adalet.az header logo
  • Bakı 27°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: “Kişilər ölmür”

FAİQ QİSMƏTOĞLU
392 | 2022-04-22 12:09

Şair-publisist, Prezident təqaüdçüsü Səməndər Məmmədovun yeni çapdan çıxmış kitabı belə adlanır

 

Kitab qədər insanın qəlbinə, ürəyinə işıq, nur gətirən ikinci bir varlıq tanımıram. Çünki kitab deyəndə gözümüzün önünə «Qurani-Kərim» gəlir. İndi siz təsəvvür edin, bu kitab nə qədər müqəddəsdirsə, əzizdirsə, digər kitablar da heç olmasa onun səviyyəsinə çatmasa da, ən azından insanlara elm, mədəniyyət, sevgi, məhəbbət və ilahi bir nur aşılamalıdır. Əgər bu varsa, demək o kitabı oxumağa dəyər.

Şair-publisist, Prezident təqaüdçüsü Səməndər Məmmədov 10-dan çox şeir, publisist yazı və oçerklərdən ibarət kitabların müəllifidi. Hər kitab da öz dəsti-xətti ilə, üslubu ilə və ən nəhayət, xalqımızın adət-ənənələrinə yaxınlığı ilə seçilir. Çünki Səməndər müəllim öz nurunu, işığını və qeyri-adi nə varsa, hamısını xalq yaradıcılığından, bayatılardan, qoşmalardan, gəraylardan, təcnislərdən... götürüb və bəhrələnib.

Kitab xalq şairi və böyük mütəfəkkir Zəlimxan Yaqubun Səməndər müəllimə ünvanladığı məktubla açılır. Həmin yazını bir daha oxucuların diqqətinə təqdim eləyirik: «Təhsilimizin, maarifimizin, şeirimizin, sazımızın, sözümüzün Səməndəri, pərvanəsi qardaşım Səməndər! Sən mənim elimin çox mərifətli oğlusan.  Çox böyük ürək sahibi olan gözəl bir insansan. Saçından dırnağına qədər şeirsən, şeiriyyətsən, sazsan, qara zurnasan, Faxralısan, Borçalısan, Azərbaycan təbiətisən, türk dünyasısan. Sənin haqqında hər şey demək olar. Mən müəllim ailəsində doğulduğum üçün bilirəm ki, məktəb Məkkədir, müəllim Peyğəmbərdir, qələm Allahın danışan dilidir, kitab Qurandır, mütaliə Allah işığıdır. Müəllim elm ilə doludur. Allah hərəyə bir qismət verib. Ən böyük qisməti, ən böyük hüququ müəllimə verib.

Müəllim həyalı, ismətli, abırlı, əl qabarı ilə, alın təri ilə, gözünün nurunu kitablarda kor eləyə-eləyə, elm oxuya-oxuya, elm öyrənə-öyrənə, elm öyrədə-öyrədə milləti tərbiyə eləyən ilahi bir varlıqdır. Onun ailəsi sazın telləri kimi nizam olmalıdır. Orda bircə tel kökdən düşdüsə, hava çalınmayacaq. O sazın doqquz telinin doqquzu da nizam olmalıdır ki, istədiyin vaxt istənilən havanı çala biləsən. Mənim Səməndərim həmişə belə nizam kökdə olsun. Mənim Səməndərim qoy məclislərin yaraşığı olsun, könlümüzə layla çalsın, ruhumuza layla çalsın».

Bax, Səməndər müəllim də böyük xalq şairinin arzularını zaman-zaman yaşadır və milli kökə, dəyərlərimizə söykənərək gələcək nəsil üçün gözəl kitablar qələmə alır. Bu kitabda o, respublikamızın görkəmli ictimai-siyasi xadimləri, elm, sənət adamları, qabaqcıl təhsil işçiləri haqqında yazdığı oçerkləri, şeirləri toplayıb. Təbii ki, hər yazıda onun xalq ruhuna yaxın olan dili, üslubu, təhkiyəsi kitabı çox asanlıqla oxumağa imkan verir.

Azərbaycanın bir çox tanınmış ziyalıları haqqında qələmə aldığı oçerklər və eyni zamanda Borçalı mahalının, Faxralı elinin sayılıb-seçilən şəxsiyyətləri barəsində hazırladığı unikal yazılar sözün həqiqi mənasında oxucuların qəlbinə yol tapır. Tanınmış yazıçı-jurnalist, «Əməkdar mədəniyyət işçisi» Məmməd Məmmədov haqqında, eləcə də şair-publisist Qələndər Xaçınçaylı barəsində yazdığı oçerklər sözün həqiqi mənasında bal kimi şirindi, yaddaqalandı və unudulmazdı. Həm Məmməd müəllimin, həm də Qələndərin görünməyən tərəflərini oxucuya çatdıran Səməndər Məmmədli çox böyük savab iş görüb.

Ümumiyyətlə, ziyalıları yada salmaq, xatırlamaq özü bir böyüklükdür. Bu mənada kitabda toplanmış «Millət sevgisi», «Bilər», «Ana», «Borçalı», «Ocaq», «Faxralı», «Söz fatehi Zəlimxan», «Ay Həmzə qağa», «Öpürəm a dağlar, öpürəm sizi», «Mürsəl əmi», «Dost», «Ədaləti var», «Nur saçacaqlar»... yazıları birnəfəsə oxunur. Adam o oçerkləri oxuyanda elə özünü o insanların yanında hiss edir. Başqa sözlə demiş olsaq, o böyük ziyalıların, o böyük şəxsiyyətlərin ətrini, qoxusunu duyur və hiss edir...

Səməndər müəllimin hansı yazısını oxusan orda sözün nəfəs alıb verdiyini, canlı olduğunu, çırpındığını və ən nəhayət, gün işığı kimi sənin qəlbinə və içinə nur saçdığını hiss edirsən. Kitabı vərəqlədikcə «Nəsiminin oğul balası», «Oxu, Xəlil», «Yalvarıram, gəl keç bizim məhlədən», «Sən yanımda olanda», «Kimdi könlündə, könlündə», «Gəl eşqimin sonası», «Faxralının qara gözlü qızları», «Ay qağa», «Zirvə», «Son zəng», «Günayım», «Suyun çar olsun, ay bulaq», «Faxralının toponomik bayatıları», «Tapındığım nurlar»... yazıları da  adamın qəlbinə bir sığal çəkir, özü nuru, rişəsi ilə bir daha iç dünyamıza bir sevgi, bir məhəbbət gətirir...

Düşünürəm ki, Səməndər Məmmədov hansı mövzuda yazı qələmə alırsa, orda mütləq onun qəlbinin, ürəyinin atəşi var. Və bütün yazılarında da o qəlbinin, ürəyinin, atəşini və sevgisini insanlarla bölüşür. Elə bilirsiniz sevgini hər adam insanlara paylaya bilər? Bunun üçün çox böyük ürək və qəlb lazımdı. Bu ürək və qəlb də Səməndər müəllimin köksündə həmişə döyünür. Bir daha yəqin edirik ki, «Kişilər ölmür» kitabı oxucular tərəfindən maraqla qarşılanacaq, səməndərsevənlər onu  axıra qədər oxuyacaqlar. Çünki hər yazıda, hər publisistikada və hər oçerkdə bir insan qəlbinin sevgisi, məhəbbəti və işığı var. Biz də həmişə işığı, sevgini və məhəbbəti qorumuşuq və qoruyuruq!.. 

TƏQVİM / ARXİV