Bilmirəm… - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
2457 | 2024-06-18 10:07

Qarşıma yenə bir video çıxdı. Uşaqlar oğrulara həsr olunmuş mahnı/meyxana sədaları altında rəqs edirdilər. Şərh yerində də təhqirin biri 0,5, yəni yarım qəpik. Söyürük, bu isə çıxış yolu deyil. Nəticəni söyürük, səbəb(lər)i necə, axtarırıq? Şəxsən mən öz-özümə düşündüm ki, nədir bunun səbəbi və ağlıma indi yazacaqlarım gəldi.

- Bir vaxtlar AZTV – nin nəzdində “Bənövşə” Uşaq Xoru fəaliyyət göstərirdi. Xor 1958 – ci ildə Əfsər Cavanşirov tərəfindən yaradılmışdı. Biz uşaq olanda xorun konsertinə maraqla baxardıq. Nə qədər uşaq həvəslənib xora yazılardı. Məktəbdə tədbirlər təşkil edəndə də xorun repertuarına müraciət edərdik… Hələ mən Bakıda yaşayan illərdə AZTV – yə bir sədr təyin olunmuşdu və bu sədr də dedi ki, bu xor bizə lazım deyil. Xorun o zamankı rəhbəri Zülfiyyə xanım da mübarizə aparırdı ki, xoru bağlamasınlar. Sonra nə oldu? Bilmirəm.

- Əfsər Cavanşirov, Oqtay Zülfüqarov, Ağabacı Rzayeva kimi uşaq mahnıları yazan bəstəkarlar var idi və onların, həm də uşaq mahnılarının sayı yetərincə idi. Bu mahnıları da demək olar ki, hər gün tv – dən, uşaq proqramları vaxtı, dinləyə bilirdik. Biz onların mahnıları ilə böyüyürdük. İndi də bütün bunlar varmı? Bilmirəm.

- Tv – də uşaq proqramları üçün ayrıca vaxtlar var idi. Əksəriyyətində də öyrədici çox şey olurdu. İndi də varmı? Bilmirəm

- Uşaq filmləri çəkilirdi və biz də maraqla baxırdıq: “Sehirli xalat,” “Bir qalanın sirri” və.s. Sonuncu filmdə kəmərin belində qalması üçün, heyvanların, otların dilini bilməsi üçün Elşənin nə qədər oxumalı olduğunu görmək adamı oxumağa həvəsləndirirdi. Düşünürdün ki, sən də oxusan, heyvanların, otların dilini bilərsən. Yalan da deyil, birbaşa mənada olmasa da. İndi də bu filmlər nümayiş olunur? İndi də belə filmlər çəkilir? Bilmirəm.

- Məktəbimizə tez-tez kukla teatrının aktyorları, başqa aktyorlar, yazıçılar, şairlər, “Pioner qəzeti”nin, “Göyərçin” jurnalının və.s. redaksiyasından qonaqlar gələrdilər. İndi də belə qonaqlar olur? Bilmirəm.

- Məktəblilərin yuxarıda adını çəkdiyim və çəkmədiyim qəzetləri, jurnalları var idi. Bu redaksiyalara məktublar yaza, sonra (bir çox halda) öz məktubumuzu, şəklimizi, ən azından adımızı qəzetdə, jurnalda oxuya bilirdik. Bu da adamı həvəsləndirirdi. (Şəxsən mənim şəklim, adım “Pioner qəzeti”ndə verilib. Yenə də şəkilim o zamankı tv – nin “Əlifba” verilişdə göstərilib, adım çəkilmişdi. Sabahı gün məktəbdə hamı məndən danışırdı.) İndi də belə şeylər varmı? Bilmirəm.

- İlk siniflərdə “Oktyabryat” olurduq. Sonra pioner və sonra da komsomol. Amma kim yaxşı oxuyurdusa pionerə keçməsi də fərqli olurdu, komsomola da. Məsələn, yaxşı oxuyanlar komsomola tez keçrilirdi. Bu da həvəsləndirməyin bir yolu idi. İndi də belə həvəsləndirici nələrsə varmı? Bilmirəm.

- Pionerlər üçün düşərgələr var idi. Əlaçılar, yaxşı oxuyan uşaqlar oralara pulsuz göndəriş alırdılar. Məsələn, mən məktəbimizin tarixində ilk dəfə Krımda fəaliyyət göstərən “Artek” pioner düşərgəsinə göndərilmişdim. Yenə də belə həvəsləndirici nələrsə varmı? Bilmirəm.

- …………………………………………………………….

- Çox şey vardı; məktəblərdə, kəndlərdə kitabxanalar. Yaşıl örtüyü olmasa da, iki qapısı olan stadionlar, uşaqların oynaması üçün meydançalar, geniş ərazilər… İndi də varmı? Bilmirəm.

Bəli, “bilmirəm”lər çox oldu. Bildiyim, daha doğrusu, inandığım odur ki, kağız üstündə bunların çoxusu olmamış deyil. Bəlkə, bir çox sahələrdə olduğu kimi, uşaqlara çatası bu və digər bu kimi sahələrə, maarifləndirməyə və.s. ayrılmış pullar da “yoxa çıxır”, başqa sözlə ifadə etsək, oğurlanır. Doğrudan da belədirsə və bu oğrular da kef içində yaşayırlarsa, uşaqlar daha niyə oğrulara həsr olunmuş mahnılara oynamasınlar? Dövlətdən oğurlayanların kef etdiyi bir yerdə oğrulara həsr olunmuş mahnılara rəqs etmək təəccüb yaratmamlıdır, deyə düşünürəm. Siz necə düşünürsünüz?

Vüqar Abbasov. Niderland.

[email protected]


 

TƏQVİM / ARXİV