adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Qız yükü...

FAİQ QİSMƏTOĞLU
909 | 2021-12-13 12:02

...Dünyanın ən zərif və gözəl məxluqlarından biri də qızlardır. Qız olmayan evdə sanki bir işıq yoxdur, hərarət yoxdur və zəriflik yoxdur. Adam var həmişə arzulayır ki, kaş mənim bir qızım olaydı. Çünki həmin adamın yeddi oğlu olub və yeddisindən də yarımayıb. Çətinə düşəndə övladlardan biri gəlib onun qapısını açmayıb. O da dili ağzında «yananda» deyib ki, kaş, o yeddi oğuldan biri qız olaydı...

...Və bir də qızlar analarından çox atalarını istəyirlər. Bunu tək bir adam demir ey, qızı olan və tanıdığım çox adam bu fikri səsləndirir. Deyirlər ki, vallah, qız başqa bir aləmdir. Ata-ana üçün ən çox yanan qız uşaqlarıdı. Bunu bilmirəm, kim necə başa düşür, amma başa düşdüyüm odur ki, doğurdan da, elə qızlarımız var ki, yeddi oğula dəyər...

...Heç yadımdan çıxmır. Mən 8 il Sovet küçəsində, daha doğrusu, Seriteli-73-də ailə qurandan sonra 1982-ci ildən 1989-cu ilə qədər kirayəşin qalmışam. Ora yeddinci paralelni adlanırdı. Sözümün canı heç də o küçənin adı deyil. Sözümün canı odur ki, mən ordakı evdə kirayəşin qalanda həmin evin sahibinin dörd oğlunu, dörd qızını görmüşdüm. Oğlanların üçünün əlindən bir iş gəlmir, qazandıqlarını yeyib-içməyə və arağa verirdilər. Onların arasında tək biri, qəssab oğlu az-çox valideynlərinə baxırdı. Amma qoca arvada, qoca kişiyə ən çox ürəyi yanan o dörd qızı idi...

...O dörd qız hər iki valideynin üstündə yarpaq kimi əsərdi. Bir dəfə elə oldu ki, onların anası Mina xala mənə dedi ki, oğul, oğlum burda yoxdu, bu resepti götür, beş manat da pulu al. Zəhmət olmasa, mənə bu dərmanı alarsan. Mən də aptekdən o dərmanı aldım, dedim ki, qiyməti nə qədər edir? Əczaçı xanım dilləndi ki, 40 qəpik! Mən də gətirib dərmanı və pulun qalığını o qoca nənəyə verdim. Nənə dedi ki, oğul, axı bunun qiyməti 5 manatdır. Hər dəfə oğlum dərmana görə məndən 5 manat pul alır. Dedim ki, yox ey, ay nənə, 40 qəpikdir. Sən demə, içki düşkünü olan oğlu ondan 5 manat alıb, 40 qəpiyinə dərman alıb, 4 manat 60 qəpiyini arağa verirmiş. Bax, bu da oğul...

...Valideynlər bir-iki ildən sonra rəhmətə getdi. Onların ehsanlarını, qəbirüstü abidələrini o dörd qız götürtdü. Və həmişə də onların anım və ölüm günündə məzarlarını ziyarət edirdilər. Bir neçə dəfə biz də rəhmətliklərin məzarlarını ziyarət elədik. Çünki onlar bizə kirayəşin kimi yox, oğul, qız kimi baxmışdılar. Heç belə insanları unutmaqmı olar?

...Bəziləri düşünür ki, onun 3-4 qızı var, tez-bazar ərə verib, canlarını qurtarsınlar. Guya qızı ərə verən kimi yükləri azalır, problemləri həll olunur. Hətta bəzən qonum-qonşu bir neçə qızı olan adama deyir ki, əşşi, un çüvalı kimi bu qızları niyə evində saxlamısan? Ərə ver, yükün yüngülləşsin. Bəzi adamlar da qonşuların dediyi kimi edir, qızlarını bir-iki ayın içində ərə verir, sonradan görür ki, balam, heç də düz iş görməyib. O qızlar ya bir neçə ildən sonra boşanır, ya da çox böyük ehtiyac içində yaşayırlar. Bax, belə olanda yük heç vaxt yüngülləşmir. Əksinə, bir az da ağırlaşır. Belə yerdə deyiblər ey, qız yükü, duz yükü.

