Faiq QİSMƏTOĞLU: Biz şəhidləri sevirikmi?!

FAİQ QİSMƏTOĞLU
573 | 2021-12-08 12:26

...Kimə bu sualı versən, hamı bir ağızdan deyəcək ki, biz şəhidləri sevirik, hətta onların yolunda ölümə getməyə belə hazırıq. Amma insanları söz yox, ən çox əməl qane edir. Onsuz da sözdə biz hamımız «Vətən, sənə qurban olum, Vətən canım sənə fəda!» deyirik. Ancaq Vətənə hər adam canını fəda vermir. Sözdə deyir, əmələ gələndə isə aradan çıxıb ilim-ilim itir. Ha axtarırsan, tapa bilmirsən...

 

Gəlin, baxaq görək İkinci Qarabağ savaşında şəhid olanlar kimlərdir? Bu, Böyük Vətən müharibəsində biz 3 min şəhid vermişik. Və 3 min şəhidin hamısı kasıb balasıdır. Elə valideyn var ki, İkinci Qarabağ savaşında 2 övladı şəhid olub. Şəhid anası, şəhid bacısı, şəhid xanımı o cənazəni çiyninə alıb və bununla öz şəhidinə ehtiramını bildirib. Həm də o cənazəni çiynində aparan şəhid anası, şəhid bacısı, şəhid xanımı düşünüb ki, bununla bir təsəlli tapar və son borcunu doğmasına verər...

 

Mən şəhid dəfnlərində çox iştirak etmişəm. Onları evlərinin həyətlərindən qəbiristanlığa qədər kənd camaatı çiyinlərində aparıb. Çiyin verə bilməyən qaçıb əlini təsəlli üçün şəhidin cənazəsinə toxundurub. Çünki bir kənddə, bir eldə o şəhidi minlərlə insan son mənzilə yola salıb. Və o minlərlə insanın hər birinə vaxt çatmır ki, şəhid cənazəsinə çiyin versin. Və çiyin verməyənlər də bayaq dediyimiz kimi, əllərini o cənazəyə toxundurub. Ki, bu da bir təsəllidir!...

 

Biz həmişə deyirik ki, şəhidlər unudulmur. Amma zaman göstərir ki, xeyr, bu, belə deyil. Bəzən şəhidlər də unudulur, onların doğmaları da, övladları da. Amma biz onu düşünürük ki, şəhidləri unutmaq Vətəni yaddan çıxarmaq deməkdir... Şəhidləri unutmaq özümüzü unutmaqdı... Şəhidləri unutmaq hardasa bir içiboşluq, Vətənsizlik, sevgisizlik deməkdir...

 

...Biz şəhidlərə onların layiq olduğu qiymətləri hələ də tam verə bilməmişik. Şəhidlər dəfn olunanda cənazə namazına duran insanlara molla deyir ki, bu şəhidə nə etmisiniz, halal edin! Biz şəhidlərə heç nə etməmişik, nə edibsə, onlar bizə ediblər, onlar qanlarını bizə halal etməlidilər. Biz də onların qanı tökülən Vətən torpağının hər qarışını sevməliyik. Sevə bilirikmi?!

 

Bu gün televiziyalarda şəhidlərlə bağlı sujetlər göstərilir. Düzdü, bəzi televiziyalar onlarla bağlı verilişlər də hazırlayırlar. Amma bu, çox azdır. Ən azından ona görə ki, hər hansı şəhidin döyüş yolu iki dəqiqəlik sujetlə tamaşaçıya çatdırıla bilməz və bu iki dəqiqəlik sujetdə ən yaxşı halda onun qəhrəmanlığının bir epizodu barəsində insanlar xəbər tutur. Qalan qəhrəmanlıqları haqda biz çox şeyi bilmirik. Bax, bu, bizim yaralı yerimizdir...

