Aydın BAĞIROV: NAZAROV AZƏRBAYCANI NİYƏ AŞAĞILAYIR?

AYDIN BAĞIROV
104058 | 2020-08-26 15:03

Dmitri Nazarov Qazaxıstanda doğulub, qeyri-rəsmi xəbərlərə görə, 1 yaşında Almaniyaya köçüb. Adı və soyadı ilə Azərbaycan bağlılığı olmayan bu oyunçu 2014-cü ildə, 24 yaşında yığma komandamıza çağırıldı. Dəvəti göndərən o vaxtkı baş məşqçi Berti Foqts olsa da, qərara ilk gündən dəstək verən, Nazarovu milliləşdirib ona Azərbaycan pasportu alan AFFA-nın bugünkü rəhbərliyi idi.

Guya Nazarovun babası azərbaycanlı imiş. Amma futbolçunun Almaniya jurnalistlərindən fərqli olaraq, bizim mediamıza nadir hallarda, o da candərdi verdiyi müsahibələrdən birindəki dolaşıq cavabları bu baba məsələsinin arxasında nəsə şübhəli məqamların olduğunu yaratmışdı.

Həmin bu Nazarov bu gün yaşadığı Almaniyadan mətbuat vasitəsi ilə mesaj göndərib ki, millimizin gələn həftə Bakıda Lüksemburqla keçirəcəyi rəsmi oyuna gəlmir. Daha doğrusu, kobud və hörmətsizcəsinə deyib: "Dəvət aldım, amma getmirəm”.Səbəb kimi koronavirus xəstəliyini əsas gətirib və bura yollanmağın "riskli olduğunu” söyləyib.

Belə düşüncəsiz fikirləri, loru dildə "siyasi quş buraxmaq” da adlandırırlar. Yəni Azərbaycan nə vaxtdan koronavirus xəstəliyinin ocağı, yuvası oldu ki, milli komandanın futbolçusu indi ölkəyə gəlməyi öz həyatı üçün təhlükə də sayır? Məlum, bizdə yoluxma riski maksimum səviyyədə aşağı saxlanılıb, dünya üzrə bu gün üçün Azərbaycan 61-ci yerdədir. Amma milli komandanın futbolçusu Azərbaycanı Afrika, Meksika, Kolumbiya, Banqladeş kimi yoluxmanın sürətlı yayıldığı ölkələrlə bərabər tutaraq Bakıya gəlməyi risk adlandırır. Özü də Almaniya kimi böyük bir ölkənin mətbuatında. İndi həmin açıqlamanı oxuyan alman azarkeşin bizim haqda nə düşündüyün də təxmin edin və...


Yeri gəlmişkən, AFFA-nın rəhbərliyi xaricdə yaşayan legionerlərlə işi, maarifləndirməni hansı səviyyədə qurur, onlara nə deyir ki, Nazarov Azərbaycan barədə xarici mediada belə aşağılayıcı fikirlər də səsləndirir? Dövlət koronavirusla mübarizə üçün bu qədər iş görür. Camaatı razı da salır, haqlı olaraq narazı da, bu ayrı mövzudur. Amma bu o dövlətdir ki, onun futbola ayırdığı vəsaitlə AFFA Nazarov və onun kimilərinə bir kasıb azərbaycanlının bütün ailəsinə 10 il, 20 il bəs edəcək qədər pul ayıraraq millimizə cəlb edib.

Bu azmış kimi, illərdir uzaq ölkələrdən bura gəlib-getmək üçün təyyarə biletlərini alır, yığmada keçirdiyi hər gün üçün gündəlik xərclərini ödəyir, hələ üstəlik tək udanda yox, uduzanda belə mükafat verir. Bu altı ildə dövlətin bir tək Nazarova xərclənən pulu ilə Azərbaycanda uşaq futbol məktəbi qurmaq, onun müəllimlərinə normal maaş ayırmaq olardı. Amma bunlar bu pulu vətənpərvər azərbaycanlı futbolçunun yetişməsindənsə, bir naxələf legionerin özü üçün lüks həyat qurmasına yönəltdi.

... Və bu gün AFFA rəsmi açıqlama yayır ki, Nazarov Azərbaycandan qayıtdıqdan sonra 14 gün Almaniyada karatində qala biləcəyinə görə belə bir addım atıb. Yəni onun Azərbaycanın adına görə 2 həftə evdə oturmağa səbri, dözümü olmadı. Ona görə də bu və bunun kimilər Ermənistanla sərhəddəki son hadisəyə görə cəsarətləri çatıb sosial şəbəkədə Azərbaycana bir cümlə dəstək mesajı paylaşmadılar.

... İndiAzərbaycandan köçüb,ABŞ-da rahat həyat yaşasa da,hər addımbaşı Azərbaycana dəstək olan alban Ansi Aqolli belələrinə neyləsin?

Aydın BAĞIROV


TƏQVİM / ARXİV