“Gəl, Baş Nazir ol” – dedilər, istəmədi - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
5145 | 2023-07-12 15:17

Bir neçə gün öncə Niderland krallığında hökumət istefa verdi. Bu qərar Niderland üçün o qədər də təəccüblü qərar deyildi, əvvəllər də belə hallar olub. 

Məlumat üçün bildirim ki, son hökumət dörd partiyanın koalisiyasından formalaşmışdı və Mark Rütte ölkənin Baş Naziri idi. İttifaqda olan partiyalar ölkənin qaçqınlarla bağlı siyasətində ortaq məxrəcə gələ bilmədilər və bu da hökümətin istefası ilə sonuclndı. Hökumətin son istefasının digərlərindən fərləndirən o oldu ki, Mark Rütte siyəstədən gedəcəyini açıqladı. Xatırladım ki, Rüttenin partiyası (VVD) 2010 – cu ildən indiyə kimi keçrilən parlament seçkilərində (dörd dəfə seçki keçrilib) ən çox səs yığan partiya olmuşdu və Rütte o vaxdan baş nazir idi. Bəli, Rüttenin siyasətdən gedəcəyini açıqlaması onun partiyasının yeni lider axtarışına çıxmasına səbəb oldu. 

Sirr deyil ki, bir partiyanın uğur qazanması üçün liderin keyfiyyətləri çox önəmlidir. İlk olaraq, Rütte hökumətində bir vaxtlar müxtəlif vəzifələr tutmuş, həmçinin qısa bir müddət Müdafiə naziri olmuş, Klaas Dəykhofa (Klaas Dijkhoff – 1981 – ci ildə anadan olub) üz tutdular. Klaasdan xahiş etdilər ki, partiyanın seçki siyahısına başçılıq etsin. Bu da o deməkdir ki, əgər VVD yenidən qalib gələn partiya olarsa, Klaas formalaşacaq koalisyanın quracağı hökumətdə Baş Nazir vəzifəsini tutacaq. Amma Klaas neylədi? Bundan imtina etdi. Səbəb kimi də göstərdi ki, ötən il açıqlama vermişəm ki, gələcək 15 ildə vaxtımın hamısını siyasətə həsr etmək fikrində deyiləm. Bunu da belə əsaslandırdı ki, mənim ailəm, övladlarım var və mən onlara da vaxt ayırmaq istəyirəm. Səmimi deyim ki, xüsusən övladları ilə bağlı dediyi məni lap kövrəltdi. Axı bəzi ölkələrdə bir çoxları məhz uşaqlarının gələcəkləri üçün vəzifələrə gəlməyə çalışırlar ki, onların gələcəklərinə bir şərait yaratsınlar. Bu şəraiti necə, nəyin, bəlkə də kimlərin hesabına yaratdıqlarını isə xalqımız öz təcrübəsindən gözəl bilir.

Klaasın bu açıqlaması mənə Yaqub Qədri Qaraosmanoğlunun “Zorən diplomat” əsərini xatırlatdı. Müəllif sözü gedən əsərində yazır: “Harda, hansı demokratik üsul-idarədə görünmüşdür ki, hökumət başçısı, nazir olmağa razılıq versin deyə siyasi xadimə yalvaralar? (Söhbət İsveçrədən gedir. V.A)

Onlarda “hakimiyyət” sözünün tamamilə əksi olan “xidmət borcu” sözləri var. Lakin bunlar bəzi demokratik ölkələrdə küçələrdə, xüsusən seçkilər ərəfəsində demoqoqların istifadə etdiyi boş sözlər deyildir. İsveçrəli siyasi dövlət xadimi üçün vicdanla xidmət etmək çox zəruri ehtiyac deməkdir. Onlardan heç biri hakimiyyətin, habelə hakimiyyət sürməyin nə demək olduğunu bilmir. Heç kim bu hakimiyyətin qeyri-məhdud zövqünü dadmamış, amma xidmətin ağırlığını çəkmişdir. Çoxları buna dözmür və vaxtı qurtarmamış siyasi həyatdan çəkilirlər. “Xahiş edirik! Bir az da qalın! Heç olmasa gələn ilə qədər...” Yox, səbri qalmayıb, onun ağası xalqdır, o da nökər kimi onu işlədib, taqətdən salıb, vaxtından qabaq qocaldıbdır.”

Bəs siz necə, məmləkətimizdə belə bir şey təsəvvür edirsinizmi ki, hansısa siyasi xadimə “Gəl, Baş Nazir, yaxud da nazir ol” deyə xahiş-minnət etsinlər və o da “Yox, mən ailəmə, övladlarıma vaxt ayırmaq istəyirəm” desin? Yaxşı, bir icra başçısının, MİS (Mənzil istismar İdarəsi - JEK) rəsinin ailəsinə, övladlarına vaxt ayırması səbəbindən istefa verməsini eşitmisiniz? Gülməyin, sualım ciddidir.

Vüqar Abbasov. Niderland.

[email protected]

Mənbə: https://nos.nl/collectie/13942/video/2482345-klaas-dijkhoff-vertelt-bij-op1-waarom-hij-rutte-niet-wil-opvolgen

 

TƏQVİM / ARXİV