BİR QOM BƏNÖVŞƏYƏ BƏNZƏTDİYİM HEKAYƏLƏR - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1448 | 2023-07-19 10:46

Qarşımda bir kitab var. Əslində kitabdan daha çox bir qom bənövşəni xatırladır mənə. Özü də kol dibində boynu bükmüş bənövşəni yox, üstü şehli günəşə doğru can atan qan bənövşəni. Ona görə qan bənövşəni deyirəm ki, onu tanıyanlar, görənlər bilirlər ki, bu bənövşənin ləçəkləri həmişə şehlə dolu olur və həmişə də həyat əlamətlərini özündə əks etdirir. Bax elə qarşımdakı kitabı da həmin bənövşəyə bənzətməklə (müəllifindən üzr istəyirəm, bəlkə də bu bənzətmə yerinə düşmür - Ə. M.) mən özümü götürüb uzaq bir dağ kəndinə, doğulduğum el-obaya aparıram. Və mənə elə gəlir ki, dünyanın ən saf, ən təmiz, ən gözəl ünvanlarından biri olan, axarlı-baxarlı həmin o kəndin yal-yamacında bitən həmin o qan bənövşələr bu gün də üzü bizə tərəf boylanır. Amma qönçəsi şehlə dolu deyil, göz yaşıyla doludu, nisgillə doludu. Və onun qan rəngi, o nisgili, o ağrı-acını öz qoynunda əridib itirə bilməyibdir. Nə isə
   
   Bəli, qarşımdakı "Hekayələr" kitabını çoxdan oxumuşam. Özü də ayrı-ayrılıqda bu hekayələri "525-ci" və "Proloq" qəzetlərində tələsmədən, maraqla, sevgiylə, həqiqi mənada məni özünə çəkən bir ədəbi nümunə kimi mütaliə etmişdim. Və hətta bəziləri haqqında öz fikirlərimi zamanında müəllifə də söyləmişəm, oxuculara da çatdırmışam. Lap sonuncu "Gulu qah-qah xanımın nağılı" hekayəsini "525-ci qəzet"də oxuyanda mənim ədəbi baxışımda bir dəyişikliyin baş verdiyini, yeni nə isə öyrəndiyini aşkarca duydum. Və elə həmin hekayə barəsində düşüncələrimi qələmə alarkən də çəkinmədən Kamal Abdullanın bu hekayəsini ədəbi janr baxımından çox çevik olduğunu və hekayə içərisində sanki bir cəldliyin, necə deyərlər surətin olduğunu hiss etdim. Bir az da açıq ifadə etsəm hekayənin süjet xətti elə qurulmuşdu ki, hadisələr az qala dabanqırma, yəni yüksək sürətlə bir-birini əvəzləməklə yanaşı, həm də zamanlar bir-biriylə üst-üstə düşür, bir zaman ikincini tamamlayırdı.
   
   Ümumiyyətlə Kamal Abdullanın bu "Hekayələr" kitabı müasir oxucu üçün həm yazı üslubu baxımından, həm mövzu baxımından keçmişlə bu günün və gələcəyin vəhdətini təşkil edən bir toplu kimi ortaya qoyulur. Burada hər bir hekayənin özü ayrı-ayrılıqda bir ədəbi nümunə olmaqla yanaşı, həm də mövzuların müəllifin özünəməxsus bir bulaqdan qaynaması, bir ocaqdan köz götürməsi baxımından zəncirvari bir reaksiyanı xatırladan bir yolü keçib gəlir. Ona görə də oxucu hekayənin birindən ikincisinə keçəndə həmin o davamlılığı özüylə aparır və dəyişən hadisələrin fonunda oxucu yalnız qəhrəmanların adını dəyişdiyini yalnız hiss edir. Bu mənim şəxsi qənaətimdir, çünki hekayələrin dili, üslubu, yazı manerası, ortaya qoyulan məram və məqsəd məndə bu qənaəti yaratmışdı.
   
