adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Hamı qanuna əməl etsə...

FAİQ QİSMƏTOĞLU
578 | 2022-09-27 12:00

Bütün demokratik və hüquqi dövlətlərdə qanun şahdır və şah qanun deyil. Ən azından ona görə ki, kimliyindən asılı olmayaraq hamı qanuna əməl edəndə heç bir insanın hüququ tapdanmır və insanlar da hüquq və vəzifələrini yaxşı bilməlidilər. Yəni bilməlidilər ki, nəyi etməyə borcludular, nəyinsə də edilməyini gözləməlidilər. Başqa sözlə desək, hər iki tərəf bir-birini anlayanda, bir-birini başa düşəndə heç vaxt qanun pozulmur, əksinə qanunun qorunması insanların həyatını təhlükədən xilas edir, onların daha normal və rahat yaşamasına kömək göstərir.

Bu gün Azərbaycanda qanunların icrasını yerinə yetirən orqanlardan biri də Daxili İşlər Nazirliyidir. Birmənalı olaraq deyə bilərik ki, adını çəkdiyimiz bu qurumun bütün strukturları ictimai asayişin qorunmasında, cinayətkara qarşı mübarizədə, insanların həyatının təhlükəsizliyinin təmin edilməsində əvəzsiz yeri var. Yəni heç kimə sirr deyil ki, insanların hüququ pozulanda, haqları tapdananda və hətta cinayətkar elementlər tərəfindən hansısa cinayət törədiləndə elə birinci polis hadisə yerinə gəlir. Polis təkcə cinayətkarlığa qarşı yox, dövlətçiliyimizin, ərazi bütövlüyünün təmin olunmasında, Qarabağ savaşında yüzlərlə şəhid verib. Hələ biz onu demirik ki, cinayətkarlığa qarşı mübarizənin təşkil edilməsində və ictimai asayişin qorunmasında neçə-neçə polis əməkdaşı qəhrəmancasına həlak olub və Azərbaycan polisi dövlətin, xalqın və millətin ən ağır  günündə həmişə onun yanında olub.

 

Cəbhə xəttində ermənilər tərəfindən təxribatlar artanda, atəşkəs tez-tez pozulanda ölkə daxilində də  hüquq-mühafizə orqanlarının fəaliyyəti daha da gücləndirilir. Yəni polis vəziyyətin mürəkkəb olduğu anda gücləndirilmiş iş rejimində çalışır. Bu mənada metropoliten polisinin də işi çox yüksək səviyyədə təşkil edilir. Mən hər səhər və eləcə də işdən evə qayıdanda metrodan istifadə edirəm. Sentyabrın 12-də və 14-də cəbhədə ağır döyüşlər gedəndə metropoliten polisi də gücləndirilmiş iş rejimində işləyib. Metro stansiyalarına daxil olan sərnişinlərin çantaları bir-bir xüsusi aparat vasitəsilə yoxlanılıb və heç kim diqqətdən kənarda qalmayıb.

Xüsusən də ali və orta məktəblərdə dərslər başlayandan sonra metropoliten polisinin işi dəfələrlə çətinləşib. Çünki dərs başlayan zamandan metropolitendən istifadə edən sərnişinlərin sayı da çoxalıb. Bu isə o deməkdir ki, hər bir sərnişini yoxlayıb metroya buraxmaq üçün müəyyən zaman lazımdır. Üstəlik də son vaxtlar dediyimiz kimi, metronun «Elmlər akademiyası», «28 May», «Koroğlu» stansiyalarında sərnişinlər həddindən artıq çox olur, hətta stansiyaların giriş qapısında yüzlərlə adam durub növbə gözləyirlər ki, metroya daxil olsunlar və polislər onları yoxlayandan sonra stansiyaya düşsünlər.

Hər gün səhər, günorta və axşam saatlarında metro stansiyaları qarşısında bu cür sıxlıq yaşanır. Bu cür sıxlıq zamanı isə bəzən əsəbiləşən, bəzən də hövsələdən çıxan sərnişinlər polislərin yoxlanışından narazılıq edirlər. Amma onlar bir şeyi başa düşməlidilər ki, bu cür şəraitdən düşmən qüvvələr istifadə edə bilər və terror aktı törədər. Ona görə də hər bir sərnişin bu anda, bu məqamda çox səbirli olmalı, çantalarını xüsusi yoxlanış aparatına qoymalı və bundan sonra yoluna davam etməlidir.

