adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATI, YOXSA ÇAYXANASI? - Aqil ABBAS yazır

AQİL ABBAS
855 | 2023-04-27 14:27

Təxminən 75 il bundan əvvəl dünyadakı dövlətlər yığışıb bir təşkilat yaratdılar, adını da qoydular Birləşmiş Millətlər Təşkilatı. Hər il də bu təşkilata üzv dövlətlər milyonlarla dollar üzvlük haqqı ödəyirlər ki, bu təşkilat onların sözünü deyəcək, onların dərdinə əlac edəcək, cırılmış şalvarına yamaq vuracaq. Bir sözlə, at gəldi örkən apardı, it gəldi çarıq. Bu təşkilatın içində də bir təhlükəsizlik komitəsi qayırıblar, dünyanın beş vor zakon dövləti də bu komitənin üzvləridi. Hər hansı bir məsələ burda müzakirə olunanda gərək bu beş dövlət həmin məsələyə yekdilliklə səs versin, yoxsa xiyar əyri bitəcək. Və bu beş dövlət də bir-biriylə bir evin iti kimi deyil, itlə pişik kimi yola gedir.

Hələ bu günədək bu vor zakon dövlətlərin sözünün üst-üstə düşdüyünü görməmişəm və eşitməmişəm. Gərək ki, 1992-ci il idi, ömürlərində bircə dəfə Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsi ilə bağlı və Ermənistan ordusunun Azərbaycan ərazisindən çıxarılması ilə bağlı dörd qətnamə qəbul elədilər, ermənilər də o dörd qətnaməyə və onu qəbul edən vor zakonların üzünə tüpürdü, vəssalam. Bu komitə də heç bir qəti addım atmadı və məcbur olub BMT-nin qətnamələrini Ali Baş Komandanın sərkərdəliyi ilə öz əsgərlərimiz, öz ordumuz yerinə yetirdi.

Vor zakon dövlətlər, yəni ABŞ, Rusiya, İngiltərə, Fransa, Çin BMT-ni heç it yerinə də qoymur. Özləri nə istəyir edir. BMT-yə yanaşmadan istədikləri dövlətləri bombalayır, əhalisini qırır, hətta prezidentlərini də tutub ya asır, ya küçənin ortasında öldürdür, ya da həbsxanada çürüdüb öldürür. Və heç kim də onlara gözün üstə qaşın var demir.

Dünya dağılır, özü də BMT-nin gözü qabağında. Bir başıqapazlı Əfqanıstan var. Sovetlər girdi on il dağıtdı, axırda bacarmayıb çıxdı. Ondan sonra ABŞ girdi, Sovetlərin dağıda bilmədiyini o da dağıtdı, sonda o da rədd olub getdi. İndi də Taliban dağıdır. BMT isə yuxa qulağı sulayır.

İraq, Suriya dağılır. Daha doğrusu, vor zakonlar dağıdır. Yəmən nə gündə, Liviya nə gündə. Hindistanla Pakistan həftə səkkiz, mən doqquz bir-birinin təpəsinə raket yağdırır. Arada da hər iki tərəfdən qırılan müsəlmanlardı. Nigeriyada müsəlmanları qırırlar, Sudanda vətəndaş müharibəsidi.

İndi də tarixləri bir, mədəniyyətləri bir, dinləri bir, hətta dilləri də bir olan iki qardaşı – Rusiya və Ukraynanı digər vor zakon dövlətlər bir-birlərinə qırdırırlar. Az qala erməni-müsəlman davası Ukrayna-Rusiya davasının yanında toya getməli olub. BMT isə susur. Daha doğrusu , susmur ey, boş-boş zəvzəyirlər.

70-90-cı illərdə Filarmoniya bağının aşağısında məşhur bir çayxana vardı – Rəfaelin çayxanası deyirdilər. Bura yalnız şair və yazıçılar və bir də universitetin rüşvət almayan, daha doğrusu, almaq istəməyən kasıb müəllimləri yığışırdı. Bir inqilab yuvası idi – danışırdıq, ürəyimizi boşaldırdıq gələcək Azərbaycan naminə. Əlimizdən də bir iş gəlməzdi, topumuz yox, tüfəngimiz yox. Sonra da gecə hamı dağılışıb gedirdi evinə.

Yenə bu çayxananın 80-cı illərin sonu 90-cı illərin əvvəllərində milli azadlıq hərəkatında rolu oldu. Bu hərəkatın öncülləri Rəfaelin çayxanasının daimi müştəriləri idi. Bu gün üzdə olan siyasətçilərin çoxu da həmin çayxanadan çıxıb.

BMT-nin bu çayxana qədər də nüfuzu yoxdur. Ona görə də mən yazılarımda həmişə Birləşmiş Millətlər Təşkilatı deyil, Birləşmiş Millətlər Çayxanası yazıram.

BMT heç kimə lazım deyil. Dünya dövlətləri yığışıb yenidən bir təşkilat yaratmalıdırlar. Sərt nizamnaməsi, proqramı və ordusu olan bir təşkilat – qaynayan ocaqları söndürmək üçün.

Və sonda. BMT-nin indiki sədrinin də, ağzı pendir kəsməyən sədrinin də, adındakı «u» hərfi ilə bəzən «ö» hərfini səhv saldığıma görə qorxuram yazmağa, eldən ayıbdı.

TƏQVİM / ARXİV