 

...Heç bir televiziya kanallarının xətrinə dəyməsin. Onlar şou proqramlarına ayrılan vaxtın çox yox, beşdə birini vətənpərvərlik mövzusunda, şəhidlərin sevilməsinə və tanınmasına həsr etsələr, dünya dağılmaz. Dünya onda dağılır ki, bir düşük müğənniyə iki saat vaxt ayrılır, bir şəhidə on dəqiqə zaman ayırmaq müşkül məsələyə çevrilir. Və həmin verilişlərin də, yəni şou proqramların bir yox, on beş sponsoru olur. Məsələn, «Həmin Zaur» verilişinin səkkizə yaxın sponsoru var, qoy olsun, bir şey demirik. Çünki özəl kanallar o sponsorun hesabına yaşayır və əməkdaşlarına maaş verirlər. Hətta elə sponsor var ki, bir küçə müğənnisinə 200 min manatlıq avtomobil bağışlayır. Bu da onun öz işidir. Pulu var, verir və bu gün pullu adamların çoxu elə də savadlı və vətənpərvər insanlar deyillər...

 

Yaxşı, indi şəhidlərlə bağlı vətənpərvərlik mövzusunda verilişlərə sponsor niyə tapılmır? Axı bu sponsorlar həmin şəhidlərin hesabına milyon qazanırlar. Sadəcə olaraq, bəlkə də bu mövzunun təbliğatına pul ayıranlar tapılar. Ancaq onları arayıb-axtarmaq lazımdır...

 

...Mənim də İkinci Qarabağ savaşında şəhidim olub. Onlardan biri bibim nəvəsi, Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olan Elçin Tehran oğlu Süleymanovdur. Elçin Cəbrayıl və Füzuli uğrunda olan ağır döyüşlərdə iştirak edib. Ölkə prezidenti tərəfindən 4 medalla təltif olunub. Onun atası Tehran Süleymanov düz 1 ildir döymədiyi qapı qalmayıb. Ancaq bu günə qədər şəhid Elçin Süleymanovun adı əbədiləşdirilməyib. Çox qəribədir, bəzi məmurlar şəhidlərin adının əbədiləşdirilməsində sanki maraqlı deyillər. Və istəyirlər ki, onlar unudulsun və insanlar bu şəhidləri tanımasınlar. Yaxşı, onların adını əbədiləşdirmək belə çətindirsə, heç olmasa üç min şəhidimiz var. Hər biri haqqında dövlət və özəl televiziyalar qoy yarım saatlıq veriliş hazırlasınlar. Bu, həm şəhidlərin yaddan çıxmamasına, həm də onların doğmalarına bir təsəlli olar...

 

Televiziyalar hər gün «manıs»ları və millətin tanımadığı ara müğənniləri saatlarla təbliğ edir. Qoy olsun. Amma hər televiziya kanalı hər gün bir saat da şəhidlərimizə zəhmət çəkib veriliş ayırsınlar. Çünki hələ müharibə bitməyib və hələ heç o şəhidlərin kəfəni də saralmayıb və hələ o şəhidlərin atalarının, analarının, bacılarının, xanımlarının, övladlarının göz yaşı da qurumayıb...

 

Bax, biz hamımız o şəhid ailələrinə arxa dura bilərik, söykək ola bilərik. Sadəcə olaraq on milyonluq xalqın hamısı sözdə yox, əməldə şəhidlərimizi sevməliyik. Onların qanı axan yerdən, ayaqları dəyən yerdən öpməliyik. Biz indi ziyarət üçün Məkkəyə, Mədinəyə yox, İkinci Qarabağ savaşında torpağa qanı tökülən şəhidlərimizin ziyarətinə getməliyik. Onların övladlarını, əzizlərini qorumalıyıq. Çünki onlar tək şəhid deyillər, həm də Vətəndirlər, Azərbaycandırlar, Qarabağdırlar. Biz Azərbaycanı, Vətəni, Qarabağı seviriksə, hər bir şəhidin xatirəsini əziz tutmalı və ona sevgi ilə yanaşmalıyıq. Hamımız yanaşa bilirikmi?! Qoy bu suala hörmətli oxucular cavab versin...

TƏQVİM / ARXİV