adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

"Bu dünya kişilərçün sürgündü" - Emin Piri yazır

Emin Piri
543 | 2022-05-09 15:50

9 mayda babamla bağlı əhvalatlar yadıma düşdü. Müharibənin əvvəlindən axrına kimi cəbhəddə olmuşdu.

Bir dəfə əsir də düşmüşdü.Stalin dövründə əsir düşənləri sonradan sürgünə göndərirdilər. Müharibə bitəndən sonra bəziləri geri qayıtmayıb. Çünki onları nələrin gözlədiyini bilirdilər. Ən azından o ağrılı müharibə illərindən sonra əsir düşmüş olduqlarına görə bir də sürgün yaşamaq istəmirdilər. Babam qayıtdı. Beləcə sürgünə göndərildi. Stalin ölənə kimi Tacikistanda sürgündə oldu. Sürgündə olanda evlənibmiş tacik qızla. Müharibə dövründəsə 3-4 dəfə evlənib. Müharibəyə qədərsə  3dəfə evlənibmiş.

Uşaq olsam da bir dəfə soruşdum ki; ay baba, camaat döyüşəndə sən də evlənirmişsənki. Qayıtdı ki, sürgündə və ıı dünya müharibəsində( xüsusən partizan hərəkatında, legionda və.s) subay qalmaq daha çətindir. Sürgündən qayıdandan sonrasa nənəmlə evlənib. Yəqin nənəm daha güclü qadın olub deyə axra kimi ona sadiq oldu.Təkcə nənəmdən 9 övladı olub.

Bunlar bir yana müharibəyə qədər yeyib-içən olub. Deyib ki, sağ qayıtsam ömür boyu içməyəcəm, zəhmətlə məşğul olub ibadət edəcəm. Doğrudan da nə içmədi, nə çəkmədi. Hər gün namaza məscidə gedərdi. Yayın istisəndə məscidə gedəndə yolda məscid tərəfdə günvurmadan yıxılıb beyninə qan sızmışdı. Beləcə rəhmətə getdi.

...Mühafizəkar idi. Atam şair Nəsiminin adını qoymaq istəyib mənə. Babam dirəşib ki, o kafir şairin adını qoymayacam. Ad bəzən insanın gələcəyinə çevrilir.

Nəhayət axırda Emin adına razılaşıblar. Həm müasir ada görə, həm də Əmin adına görə.( deyilən görə peyğəmbərin adından biridir).

Ona görə hərdən mənə Əmin deyirdilər.

Bir sözü həmişə qulağımda qalıb. Deyirdi bu dünya kişilərçün sürgündü. Ona görə də evlənin ki, sürgün təkbaşına lap çətin olmasın.

Bu kiçik qeydi yazmağımın səbəbi bəlkə də nə 9 maydı, nə babamdı, nə də müharibə...

Bəlkə də bütün bu yazını yazdıran, beynimə işləyən dediyi bu cümlədir:

"Bu dünya kişilərçün sürgündü!"

Hərdən sürgündə də bayramla baş qatıb təsəlli tapmaq olar...

TƏQVİM / ARXİV