adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Başıqapazlı çörək... - Eminquey yazır

EMİNQUEY AKİF
7059 | 2022-01-13 23:54

Hər şeyin süniləşdiyi, görüntü xatirinə olduğu bir zamanda baxçaların birində çəkilən video hal-hazırda sosial şəbəkədə sürətlə yayılmaqdadır. Baxça müəllimi balaca bir uşağı masada oturdub, əlinə kökə verib. Uşaq hər şeydən bixəbər kökəsini yeyir, bu baxça müəllimi əlində telefon uşağa əsəbi tonla dəfələrlə "saxla ağzında" deyir. Və bu "it" rəftarı azmış kimi uşağın başına möhkəm bir qapaz da ilişdirir. Səbəbsə nədir? Uşaq kökə yeyən zaman şəkil çəkilməli və valideyninə göndərilməli ki, baxın, uşağınız çox gözəl baxçada öz şirin kökəsini şad-xürrəm yeyə-yeyə gələcəyə inamla böyüyür. Bəli, məhz belə!

 

Uşaq isə bu qapazdan sonra təbii ki doluxsunur, kökəsindən küsür, qorxur. Yarım dəqiqəlik videoya nəinki bir baxçanın durumu, orada işləyən müəllimin davranışı, hətta bir azərbaycan insanının ömrü sığışıb, ömrü. 

 

o ömür ki, artıq hər şeyilə birlikdə süniləşib. Gülüşü şəkillər, videolar üçündür. Bahalı toyları görünüş üçündür. Universitetə qəbul olmağı görünüş üçündür. İnsanlığı görünüş üçündür. Pərdənin arxasınsa isə ayrı oyunlar dönür. O pərdənin arxasında divlər suyun qarşını kəsir. O pərdənin arxasında simurq quşları dada yetişmir. O pərdənin arxasında çörək...

 

Çörək...

 

Çörək...

 

Çörək deyəndə adamın boğazı quruyur. Bu çörəkdən ötrü nə qədər başıqapazlı olduq, bir Allah bilir. Söz qapazı da yedik, əl qapazı da. Ətəyimizi də qozla doldurdular ki, gülək. Eynən bu uşağın timsalında hamımız başıqapazlıyıq. 

 

Valideynlərimizin, doğmalarımızın, lap hərdən özümüzün belə ürəyi xarab olmasın deyə gülümsəməliyik. 

 

Başımıza qapaz dəyə-dəyə...

 

TƏQVİM / ARXİV