   Bu gün necə deyərlər, hamı yazır, amma bir şey var ki, hamı da oxumur və oxunmur. Bu mənada hekayə yazmaq o qədər də çətin görünmür, ancaq yazılan hekayənin və digər bədii nümunələrin təkcə mövzusu yox, həm də onun oxucuya verdiyi mənəvi qida artıq bu qələm sahibinin gücündən, imkanından asılıdır. Şəxsən mən Kamal Abdulla yaradıcılığına az-çox bələd bir oxucu kimi onun istər romanlarını, istərsə də hekayələrini və digər janrdan olan əsərlərini, o cümlədən də ədəbi rakurslarını maraqla oxuyuram. Çünki bunların hər birində mütləq təzə nə isə görürəm, tapıram və daha çox da onlar mənə görünür və özləri ortaya çıxırlar. Bax, elə ona görə də bu gün Kamal Abdullanın "Hekayələr" kitabını birnəfəsə oxuyanda heç bir artıqlığa, kənara çıxmalara rast gəlmədim. Öncə ona görə ki, bu hekayələri əvvəldə dediyim kimi əksəriyyətini mətbuatda oxumuşdum, sonra həm də ona görə ki, toplum halında olan bu hekayələr xatırlatdığım qan bənövşənin bir qomu kimi mənimlə üz-üzə idi.
   
   Azərbaycan oxucusu indi yaxşı sözün, kamil əsərlərin o qədər də fərqində deyil. Çünki oxu mədəniyyətimiz, oxu maraqlarımız iqtisadi maraqların, məişət dünyamızın kölgəsində qalıbdır. Amma buna baxmayaraq (boz ədəbiyyat da oxucuları bezdirib - bu da bir şərtdi - Ə.M.), oxucu təsadüfdən və yaxud maraqdan qarşılaşdığı yaxşı kitabdan, yaxşı əsərdən ayrılmaq istəmir. Elə Kamal Abdulla da məhz yaxşı əsərlərin, dəyərli kitabların müəllifi olduğundan mən də bir oxucu kimi bu gün səhhətimlə bağlı yaşadığım problemlərin içində həmin hekayələri yanımdan kənara qoymadan birnəfəsə oxudum və hərdən ağrılar imkan verəndə təkrar bu hekayələrə bir də qayıdıram. Çünki onlar mənim həsrətində olduğum qan bənövşənin gözü yaşla dolu olduğu ünvana çəkib aparır...

P.S. Məndə şəxsi  bir  qənaət də  var : -Daxilən inanıram ki, hər bir  imza  sahibi   az. ya  çox  olmaqla  şərti  ilə, bəzi  müstəsna  hallarda isə  bütövlükdə  ÖZÜNÜ  yazır!!  Bu  mənada  həyatda   və  hər  kəsin diqqət  mərkəzində  olmaqla  yazdığını  sevdirmək, oxutmaq  heç də asan iş  deyil!  Ən azından ona  görə  ki, həm yazıçı, həm elm adamı, həm içtimai  xadim və həm də məmur-rəhbər  olmaqla   bütünlük  tərəfindən  eyni  səviyyədə  sevilmək heç kimə nəsib olmayıb! Bu  , ümumiyyətlə  mümkünsüz  bir  haldı! Çünki, yanaşmalar, dəyər  vermək qabliyyəti, eləcə də dərk etmə  ölçüsü  fərqlidi... Deməli , indiki   reallıqda alim, içtimai  xadim, rektor  və  Xalq  yazıçısı Kamal Abdullanın  yaradıcılığı  və  fəaliyyəti  barəsində kimlərinsə, öncəliklə   öz  çevrəsindən kənarda  tanınmayanların  öz arşınlarına  uyğun çıxışları təkcə  təəssüf  yox, həm də  gülünc  doğurur... Xüsusi  ilə ona  görə ki,  haqqı, kəsilən çörəyi  unudanların, tapdalayanların bu  günü  kimi, sabahları da  olmur,olmayacaq da!

Kamal Abdulla  isə həm RƏSMİ, həm də  qeyri-rəsmi, yəni XALQ  tərəfindən yazıçı  və Alim kimi  bu  gün də, sabah da  olmaq haqqını  qazanıb... Qələminin barı  olan elə  bu  hekayələrlə də!..


   

TƏQVİM / ARXİV