adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: ...Ölməyə də yeri yoxmuş...

FAİQ QİSMƏTOĞLU
963 | 2022-04-18 12:18

...Bir çoxları çətinə düşəndə ya dünyanı qınayır, ya da zəmanəni və deyir ki, əşi, bu dünyanın və zəmanənin üzü qara olsun, bizi pis günə qoyub. Amma dərindən düşünəndə görürük ki, bizi pis günə qoyan nə zəmanədi, nə də dünya. Və bizi pis günə qoyan elə biz özümüzük. Yəni biz insanlar heç vaxt tamahına üstün gələ bilmir. Tamahına üstün gələ bilməyəndə də bir insan digərinin haqqını yeyir, ədalətini mənimsəyir və utanıb qızarmadan üstündən də su içir...

...Bu gün hara gedirsən, kimə işin düşürsə, çox nadir halda səni incitməzlər və nəsə ummazlar. Hətta bəzi vəzifəli şəxslər o qədər qudurub ki, hər hansı bir işi yoluna qoymaq, düzəltmək üçün şəhid ailəsindən, iki ayağını və qolunu itirmiş Qarabağ qazisindən ruşvət alır. O qədər belə vəzifəli şəxslər olub ki və bu gün də var, onları saymaqla qurtarmaq olmaz. Zalım bir vəzifəli şəxsi çıxarıb, onun yerinə bir başqasını qoyurlar, elə bilirlər ki, hər şey dəyişəcək. Düzdü, hər şey dəyişir, amma vəziyyət əvvəlkindən də dözülməz və ağır olur.

Belə olanda təzə vəzifəyə gəlmiş adam özündən əvvəlkilərin yeddi arxa dönəninə rəhmət oxutdurur. Hərçənd ki, onların da ölənlərinə rəhmət düşmür. Oğrunun, quldurun fərqi yoxdur. Biri az oğurlayır, biri ondan bir az artıq oğurlayır, biri də lap çox oğurlayır. Yəni həmin adamlar eyni bir medaldır, bir üzü əvvəlkidir, bir üzü də indiki...

Böyük Bəxtiyar Vahabzadənin bir fikri yadımıza düşür. «Allah, sən bizi aclardan yox, tox vəzifəlilərdən qoru. Çünki onların qarınları doysa da, var-dövləti başlarından aşsa da, tox olsa da, gözləri doymur ki, doymur». Bəli, bizim vəzifəli şəxslərimizin bir çoxunun, lap açığı deyək, əksəriyyətinin gözü doymur ki, doymur. Dünyanı onlara versən də, yenə deyəcəklər ki, acından ölürük.

...Kasıb adamın bu gün yası düşməsi çox müsibətdir. Ən azından ona görə ki, Bakıda hər hansı qəbiristanlıqda yer almaq üçün nə qədər pul ödəməlisən. Düzdü, qanunda göstərilir ki, həmin yerin qiyməti 200-300 manat civarındadı. Amma bu görünən tərəfdi. Görünməyən tərəf də ondan ibarətdir ki, hətta şəhərin ən ucqar yerində qəbir yeri min manatdan aşağı deyil. Qəbrin qazılması və digər lazım olan tələbləri də əlavə edəndə bu bir ətək pul edir...

...Qəfil rəhmətə gedəni olan kasıb adam isə bu pulu hardan tapıb ödəməlidir? Bakının Yasamal qəbiristanlığında, eləcə də digər mərkəzi yerlərdə bir qəbir yerinin qiyməti beş min, altı min manat və daha bahadır. Üstəlik də bəzi işbazlar qəbir yerləri ilə alver edirlər. Yəni kimlərsə əvvəldən cüzi məbləğdə pul ödəyib yeri alır, indi onun on qat, iyirmi qat qiymətinə satır. Düzdü, pulu olanlar əziyyət çəkmədən onu alır. İmkanı olmayanlar isə məcbur olub borc-xərcə düşərək Hovsanda və ondan da uzaq yerlərdə qəbir yerləri alsınlar və rəhmətə gedənlərini dəfn eləsinlər.

İndi deyilənlərə görə, Bakının qəsəbələrində və eləcə də digər yerlərdə qəbiristanlara nəzarəti bələdiyyələr edirlər. Hamıya da məlumdur ki, bələdiyyələrin də elə bir səlahiyyəti yoxdur. Ancaq səlahiyyəti olmasa da bu nəzarət onların ixtiyarındadı. Nə başınızı ağrıdaq, bizim məmləkətdə də ixtiyar sahibi olan kiməsə görüm-baxım eləməsən, saqqalının altından keçməsən və bığını yağlamasan çətin ki, sənə müftə-müsəllim məzar yeri verər.

Qardaş Türkiyədə imkansız adamların yas məclisləri və dəfn mərasimi bələdiyyələr tərəfindən təşkil olunur. Düzdü, bizdə bələdiyyələrin bayaq dediyimiz kimi, imkanları türklər qədər deyil, amma tamahlarına üstün gəlsələr, heç olmasa imkansız və kasıb adamlara az da olsa kömək göstərmək mümkündür. Ancaq bir şərtlə ki, o vəzifəli şəxslər vicdanlı və ədalətli olsun. Bunu isə məmləkətimizdə, vəzifə kreslosunda əyləşmiş vəzifəli şəxslərin çoxuna aid etmək olmaz. Ən azından ona görə ki, onları xalqa xidmət yox, gündə qazanacaqları pul maraqlandırır. Vəzifəli şəxs var ki, bir gün işə gedib-qayıdanda pul qazanmasa, səhərə qədər rahat yatmaz və ürəyi partlayar...

...Adam o qədər ümidsizləşir ki, heç Bakıda dəfn olunmaq istəmir. Yenə qurban olum öz elimizə, obamıza, torpağımıza. Yəni rayonda yas vermək də asandı, qəbir yeri üçün də heç bir pul ödənilmir. Yası düşən adamların çox çətinlikdən və yükdən xəbəri olmur. Çadırın qurulmasından tutmuş, qəbirin qazılmasına, sementin, qumun, mişar daşının gətirilməsinə qədər bütün məsələləri qohum-əqrəba təşkil edir. Yas sahbinə bircə qalır rəhmətə gedəninə normal dəfn eləmək.

Bax, hər yerdə belə olsa, camaat da qəbir yeri haqqında, çadır haqqında düşünməz və dərdi başından aşmaz. Amma nə eləmək olar ki, məmləkətimizin əksər yerlərində dəfn mərasimləri çox ağırdır, kasıb və imkansız adamlar həmin anlarda çox böyük sıxıntı və ehtiyac içində yaşayırlar. Bu isə birmənalı olaraq insanlarda ümidsizlik, inamsızlıq və cəmiyyətə bir etinasızlıq yaradır.

Yazımızı Vaqif Bayatlı Odərin aşağıdakı misraları ilə bitirmək istəyirik:

 

Bu dünyada sirr axtarma,

Bu dünyanın sirri yoxmuş.

Yaşamağa yer axtarma

Ölməyə də yeri yoxmuş...

 

TƏQVİM / ARXİV