Ədəbiyyatı "vosmoy bazarı"na çevirməyin! - Eminquey yazır

EMİNQUEY AKİF
1375 | 2022-12-26 13:55

Bir yığın adam var, bu vələdüzinalar ədəbiyyatdan o qədər çirkin məqsədlər uğrunda istifadə edirlər ki, bir də görürsən, pıçıldayır yıxılan, duran – “şairlər, yazıçılar düzgün adam deyillər, filan şair sürtükdü, filan yazıçı hamıya yazır” və s.

Bəli, təəssüf ki bu belədir və bu bir çox sahələrdə də belədir. Amma elə adamlar var, onlar həqiqətən də bu deyilənlərin ən iyrənc formasını yaşayırlar, yaşadırlar. Məsələn, özünə “yazıçı, şair” deyən elə adamlar var ki, bir kitabı haqda, beş-üç şeiri haqda xoş söz yazan adamlardan, xüsusən də xanımlardan özünə fanat, aşiq, hətta özünə sevgili belə düzəldəcək qafadadırlar. Təsəvvür edin, bir adam onu oxuyan əksər xanımlara sürtüklənir. Hətta bununla yetinmir, özü-özünə türklər demiş, “gəlin-güvey” olur.

Elə bilir ki, yazdığı mesajlara hörmətlə, mədəniyyətlə təşəkkür edən hər kəsin əslində ona gizlin məhəbbəti zadı var. Elə bilir ki, kimsə beş-on cümləlik öz içindən buna nəsə danışırsa deməli buna aşiqdir. Elə bilir ki, bütün xanım izləyiciləri bunun dərdindən ölür. Bir adam nə qədər psix, nə qədər şərəfsiz, nə qədər özünə hörmət etməyən biri olmalıdır ki, sadəcə dərdləşdiyi, həmsöhbət olduğu insanla özünə olmayan bir dünya qursun.

Can, ay yazıqlar, yoxluğunuza Məleykəm ağlasın! Almısız əlinizə “şeir”inizi, cızmaqara hekayələrinizi, romanlarınızı düşmüsünüz sosial şəbəkənin, təqdimatların, tədbirlərin canına. Baxmırsınız kim kimdir, ağzınızın suyu tökülür, peysərliklə əhdi-peyman bağlamısınız.

Sonra da çıxıb yekə-yekə danışırsız ki, prezident niyə ədəbiyyata dəyər vermir? Xalq niyə ədəbiyyatdan uzaq düşüb? Niyə bizə hörmət eləmir, dəyər vermir? Xalq sizi “şeir”inizdən asmayıb, şükür edin!

TƏQVİM / ARXİV