İndi təsəvvür edin, həmin yoxlanışda 3-4 polis iştirak edir. Bu 3-4 polis hər gün səhər, günorta və axşam saatlarında yüz minlərlə sərnişinin çantalarını nəzarətdə saxlamalı və bu çantaların xüsusi qurğuda müayinəsi zamanı nəzarət etməlidir. Çünki ola bilər ki, bayaq dediyimiz kimi, həmin çantalarda metro stansiyalarına hansısa partlayıcı qurğu aparılsın. Əgər biz 3-4 dəqiqə bu yoxlanışa dözmürüksə, bəs onda görün 24 saat işləyən metropoliten polisi bu yoxlanışları necə səbirlə həyata keçirir. Əlbəttə, biz ilk növbədə polisə hörmətlə yanaşmalıyıq ki, onlar hər birimizin təhlükəsizliyini qoruyur və 24 saat üzərinə düşən vəzifəni yerinə yetirir. Üstəlik də sərnişinlərdən kimsə haqsız etiraz edəndə polislər çox səbirlə məsələyə müdaxilə edirlər, onlara hər şeyi incəliyə qədər başa salırlar və bildirirlər ki, bu, insanların təhlükəsizliyi üçündür. Gərək vətəndaşlar da, sərnişinlər də qanunlara əməl eləsinlər, hörmətlə yanaşsınlar.

Səhərlər metronun «Xalqlar dostluğu» stansiyasına düşəndə sifətdən tanıdığın o polislərə salam verirəm. Heç onlar da bilmir ki, mən kiməm. Amma salamımı çox səmimi alırlar və hörmətlə yanaşırlar. Üstəlik də xidmət apararkən nəinki mənimlə, eləcə də  yüz minlərlə sərnişinlərlə nəzakətlə davranırlar. Bu isə o deməkdir ki, bizim həyatımızı qoruyan, təhlükəsizliyimizi təmin edən polislər elə doğmalarımızdır.

Mən metropolitendə dəfələrlə polisin özünü pis hiss edən və ağır vəziyyətdə olan sərnişinlərə necə kömək elədiyinin şahidi olmuşam. İnanın, hər gün metronun «Elmlər akademiyası», «28 May», «Koroğlu» stansiyalarında özlərini pis hiss edən sərnişinlər olur. Çünki qatarlarda həddindən artıq səhər və axşam saatlarında sıxlıq yaranır. Bu zamanda isə basabasda olan xəstə və yaşlı adamlar özlərini pis hiss edir, onları sərnişinlər stansiyada düşürür və bu vaxt polislər və stansiyada metropoliten nəzarətçiləri onlara kömək göstərirlər. Ürəyi sıxılan, durumu mürəkkəb olan sərnişini ordakı oturacağa uzandırırlar, ilkin tibbi yardım göstərirlər, əgər sərnişinin vəziyyəti mürəkkəbdirsə, təcili tibbi yardım həkimləri çağırılır. Mən bu cür hadisələrin çox şahidi çox olmuşam.

Ona görə də biz hamımız qanunlara əməl etməliyik. Metroda yaranan basabasdan tez xilas olmaq üçün polisin gözündən yayınıb, əlimizdə çanta stansiyaya düşməməliyik. Onsuz da həmin anlarda sərnişinlər iki cərgədə stansiyaya buraxılır. Çantası olmayanlar bir cərgədə, çantası olanlar isə digər cərgədən içəri buraxılır. Bu anlarda isə bizim hər birimiz kimiliyindən asılı olmayaraq, qanuna hörmətlə yanaşmalı, çantamızı yoxlayıcı qurğuya qoymalıyıq. Bu proses də 5-10 saniyə çəkir. Və 5-10 saniyəyə görə polisin gözündən yayınıb içəri keçmək isə həm qanun pozuntusudur, həm də 24 saat xidmət edən polislərin əsəbinin tarıma çəkilməsidir.

Bir sözlə, biz demokratik və hüquqi dövlətdə yaşayırıq. Deməli, həm də biz qanunlara əməl etməklə öz təhlükəsizliyimizi qorumuş oluruq. Bununla yanaşı, metropolitendə 24 saat xidmət aparan polisə hörmətlə yanaşmış oluruq. Polis və vətəndaş münasibəti normal olanda bundan hər iki tərəf bəhrələnir və heç bir problem yaşanmır. Gəlin, bizim həyatımızı qoruyan DİN-in bütün strukturlarında işləyən polislərə hörmət və sevgi ilə yanaşaq. İnanın, biz onlara hörmət və sevgi ilə yanaşsaq, onlar da bizə hörmət və sevgi ilə yanaşacaqlar.

TƏQVİM / ARXİV