Gözlərimiz səni axtarır... - Faiq Qismətoğlu yazır

FAİQ QİSMƏTOĞLU
2506 | 2023-08-21 11:14

Məhəmmədəli Mustafa – 65

 

...Mənim o qədər də çox dostum olmayıb. Başqa sözlə demiş olsaq, barmaqla sayılası dostlarım, yoldaşlarım var. Ramiz Rövşən demişkən: “Onları sınamışam, hamısı da saf çıxıb”. Deməli, bu, dostlarla çörək kəsməyə, çay içməyə, yoldaşlıq etməyə dəyərmiş...

Onlardan biri də, 1990-cı ilin iyulun 26-dan 2015-ci ilin may ayına qədər “Ədalət” qəzetində bir yerdə işlədiyimiz, dostluq elədiyimiz və ağır gündə bir-birimizə arxa durduğumuz filologiya elmləri doktoru, professor Məhəmmədəli Mustafadır.

Dünyanın ən sadə və səmimi adamlarından biridir desək, yanılmarıq! Çünki özünün də qəşəng bir deyimi vardı: “Özümdən başqa bu dünyada sadə və səmimi adam görmədim”. Bəli, bu, sözü deməkdə Məhəmmədəli qardaşımız haqlı idi. Çünki bəzən kimdənsə etibarsızlıq, xəyanət görəndə ürəyi sınırdı və hətta o adamla görüşmək belə istəmirdi...

...Onunla həddindən artıq yaxın idik. Mənim anam, qardaşlarım, ailəm və balalarım sadəliyinə görə Məhəmmədəlini çox istəyirdilər. Nə az, nə çox düz 30-40 dəfə Bəhmənlidə bizim evdə olmuşduq. Mən onsuz kəndə gedəndə rəhmətlik anam küsərdi və deyərdi ki, Məhəmmədəlini niyə gətirməmisən, axı o, da mənim oğlumdur?! Bax beləcə, Bəhmənlidə mənim qohum-əqrabamın hamısı Məhəmmədəli Mustafanı çox istəyərdi...

...İki il bundan əvvəl ahnan-tufun içində dünyasını dəyişdi. Qardaşı Azər onu həddindən çox istəyirdi. Elə Məhəmmədəli də ona bağlı idi. Azər müəllim deyir ki, Məhəmmədəli insult keçirtdi, xəstəxanaya apardım, bir həftədən sonra vəziyyəti yaxşılaşdı. Amma birdən-birə hər şey dəyişdi və keçindi!.. Biz dost itirdik, Azər müəllim isə qardaş itirdi. Elə biz də qardaş itirdik ey! Çünki Məhəmmədəli bizim hər birimizə qardaş idi. Ondan əvvəl yaxın dostlarımız Lətif Süleymanlını, Qələndər Xaçınçaylını, sonra isə Nazim Ağamirovu itirdik. Onlar bizim ən yaxın qələm dostlarımız, sirdaşlarımız idi...

...Tez-tez onunla çay içdiyimiz Gənclikdəki çayxanaya baş çəkirəm. Amma o çayxanaya girə bilmirəm. Elə yarı yoldan da geri qayıdıram. Gözlərim dolur... Məhəmmədəlisiz, Lətifsiz, Qələndərsiz, Nazimsiz orda o çayı içə bilmərəm. Orda çayı tək içmirdi ki, masanın ətrafında onlarla yanaşı, Asif Talıboğlu, Daşdəmir Əjdəroğlu, Lətif Novruzov və digər dostlarımız da əyləşərdi, deyib-gülərdik, zarafatlaşardıq, amma heç birimiz bu zarafatlardan inciməzdik. Əksinə, çayxanadan çıxanda kefimiz ala buluddan nəm çəkərdi!..

...Hara baxıram gözümə Məhəmmədəli Mustafa dəyir. Metıronun “Neftçilər” stansiyasından çıxıb, yenə onunla bir yerdə tez-tez əyləşdiyimiz çayxanaya da üz tutımaq istəyirəm. Axırıncı dəfə o çayxanada Asif Talıboğlu, mən və Məhəmmədəli Mustafa çay içmişdik. Bax, o bizim son görüşümüz oldu...

...Həddindən artıq ürəyi yumşaq idi və balaca uşaq da onu aldadardı. Adi bir tanımadığı adam rəhmətə gedəndə özünə gələ bilmirdi...

