adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Yeznənin biri...

FAİQ QİSMƏTOĞLU
656 | 2022-05-11 11:45

...Bir neçə gündür ki, ölkəmizdə fasiləsiz yağışlar yağır. Əslinə qalanda bu yağışlar aprel ayında yağmalı idi. Çünki aprel ayının adı həm də Nisan ayı kimi tarixə düşüb. Yəni bu ayda yağışlar daha çox yağmağa başlayır, əkilən tərəvəz, bostan məhsulları, eləcə də taxıl öz rişəsini alır...

...Yağan yağışlar yadıma bir hadisəni saldı. Bu yaxınlarda kəndə getmişdim. Mamam oğlu Təbriz çox duzlu, yumorlu və istedadlı bir adamdır. O da yağışlarla bağlı bir əhvalat danışdı və o əhvalat mənim çox xoşuma gəldi. Düşünürəm ki, mamam oğlu Təbrizin danışdığı əhvalatı oxuculara çatdırsam, bu, onlar üçün də maraqlı olar...

...Bir kişinin iki qızı varmış və hər iki qızı da ailə qurubmuş. Kişi özü də, balaları da çox zəhmətkeş insanlar imiş. Uzaq kənddə yaşayan qızları üçün kişi darıxır, xanımına deyir ki, arvad, nə vaxtdandır yeznələrimdən, qızlarımdan, nəvələrimdən xəbərim yoxdur, gedim görüm nə təhər dolanırlar, vəziyyətləri necədir.

Arvad da kişi yola düşməmişdən öncə hər iki qızının evinə pay-püş düzəldir və ərinə verir. Kişi də bir neçə saat gedəndən sonra qızlarından birinin evinə çatır. Görür ki, yeznəsi evdə deyil. Onlara kömək edən nəvələri də yoxdu. Soruşur ki, ay qızım, nə var, nə yox, necə dolanırsınız?! Qız da deyir ki, ay ata, nə pulumuz, paramız vardı, hamısını verib torpaq almışıq və o torpağa da taxıl səpmişik. Taxıl da pis bitməyib. Şükür Allaha, hər şey yaxşıdır. Vaxtında su vermişik, qulluq göstərmişik və indi də deyəsən yaxşı inkişaf edir.

Artıq taxıl çiçək açıb. Bizimki qalır Allaha. Yağış yağmasa, çiçəkləri vurub öldürməsə, hər şey yaxşı olacaq, taxılımız da bol olacaq, çörəyimiz də, hələ üstəlik onun qalan hissəsini satıb evimizin yarımçıq qalan hissəsini tikəcək, uşağın da təhsil haqqını ödəyəcəyik. Kişi də qızına təsəlli verib deyir ki, darıxma qızım, inşallah, yağış yağmaz, məhsulunuz bol olar, ürəyinizdən keçən arzularınız da çin çıxar...

Kişi bir tikə çörək yeyir, qızı ilə xudahafizləşir. Ordan da çıxıb gedir o biri qızının yanına. Bir saatdan sonra da qızıgilə çatır. Görür ki, yenə yeznə evdə yoxdu, nəvələri də yeznə ilə gedib. Qızının da qanı qapqaradı. Soruşur ki, qızım, sizin dolanışığınız necədi, nə çətinliyiniz var?! O da kövrələ-kövrələ deyir ki, ay ata, şükür Allaha, pis deyil ey, nə qədər pulumuz vardı, o torpağa verdik. Orda da pambıq əkmişik. Pambıq da pis çıxmayıb. Düzdü, bir az alaq vardı, onu da kətmanlayıb təmizlədik. Əgər pambıq yaxşı inkişaf eləsə, bol məhsul götürəcəyik.

Ötən il pambıqdan yaxşı pul qazandıq, evimizi tikib qurtardıq, uşaqların da əyin-başını təzələdik, bir camış, bir inək aldıq. Bu il məhsul bol olsa, Allah qoysa, maşın da alacağıq. Amma gərək yağış yağa, pambıq da inkişaf eləyə. Çünki bu yerlərə su çox çətinliklə gəlir. Gələndə də olmasa ondan yaxşıdı. Kişi qızına toxtaqlıq verir və deyir ki, qızım, qəm eləmə, Allah qoysa, yağış yağar, məhsulunuz da bol olar. Maşın da alarsınız, inək də, camış da...

...Kişi çox fikirli halda evə qayıdır. Arvad görür ki, o, evdən çıxıb gedən kişiyə oxşamır. Çünki evdən çıxanda ovqatı çox yaxşı idi və sevinə-sevinə getmişdi. İndi qanı itin qanıdı, dinib-danışmır da. Arvad dəfələrlə kişiyə sual verir. Kişi də bu sualları cavabsız qoyur. Kişi görür ki, arvad ondan əl çəkmir, axırda hirslənir və deyir: «A köpək qızı, görmürsən qanım itin qanıdır. Uşaqlar pis deyil ey, sadəcə olaraq yeznələrdən birinin vəziyyəti yaxşı olmayacaq. Çünki biri taxıl əkib, deyir ki, yağış yağmasın, o biri də pambıq əkib, yalvarır ki, yağış yağsın! Belə getsə, yeznələrdən biri çezəcək...»

...Bax belə! İndi də yağışın yağmağını istəyən adamlar da var, istəməyən də! Amma heç də hər şey bizim istəyimizlə həll olunmur. Hər şey Allah Təaladan asılıdır. Ona görə də bəzi fermerlər qanlarını qaraltmasınlar və Allahın işinə qarışmasınlar. Bu il məhsul olmasa da, inşallah, gələn il olacaq. Amma görünən odur ki, yağış həm də ruzi, bərəkət rəmzidir. Qoy ruziniz bol olsun, çörəyiniz çox olsun! Çünki ruziniz, bərəkətiniz bol olanda, çörəyiniz çox olanda qonşuya da kömək edib əl tutursunuz...

TƏQVİM / ARXİV