adalet.az header logo
  • Bakı 29°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: «Neyron»da özbaşınalıq

FAİQ QİSMƏTOĞLU
359 | 2022-06-13 11:57

Bu gün heç kimə sirr deyil ki, bir çox apteklərdə özbaşınalıq baş alıb gedir. Hansı ki, bütün dərmanların qiyməti Tarif Şurası tərəfindən müəyyənləşdirilib. Amma buna baxmayaraq, hər aptek dərmanı müxtəlif qiymətə satışa çıxarır. Təbii ki, bu da alıcıların haqlı narazılığına səbəb olur. Ən azından ona görə ki, onsuz da ölkəmizdə başqa məmləkətlərlə müqayisədə dərmanların qiyməti dəfələrlə bahadır. İndiki iqtisadi böhran və bahalıq şəraitində bir çox apteklər süni qiymət artımından istifadə edərək dərmanları daha baha qiymətə satırlar.

Biz də tez-tez Sahib Zeynalov küçəsi ilə Azadlıq prospektinin kəsişdiyi yerdə yerləşən «Neyron» aptekindən dərmanlar almalı oluruq. Çünki evimizdə xəstəmiz var və həkimin yazdığı reseptə uyğun olaraq həmin aptekə üz tutur və ordan da reseptdə yazılan dərmanları alırıq. Dərmanları almaqda elə bir təəccüblü iş yoxdur. Təəccüblüsü odur ki, hər dəfə dərmanları alarkən qiymət artımına rast gəlirik.

Əczaçı xanım da bunu onunla izah edir ki, müəyyən dərmanları Ukraynadan alırıq. Ona görə də qıtlıq yaranır, dərmanlar bahadır. Sözün düzü, ilk baxışdan xanımın səmimiyyətinə inandıq. Ancaq elə ki, başqa apteklərə baş çəkdik, gördük yox, əczaçı xanımın dedikləri həqiqətə uyğun deyil. Məsələn, bu aptekdən 1manat 20 qəpiyə aldığımız «Triftazin» dərmanını «Elit» aptekdən 46 qəpiyə almışıq.

Aydındır ki, dərman satışındakı özbaşınalıq ilk növbədə, alıcıların başında çatlayır. İyunun 10-da saat 14:50-də yenidən dərman almaq üçün «Neyron» aptekinə baş çəkdik. Bu dəfə isə tam başqa bir mənzərənin şahidi olduq. Xanım dedi ki, tay «Triftazin» dərmanları almırıq, o yoxdur. Dedik ki, heç nə olmaz! Reseptdə yazılmış «Siklodol»ı verin! Xanım qız «bir dəqiqə gözləyin» deyib dərmanı axtarmağa başladı. Axır ki, tapdı və gətirib dedi:

 

- Bu dərmanın qiyməti 6 manatdır.

Sözün düzü, təəccübləndik:

- Axı on gün bundan qabaq o dərmanın bir listini sizdən 5 manata almışıq. Bəs indi noldu belə, baha çıxır?! Bəlkə endirim edəsiniz?

Xanım qız dilləndi:

- Endirim edə bilmərik! Bizdə bəzi işçilər endirim etmişdilər, onu müdir işdən azad elədi...

- Xanım, axı Tarif Şurası vahid qiymət müəyyənləşdirib. Necə olur ki, on gün bundan qabaq o dərmanı 5 manata verirsiz, indi 6 manata?!

- Müdir bizə belə tapşırıb, biz də bu qiymətə veririk. İstəyirsiz alın, istəyirsiz almayın!

Heç biz o xanım qızı da qınamırıq. Çünki ona müdir nə deyirsə, o da ona əməl edir. Amma gərək müdir də qanunla hərəkət eləsin. Qonşu apteklərdə həmin günü «Siklodol»u 5 manata satırdılar. Bu aptekdə isə 6 manat idi.

Görünür, apteklərdə özbaşınalıq hələ çox davam edəcək və Səhiyyə Nazirliyi də süni qiymət artımına qarşı yetərincə mübarizə apara bilmir. Daha doğrusu, məlum nazirlik qaz vurub qazan dolduran aptek müdirləri ilə bacarmır ki, bacarmır. Bunun ağrı-acısını isə minlərlə insan yaşayır.

Onsuz da bu gün elə bir ailə yoxdur ki, onun evində hər gün dərman qəbul edən xəstəsi olmasın. Bəs belə isə, baha qiymətə dərman alan posiyentlər çıxış yolunu nədə tapmalıdır? Əgər apteklərdəki özbaşınalıqların qarşısı alınmırsa, Tarif Şurasının çıxardığı qərara uyğun müəyyənləşdirilmiş qiymətə əməl edilmirsə, buna nə ad vermək olar?

Ümidvarıq ki, Səhiyyə Nazirliyi və eləcə də hüquq-mühafizə orqanları «Neyron» aptekində araşdırma aparacaq, özbaşınalığın qarşısını alacaq və baş alıb gedən qanunsuzluğa son qoyacaqdır. Əks təqdirdə, bu cür fəaliyyət göstərən apteklər törətdiyi əməllərə görə məsuliyyətə cəlb edilməsə, onlar öz əməllərini davam etdirəcək və bu əməldən minlərlə insanlar ziyan tapacaq, haqqı pozulacaq və qanunsuzluqla üzləşəcəklər.

TƏQVİM / ARXİV