...Yaxın dostumuz və ağsaqqalımız, istedadlı jurnalist Mail Cəbrayılov rəhmətə gedəndə onun hansı hisslər keçirdiyinin şahidi oldum. Çünki o, Mail müəllimlə bir otaqda əyləşir, ezamiyyətə gedir və yaxın dost idilər. Yas yerində oturduq, hamı çay içdi, o, bir qurtum çay da içmədi. Bizim hamımız orda ağlayıb, ürəyimizi boşaltdıq. Məhəmmədəlinin isə gözləri bulud kimi dolmuşdu. Yas yerindən 30-40 metr ayrılmışdıq ki, onun hönkürtüsünü eşitdik. Göyüzündən yağış necə yağırsa, onun da gözlərindən yaş elə axırdı... Asif Talıboğlu, Lətif Süleymanlı, mən və Daşdəmir Əjdəroğlu onu güclə kiritdik. Düz bir ay nə güldü, nə də zarafat elədi!.. Hər gün rəhmətlik Mail müəllimi xatırlayırdı. Deyirdi ki, elə həftə olmur Mail müəllim yuxuma girməsin. Hətta ona bir “Yasin” də oxutdurdum...

...Bax, Məhəmmədəli Mustafa dostluqda, yoldaşlıqda belə sədaqətli insan olub. Atası 80 ildən çox yaşamışdı. Mən də deyirdim ki, Məhəmmədəli, bu sağlamlıq ki, səndə var, atandan çox yaşayacaqsan. Amma Allahın yazısına pozu yoxdur! Onun ölümünə çoxları inanmır və bu gün də elə bilirəm ki, Məhəmmədəli sağdır. O ölümə inanmayanlardan biri də mənim oğlum Emildir. Emil deyir ki, ata, nə Məhəmmədəli əminin, nə də Elxan əminin ölümünə inana bilmirəm. Hətta Emil hər şeyi unudub, bəzən deyir ki, gedək “Neftçilər”də Məhəmmədəli əmiylə çay içək, birdən yadına düşür ki, Məhəmmədəli rəhmətə gedib. Bax, onda da Emilin gözləri dolur və kövrəlir...

...Qardaşımız və dostumuz Məhəmmədəli Mustafa 63 yaşında Allahın dərgahına qovuşdu. Yeni çapdan çıxmış kitabını da görmədi. Amma qardaşı Azər onun arzularını həyata keçirtdi və 40 mərasimində o kitab çap olundu. Bu, Məhəmmədəlinin yeni ömrü demək idi... Kaş bütün qardaşlar Azər kimi sədaqətli və vəfalı olalar!..

Sentyabrın 1-də Məhəmmədəli Mustafanın 65 yaşı tamam olacaq. Düzdür, biz ad gününü onsuz keçirdəcəyik. Amma Məhəmmədəli kimi böyük insanlar – alimlər, yazıçılar, publisistlər, jurnalistlər həmişə sağdırlar. Bu yaxınlarda yaxın dostumuz və qardaşımız Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı ilə görüşdüm. Çünki Məhərrəm müəllim uzun illər Məhəmmədəli ilə dostluq edib, çörək kəsib və hər ikisi də bu dostluğa sədaqətli olub. Elə bir görüşümüz olmayıb ki, orda Məhəmmədəli Mustafadan, Rafiq Hacıyevdən və Lətif Süleymanlıdan söhbət açmayaq. Biz onları həmişə xatırlamışıq. Yazımızı Məhərrəm Qasımlının Məhəmmədəli Mustafaya həsr etdiyi “Söndüm” şeiri ilə tamamlamaq istəyirik. Məhərrəm müəllim onun məzarını ziyarət edərkən yazır: “Gözlərində həyat çağlayan, ancaq ömrün erkən məqamında bizdən ayrılan dostum Məhəmmədəli Mustafanın nisgil dolu məzarı önündə dayandım. Elə bil məzar dilə gəldi:

 

Qışdan-borandan adlayıb,

Söndüm, yaz başında söndüm.

Dostu-yaxını odlayıb –

Södüm, yaz yaşında söndüm.

 

Yoxa çıxdım izlərimdən,

Dağlarımdan, düzlərimdən.

Yar çağıran gözlərimdən –

Əlləri qaşımda, söndüm.

 

Məhəbbətim, mehrim vardı,

Ovsun-ovsun sehrim vardı.

Bir könüldə yerim vardı,

Söndüm, sirdaşımda söndüm.

 

Orxan Paşa, susar oldum,

Sən dərdimi yazar oldun.

Torpaq oldum, məzar oldum,

Söndüm, başdaşımda, söndüm”.

 

TƏQVİM / ARXİV