mübahisələrə girişdim, onu sətiraltı yazılarla tənqid edənlərin əsərlərini oxudum və bu qənaətə gəldim:
Əvvəla Atatürk, Hacı Bəktaşi Vəlinin yolunu davam etdirən Bəktaşiliyə can qoymuş bir ailənin yetirməsidir. Yeddi yaşında Qurani-Kərimi əzbərləyən Atatürk, cümhurbaşqanı olduqdan sonra Qurani-Kərimi, Antalyanın Əlmalı mahalında dünyaya gələn, hər yönüylə mükəmməl bir insan və dini xadim olan Məhəmməd Hamdi Yazıra təfsir etdirir. Ancaq özünün şərtlərini də qoyur və o şərtlər daxilində təfsirin aparılmasını istəyir. Beləliklə Hamdi Yazır ilə Diyanət İşləri idarəsi arasında təfsirin nə cür olacağı haqda bir saziş imzalanır. Atatürkün özünün yazdığı şərtlər bunlardır:
1-Ayətlər arasındakı münasibətlər göstəriləcək. 2-Ayətlərin enmə səbəbləri qeyd ediləcək. 3-On növ oxuma şəklini keçməmək şərtilə Quranın oxunuş tərzi barədə məlumat veriləcək. 4-Lazımi yerlərdəki sözlərin və tərkiblərin dil yönündən izahı aparılacaq. 5-Xüsusilə tohid bəhsini əhatə edən ibrət və nəsihət xarakterli ayətlər geniş şəkildə şərh ediləcək. 6-Quranda, birbaşa və ya dolayı yolla İslam tarixinin hadisələri ilə üst-üstə düşən hadisələr izah ediləcək. 7-Qərbli yazıçıların səhvə yol verdikləri yerlərdə oxucuların nəzəri diqqətini cəlb edən şərhlər aparılacaq.
Taleyin qəribə hökmünə baxın ki, Atatürk bu təfsiri, Şərqi Anadoluda ingilislərdən pul və silah-sursat alan Şeyx Səidin üsyan etdiyi bir vaxtda çap etdirib. Kəkük-Musul milli yəminlə ölkənin bir parçası kimi elan edilmişdi, ancaq İngilislər Kərkük və Musul neftinin Türkiyənin əlinə keçməsini istəmirdi. Şeyx Səidi bu məsələ müzakirə edilərkən qızışdırıb üsyan etdirmiş və Türkiyəni çətin vəziyyətdə qoymuşdular. Kərkük və Musul da beləliklə əlimizdən çıxarılmışdı.
Görəsən imperiya siyasəti güdənlər PKK-nı hansı mənafeləri üçün işə salıblar? Əslində aydındır...g
Atatürk dünyanın elə bir vaxtında, Qurani-Kərimi on min nüsxə çap etdirərək ölkə səthində xüsusilə din xadimlərinə və ziyalılara payladıb. Həmin təfsir indiyə kimi bütün din xadimlərinin stolüstü əsərinə çevrilib və ölkədə o səviyyədə hələ də bir təfsir aparıla bilməyib.
Atatürkün, təfsirin özünün qoyduğu şərtlər daxilində aparılmasını istəməsi, sonralar azanın Türkcə verilməsini və namazın da həmin şəkildə öz ana dilimizdə qılınmasını istəməsinin əsl səbəbi xalqın Tanrıya ibadət edərkən ondan nə istədiyini, ona nə cür qulluq etdiyini, oxuyacağı duanın nə mənaya gəldiyini bilməsini istəməsidir. Bundan da daha təbii nə ola bilər ki? Yunanlılar Tovratı II-ci əsrdə öz dillərinə tərcümə edərək oxumuşdular və ona inananlar, yəni musəvi olan yunan nəsəblilər də öz ana dillərində yəhudi dininə əməl etmişdilər. Həzrət İsa da İbrani-Arami dilində danışırdı, ancaq Norvec, Çili, Afrika, Amerika və digər yerlərdəki xristianlar İncili İbrani dilində oxuyur, o dildə ibadət edir bəyəm?
Mənə görə Atatürkü sevməyənlərin əksəriyyəti cahildir və onun şəxsiyyəti haqda zərrə qədər də məlumat yiyəsi deyildilər. Azlıqda qalanlar isə Türkcə danışsalar da onlar etnik olarak yaddılar və Atatürkün silahdaşlarıyla birlikdə Türk millətini məhv olmağa qoymadıqlarına görə xüsusilə Atatürkdən bərk narazıdılar, hətta ona nifrət etsələr də bunu açıq-açığına dilə gətirə bilmirlər və dolayı yolla Atatürkə hücum çəkirlər. Bu şəxslər əllərindən gəlsə Türkiyəni bir qaşıq suda boğarlar, onların nümayəndələrinin də tez-tez televiziya ekranlarında özlərinin iç üzündəki çirkabı açıb göstərən açıqlamalar verməsi heç kəsin gözündən yayınmır.
Bu ilki 10 noyabr günü Atatürkün məqbərəsini ziyarət edənlərin sayı 1 milyon 89 min 686 nəfərə çatmışdı. Dörd milyon yarımlıq Ankara əhalisindən bir milyondan artıq insanın bazar günü evində dincəlməyib Atatürkün məqbərəsini ziyarət etməsi, onun ruhuna dualar oxuması, adı və titulu nə olarsa olsun Atatürkü sevməyənlərə xəbərdarlıq mahiyyətindədir. O qədər insanı hər hansı təşkilat, hər hansı partiya və ya heç bir qurum təşkilatlandırmamışdı, onları məqbərəyə aparmamışdı, o şəxslərin heç birinə nəsə vəd edilməmişdi. Onları Anıtqəbrə aparan yeganə şey Atatürkə duyulan məhəbbət idi.
Gün gələcək o sevgi bəzilərinə öz yerini layiq olduğu şəkildə göstərəcəkdi.

Seyfəddin Altaylı,
Ankara
altaylı[email protected]

TƏQVİM / ARXİV