adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Zibil yeşiyinə atılan kitab

FAİQ QİSMƏTOĞLU
1150 | 2021-11-22 12:12

...Kitab oxumaq çox gözəl şeydi. Yəni, kitab oxuyursan, dünyadan xəbərin olur, savadın artır və hətta cəmiyyətdə, həyatda öz mövqeyini də tapa bilirsən. Yəni, kitab oxuyan adam Üzeyir bəyin sözü ilə demiş olsaq, gözü açıq olur, dünyanın gəlişindən, gedişindən xəbərdardır və üstəlik də ürəyi ipək kimi yumşaq olur...

Ümumiyyətlə, kitab elə bir nurdur ki, onu oxuyan adam istər-istəməz içindəki şeytana, qara qüvvələrə və eləcə də cəhalətə üstün gəlir. Kitab oxuyan adam həm də çox insaflı, mürvətli və ədalətli olur. Düzdü, kitab oxuyanların arasında da zalım, zülmkar və vicdansız adamlar ola bilər. O adamlar ki, onların oxuduqları kitablar sözün həqiqi mənasında içlərini təmizliyə bilməyib, qəlbini yumşaltmayıb və adamların cərgəsinə qoşmayıb. Bax, bu cür insanların qanları, düşüncələri və həyat tərzləri zəhərli olduğu üçün o zəhər də onlardan nə qədər kitab oxusalar da, elm öyrənsələr də və hətta Allaha ibadət etsələr də, içləri təmizlənmir ki, təmizlənmir. Deməli, onların zatı və kökü xarabdır...

...Kitabla bağlı mən bir neçə dəfə yazı qələmə almışam və hər yazıda da bir fikiri xüsusilə vurğulamışam ki, kitab deyəndə öncə yadıma Allahın göndərdiyi səmavi kitablar və o cümlədən «Qurani-Kərim» düşür. Ona görə də həmişə zamanından asılı olmayaraq, mən kitaba böyük sevgi ilə yanaşmışam. Nizamini, Füzulini, Xəqanini, Nəsimini, Mirzə Cəlili, Əbdülrəhim bəy Haqverdiyevi, Üzeyir Hacıbəyovu, Mirzə Ələkbər Sabiri, Hüseyn Cavidi, Səməd Vurğunu, Məmməd Arazı, Bəxtiyar Vahabzadə... oxuyanda bax, həmin nuru, həmin işığı və həmin zərifliyi hiss eləmişəm. Yəni, kitab deyəndə bax, o böyük dahilərin qələmə aldığı kitablar yadıma düşür...

Bu gün isə kitabı elə hörmətdən salıblar ki, adam əlinə kitab almaq istəmir. Daha doğrusu, kitab almaq istəyir, müasir yazarların yox, klassik şairlərin və yazıçıların kitablarını vərəqləmək istəyirsən. Kitabı elə ucuzlaşdırıblar ki, adam o kitablara baxanda, matı-mutu quruyur. Bilmirsən, sənə verilən kitabdı, yoxsa söz yığından ibarət olan qəribə bir şeydi. O qədər əndrabadi kitablar nəşr edirlər ki, adam onlara baxanda əti tökülür. Heç elə ətimiz də qalmayıb ha!...

Birinə salam verən kimi, o dəqiqə əl atır çantasına, ordan bir kitab çıxarıb deyir ki, buyur, götür, təzə kitabım çıxıb. Sən də o kitabı götürürsən, vərəqləyirsən, görürsən ki, 300-400 səhifəlik kitabın içində bir poetik söz, bir cümlə, bir fikir tapa bilmirsən. Bax, onda dişin dodağını kəsir və qalırsan çıxılmaz vəziyyətdə.

...Biri yeddi arxa dönəninə şəkil dolu kitab çap elətdirir. Guya bu kişinin oğlu bəy nəslindəndi və öz şəcərəsini də xalqa tanıtmaq istəyir. Hansı ki, onun çap etdirdiyi nə kitabın dəyəri var, nə də o şəcərənin. Yalandan çoxları gedib Tiflis şəhərindən arxivdən bir sənəd tapdırıb gətirir ki, bəs filankəsin babası bəy olub. Bəylik sənədlə verilmir ey! Gərək bəyin oturuşu, duruşu, hərəkəti bəy olsun. Pulu olmaq, maşını olmaq və böyük biznes şəbəkəsi əldə etmək bəyliyə dəlalət etmir...

...İndi doğurdan da məmləkətimizdə kitab çapı çox bərbad vəziyyətdədir. Tam məsuliyyətlə deyirəm: 90 faiz çap olunan kitablar ancaq zibilliyə atılasıdı. 10 faiz kitab var ki, onu camaat arayıb axtarır, oxuyur. Özü də ötən əsrin 70-80-ci illəri ilə müqayisədə bu gün kitab heç də kütlə tərəfindən oxunmur. Əlibala Hacızadənin «İtkin gəlin» romanı 80-ci illərdə çap olunanda çox çətin tapılırdı. Ulu Öndər Heydər Əliyev pambıqçılıq rayonlarına səfər edəndə orda pambıq yığanlardan soruşub ki, sizə nə köməklik edək?! Onlar da Ulu Öndərə deyiblər ki, Əlibala Hacızadənin «İtkin gəlin» romanını tapa bilmirik. O çap edilsə, tapıb oxuyardıq. Ulu Öndər Bakıya qayıdandan sonra nəşriyyata göstəriş verir və həmin kitab yenidən yüksək tirajla çap olunur. Axı onda indiki kimi internet, sosial şəbəkə, nə bilim, bu qədər informasiya mənbələri yox idi. Amma indi ən məşhur yazıçı və şairin kitabları 5 min tiarjla çap olunur, onu alan tapılmır. Gör nə günə qalmışıq ki, kitab oxuyan 5 min oxucunu axtarıb tapmaq müşkül məsələyə çevrilir. Əgər gözəl şeirlərdən, hekayələrdən, povestlərdən, romanlardan ibarət kitabı bu millət oxumursa, bəs onda söz yığınından ibarət kitabı oxuyan kimdir?!

Təbii ki, söz yığınından və şəkillərdən ibarət olan o kitabları bir o qədər də çox tirajla çap eləmirlər. Elə kitab var, 100 ədəd çap edilir, onun da sahibi o kitabları çantasına doldurub qapı-qapı gəzir, kiməsə satmaq istəyir. Kitab oxuyan adam da baxıb görür ki, balam, bu kitab deyil, «maklatura»dı, həmin adamın üzündən keçmir, kitabı alır və sonra da tullayır evin bir küncünə.

...O günü tanış bir adam yolda qarşıma çıxdı. Salam-kalamdan sonra dedi ki, təzə kitabım çıxıb, birini də sənə bağışlamaq istəyirəm. Çantasını açdı, bir kitab çıxardı. Mənə tərəf uzadıb dedi ki, oxuyarsan, mən də tənbəllik etməyib, elə həmin an kitabı vərəqlədim. İçində bir söz, bir kəlmə tapmadım. Hamısı cəfəngiyyat və söz yığını idi. Əgər ona kitab demək mümkünsə. Elə kitab demək mümkün olmadığı üçün əlimdəki «maklatura»nı Elmlər Akademiyası bağındakı zibil yeşiyinə tulladım. Adam kitaba belə hörmətsiz yanaşmaz. Kitaba hörmətsiz yanaşan adamın kitabının da yeri kitab rəfi yox, zibil yeşiyidir...

TƏQVİM / ARXİV