adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: O qəlblərə dəyməyin...

FAİQ QİSMƏTOĞLU
523 | 2022-06-16 11:41

...Dünyanın yüksək sivilizasiya mərhələsinə qədəm qoyması bir yandan insanların işini asanlaşdırır, digər yandan müəyyən sıxıntılar, streslər yaradır. Aydındır ki, elmi-texniki tərəqqi, müasir texnologiya və eləcə də ağıla gəlməz kəşflərin gerçəkləşdirilməsi artıq həyatımıza daxil olub. Bayaq dediyimiz kimi, bu sürətli inkişaf isə, Yer üzünə və cəmiyyətə bir çox halda öz mənfi təsirini göstərir...

Bu gün kimi dindirsən əsəbinin pozulmasından, həddindən çox stress yaşamasından, sıxıntılar və ehtiyac içində çabalamasından söhbət açacaq. İstər yaşlı nəsil olsun, istər orta, istər gənc, istərsə də yeniyetmə. Bu streslərin hər biri o insanların iç dünyasındadır. Yenə yaşlı və təcrübəli adamlar bu burulğandan çıxmağı bacarırlar. Çünki onlar görüb-götürmüş və həyat təcrübəsi olan insanlardı...

Amma bizim ən böyük yaralı yerimiz yeniyetmələr və gənclərdir. O yeniyetmələr və gənclər ki, onların əsəb sistemləri bir o qədər də yerində deyil, hər şeyə, hətta kiçik bir hadisəyə belə aqressiv və davakar münasibət göstərirlər. Bu gün hətta orta məktəblərdə psixoloqlar fəaliyyət göstərir. Ancaq buna baxmayaraq, yenə bir çox yeniyetmələr düşdükləri sıxıntıdan və stresdən çıxa bilmir, kiməsə əsəbiləşəndə ya nəyisə vurub sındırır, sözü çəp gələndə dostluq elədiyi həmyaşıdını bıçaqlayır, bir başqası da onun xətrinə dəyəndə evdən çıxıb intihar yolunu seçir.

Yeniyetmələr və gənclərin psixoloji durumu bu gün doğurdan da çox ağır vəziyyətdədir. Baxmayaraq ki, müxtəlif institutlar və qeyri-hökumət təşkilatları onların düşdüyü durumdan çıxması üçün ciddi addımlar atır, kömək göstərir. Amma belə düşünürük ki, bu heç də yeniyetmələrin və gənclərin düşdükləri psixoloji durumdan çıxması üçün bir o qədər də yetərli deyil. Ümumiyyətlə, hər bir yeniyetmənin, hər bir gəncin dilini həm məktəbdə, həm ailədə, həm də cəmiyyətdə biz hələ tapa bilməmişik. Bəlkə tapmışıq?! Əgər tapmışıqsa, bəs bu qədər intiharlar, evdən qaçmalar və cəmiyyətdən küsmələr yeniyetmələrdə niyə qalıb?! Deməli, burdakı boşluğu ya biz görə bilmirik, ya da görürüksə, onun qarşısını almağı bacarmırıq.

Xüsusən də qəbul imtahanlarından sonra bir çox yeniyetmə və gənclər az bal topladıqlarına görə depresiyaya düşürlər, evdən çölə çıxmırlar və hətta bu durumlarına görə bir çox halda valideynləri onlara kömək eləmək, əvəzinə qınayırlar ki, niyə az bal toplamısan?! Bu sözlərdən sonra qapını bağlayıb evdə oturan o uşağın vəziyyəti bir az da ağırlaşır, bir az da o uşaq çətin anlar yaşayır.

Belə hadisələrdən biri də mənim doğma yurdum Böyük Bəhmənlidə baş verib. Belə ki, bu il ali məktəbdə qəbul imtahanı verən və mənə qohumluğu çatan Zaur Süleymanov 615-dən çox bal toplayıb. Təbii ki, bu balla istənilən ali məktəbə qəbul olmaq mümkündü. Amma deyilənlərə görə, sadəcə olaraq onun özü də bu nəticə ilə razılaşmayıb və daha yüksək bal toplayacağına əmin olub. Kimlərsə onun qəlbinə dəyib və o uşaq da artıq 4 gün bundan qabaq evdən çıxıb, mobil telefonu da söndürüb. Onun itkin düşməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsinə də məlumat verilib.

Elə həmin gündən axtarılır, hətta rayonun ərazisindən keçən Mil-Muğan kanalının da suyu kəsilib, onu Böyük Bəhmənlidən tutmuş Beyləqan rayonuna qədər kanalda axtarıblar, tapmayıblar. Çox narahat anlar yaşayan qohumlarım bu gün də onu axtarır. İyunun 15-də ARB kanalında Xoşqədəm Hidayətqızının «Səni axtarıram» verilişində bir oğlan görünüb. İlk baxışdan elə biliblər ki, elə bu axtarışda olan adamdı. Hətta Zaurun valideynləri və doğmaları da həmin verilişlə əlaqə yaradıblar və ordan bildiriblər ki, bu barədə bir şey deyə bilmərik. Oğlunuzun şəklini götürüb gələrsiniz verilişə. Qəribəsi odur ki, ilk anda onlara deyilib ki, oğlunuz tapılıb. Amma sonradan bu məsələ dayanıb və konkret bir söz deyilməyib. Ailə də ilk xəbərdən sevinib və ümidvar olub ki, elə həmin adam onların oğlu olacaq. Amma hələ ki, efirə çıxan o uşağın onların oğlu olub-olmadığı bilinmir. Bilinən odur ki, Zaur Süleymanov itkin düşüb və onun axtarışı davam edir. Allahdan kömək istəyək ki, o uşaq tapılsın və ailə də sevinsin. Çünki qohum-əqrəbanın dediyinə görə, Zaur çox tərbiyəli, savadlı, vətənpərvər bir oğlandı.

Sözümüzün canı odur ki, ümumiyyətlə, valideynlər övladları qəbul imtahanlarına az bal toplayanda ehtiyatlı olsunlar və onların o təmiz, o səmimi ürəklərinə toxunmasınlar. Çünki yerində deyilməyən bir ifadə o qəlbi sındırır və nəticədə uşaqlar həyatdakı uğursuzluqların əvəzini çıxmaq üçün ya intihar yolu seçirlər, ya da evdən çıxıb gedirlər. Bu isə birmənalı olaraq bizim ən böyük ağrıyan, acıyan, sağalmayan yerimizdi. Guya birinci il kimsə ali məktəbə daxil olmasa, dünya dağılacaq.

Biz 1973-cü ildə orta məktəbi 90 nəfər bitirmişdik, ondan biri də ali məktəbə qəbul olmadı. İkinci ili 4 nəfər qəbul oldu. Əsas məqsədimiz odur ki, o yeniyetmələrlə düzgün işləmək lazımdı, onların dilini, qəlbini ələ almağı bacarmalıyıq. Bayaq dedik axı, yerində deyilməyən bir söz o yeniyetmələrdə həyatda küskünlük yaradır, onlar da onun acığını çıxmaq üçün intihara cəhd edirlər.

Gəlin, bu körpə qəlblərini, bu yeniyetmə ürəklərini zədələməyək. Onların düşüncəsini, beynini zəhərləməyək və ehtiyatsız bir sözlə həyatlarına son qoymayaq. Onları qoruyaq ki, onlar da öz istədiklərinə, arzularına qovuşsun, bu Vətənə, bu dövlətə xidmət eləsinlər...

TƏQVİM / ARXİV