Bu gün ölkəmizdə çox pis bir durum yaranıb. 20-ci əsrin əvvəllərində olduğu kimi, bir çoxları ehtiyac üzündən qızlarını 14-15 yaşında ərə verirlər. Ta fikirləşmirlər ki, 15-16 yaşında qız elə özü uşaqdır. O nə bilir ki, ailə nədir, sevgi nədir, məhəbbət nədir. Daha doğrusu, bu uşaqlar heç hələ uşaqlıq dünyasından ayrılmayıblar. Uşaqlıq dünyasından ayılmayan o qızları ərə vermək çox böyük günahdır. Xüsusən də, cənub bölgəsində bu cür hadisələrə və faktlara daha tez-tez rast gəlmək mümkündür. Düzdür, dövlət qurumları qızların erkən ərə verilməsini diqqət mərkəzində saxlayır və az-çox mübarizə də aparır. Amma vallah, bu addımla biz qızlarımızı o uçurumdan xilas edə bilmərik...

...Mən həmişə bir fikri xüsusi ilə vurğulamışam. Qızın ən böyük cehizi onun təmiz əxlaqı və savadıdı. İlk növbədə oğlandan da öncə qız uşaqlarına təhsil verilməlidir. Diplom yox ey, məhz təhsil! Savadı, dünyagörüşü və elmi olmayan o azyaşlı uşaqlar həyatın məngənəsində sıxılıb boğularkən ayağa qalxmağı bacarmırlar. Kimsə onları 1-2 il saxlayıb, sonra küçəyə atır. Həmin küçəyə atılan qızları isə cəmiyyət heç də xilas edə bilmir. Hətta bəzi sığınacaqlarda onlara yer verilsə də, bu, həmin qızların yenidən həyata qayıtmasına dəlalət etmir. Yəni, beləcə qız uşaqlarının taleyi məhv olur və faciələr yaranır.

Deyirlər ki, qız uşaqlarını oxutmaq lazımdır. Tutaq ki, kimsə birtəhər o qız uşaqlarını 18 yaşına qədər böyüdüb boya-başa çatdırdı. Bəs sonra bunun Bakıda və digər şəhərdə oxuması üçün şərait yaradılmalıdır. Yəni, həmin qız uşağı lap ali məktəbə girdi. Ən azından kirayəşin qalmaq üçün 200 manat pul lazımdı. Hələ biz onun əyin-başını, yeməyini-içməyini, kitabını-dəftərini demirik. Onlar da bir ətək pul edir. Əgər bunlar bir ətək pul edirsə, kasıb ailə o qız uşağını necə oxudacaq. Bu məsələdə hər bir qurum, hər bir cəmiyyət üzvü öz üzərinə düşün işin öhdəsindən gəlməlidi. Çünki həmin problemləri tək bir ailə, tək bir kənd və tək bir ev həll etmək gücündə deyildir.

Atalar heç də bu ifadəni təsadüfən işlətməyib: «Qız yükü, duz yükü». Ona görə də biz qızlarımızı çox istəyiriksə, öncə, nəyin bahasına olursu-olsun, onlara savad verməliyik, onları oxutmalıyıq, həyatın bərkini-boşunu öyrətməliyik və sonra cəmiyyətdə mövqe tutmalarına şərait yaratmalıyıq. Unutmaq olmaz ki, hər bir qız bir evin gəlini olacaq. O, ana kimi kiminsə ocağında övladına tərbiyə verəcək. O, özü necə böyüyübsə, övladını da bax, eləcə böyüdəcək və həyata hazırlayacaq. Heç kim bu məsələləri unutmamalıdır. Dediklərimizin unudulması isə cəmiyyətdə və yaşadığımız həyatda çox böyük problemlərin, çətinliklərin yaranmasına təkan verə bilər. Ona görə də bir daha biz qızlarımız barəsində ciddi düşünməliyik: onları ərə verək, yoxsa onlara savad verək?!

TƏQVİM / ARXİV