Nazim Hikmət yazır:
Şəhidlərimizi
bərəkət toxumu tək
basdırırıq torpağa.
Gah Varnada,
gah İstanbulda,
gah da Prağada.
İndi biz də şəhidlərimizi bərəkət toxumu tək basdırırıq torpağa – Azərbaycanın hər yerində, hər şəhərində, hər kəndində.
Şəhid analarına təsəlli vermək çox çətindi. Yüz təsəlli onun yarasını sağalda bilməz. Amma mənim onlara verdiyim təsəlli bir az fərqlidi.
- Anam, şəhidlər çiçək olub bitəcəklər, gül olub bitəcəklər. Çinar ağacı, palıd ağacı olub bitəcəklər. Bir gün gedəcəksiniz oğlunuzun şəhid olub qanı tökülən torpağa, görəcəksiz ki, oğlunuzun qanı tökülən yerdə bir çinar ağacı bitib. O sizin oğlunuzdu. Qucaqlayıb əzizləyərsiniz, oğlunuzun iyini, qoxusunu hiss edəcəksiniz.
«Batmanqılınc» romanımda Qacarın qoşunu ilə Məmməd bəy Cavanşirin qoşununun savaşdığı, hər iki tərəfdən minlərlə şəhid qanı töküldüyü bir ərazi var – Ağcabədinin Hindarx kəndiylə Ağdamın Novruzlu kəndi arasındakı düzənlik. Şəhidlər orda dəfn olunub. Amma basdırılanda başdaşı qoymayıblar, çinar ağacı əkiblər. Mən romanı yazanda həmin ərazini tapmışdım. O çinarları öz gözümlə görmüşəm. Ermənilər həmin çinarları da kəsdilər. İnşallah, yerində təzə çinarlar boy verəcək. Həmin ərazidə də Birinci Qarabağ savaşında yüzlərlə şəhid vermişik.
30 ildən çoxdur çiynimdə şəhid tabutu daşıyıram. Dünyanın Ən Ağır Tabutudur şəhid tabutu. Bunu o tabutu daşıyanlar bilir. Əsgəranda şair Zakir Fəxrinin qardaşı Kamilin yanmış nəşini çiynimə qaldıra bilmədim.
44 günlük müharibədə Ağdamda, Ağcabədidə, Tərtərdə daşımışam şəhid tabutlarını.
Ağcabədidə müddətdən artıq hərbi qulluqçu Anar Cəfərovu məzara sığışdıra bilmədik. İlahi, bu boy-buxunda oğlan olar? İki gül üzlü balası da durmuşdu məzarının başında. İlahi, nə gül üzlü, boylu-buxunlu igidlərimiz şəhid oldu Vətən uğrunda. İlahi, bu oğullara niyə qıydın?
Sentyabr savaşında belə gülüzlü 80 balamız şəhid oldu. Adətən Qarabağa gedərdim, bu dəfə ənənəni pozdum, Qərbə üz tutdum – Tovuza, Qazaxa. Şəhid dəfnlərində, yaslarında iştirak eləmək üçün. Və dedim ki, buna görə qarabağlı şəhidlər məndən inciməz.
Tovuzun Abbasqulu dağ kəndində Hüseynov Səddam Rafiq oğlunun yas mərasimində iştirak edirdim. Dünyanın Ən Ağır Tabutunu polislər və əsgərlər yerdən qaldırdılar. Mən tabuta girə bilmədim, qoymadılar, dedilər ki, mane olursan və həm də yol uzaqdı.
Qəbiristanlıq kənddən üç kilometr aralıdakı Çeşməli kəndindədi. Dəfndə minlərlə adam vardı. Bu dağ kəndinin dar küçələri ilə bu qədər yolu Dünyanın Ən Ağır Tabutunu çiynində daşıdı əsgərlər və polislər. Yol boyu da yalnız bu şüarlar səslənirdi:
- Şəhidlər ölməz, Vətən bölünməz!
- Şəhid anası, başını dik tut!
- Şəhid atası, başını dik tut!
- Can Azərbaycan, can sənə qurban!
- Can Azərbaycan, Bayrağına qurban!
Səddam Hüseynov da Anar Cəfərov kimi məzara sığmırdı.
Yolboyu Tovuzun icra başçısı Məmməd Məmmədov deyir:
- Dünən bir şəhidi on altı kilometr çiynimizdə daşımışıq qəbiristanlığa. Camaat deyir ki, o, bu torpağın yolunda şəhid olub. Bizim də borcumuz onu çiynimizdə daşıyıb torpağa təhvil verməkdi.
Sonra Qazaxa getdim. Gizir Kərimov Azad Zakir oğlunun üç mərasimində oldum. Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qazaxdakı hərbi hissələrin, sərhəd qoşunların komandirləri mərasimdə iştirak edirdi. Şəhidin atası Zakir kişi özünü tox tutmuşdu. Təsəlli verənlərə yalnız bir cavabı vardı:
- Təki Vətən sağ olsun!
Milli Qəhrəman Fred Asifin məşhur bir ifadəsi var. Mən onun həmin ifadəsini «Dolu» romanımda yazmışam, filmdə də göstərilir. Fred Asif deyirdi:
- Müharibədə üç cür adam olur: tank belində şəkil çəkdirənlər, müsahibə verənlər və bir də döyüşənlər.
İlk dəfə Fred Asifdən bu sözü eşidəndə qulağıma sırğa eləmişdim. Birinci Qarabağ savaşında neçə il əsgərlərin arasında oldum, səngərdə oldum, amma bir şəkil də çəkdirmədim. 44 günlük müharibədə də Füzuli, Xocavənd, Ağcabədi, Ağdam, Tərtər rayonlarında əsgərlərin arasındaydım, qospitallarda yaralılarla görüşürdüm – yenə də şəkil çəkdirmədim. Köməkçim bir-iki şəkil çəkmişdi məndən xəlvət, dedim, gizlət.
O ağırlığın altında necə şəkil çəkdirmək olar, mənə bir az qəribə gəlir.
Şəhidlər ölməz, Vətən bölünməz!
P.S. Elmira Cəfərqızı səhvimi düzəltdi: "Gördüm Aqil müəllimi.Sağ olsun, gəlmişdi uzaq yolu.Səddam bibim nəvəsidir.Amma kəndlərin adını düzgün verməyiblər Aqil müəllimə.Yəqin İcra hakimiyyətinin səhvidir.Şəhid Çeşməli kəndindəndir.Dəfn olunduğu yer isə qonşu Məşədivəlilər kənd qəbristanlığıdır. Bəli,30 ildir bu dərdin içindəyik.Son hadisələr məni çox sarsıtdı.Axır qəmimiz olsun deyək.Onu da deyim ki, Abbasqulular, Mövləvilər Çeşməli kəndində nəsil adı kimi gedir.Səddam da Mövləvilər tirəsindəndir.Bilmirəm,heç bunları açıqlamağa ehtiyac varmı?"