adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Hakim yaralanmış qanunların həkimi olmasa… - Eminquey yazır

EMİNQUEY AKİF
1773 | 2023-05-16 14:18

Süleyman Dəmirəl danışıb bu əhvalatı.

Osmanlı dövründə ədalətsizliyi ilə məşhur olan Karakuşi adlı bir hakim var idi. Bir gün bir çörək sexinin qarşısından keçərkən Karakuşi gözəl bir qoxu hiss edir. Pəncərədən sinidən nar kimi qızardılmış, sahibini gözləyən dadlı ördək görür.

Karakuşi dükanın sahibinə səslənir:

- Mən bunu almışam.

Hakimə etiraz etmək olar? Dükan sahibi dərhal ördəyi qablaşdırıb ona verir. Az sonra ördəyin əsl sahibi gəlir:

- Bəs bizim ördək hanı?

Dükan sahibi çiyinlərini çəkib “uçdu” deyəndə dava düşür. Qeyri-müsəlman müştəri ilə dalaşanda dükan sahibi vurub onun gözünün birini çıxarır və qaçır. Müştəri də onun dalınca.

Dükan sahibi divardan tullanarkən bilmədən divarın o biri tərəfindəki hamilə qadının üzərinə yıxılır. Qadın uşağını saldığı üçün qadının əri dükan sahibinin arxasınca qaçır. Dükan sahibi bir yəhudiyə dəyir və yəhudi yıxılır, sonra yəhudi əsəbiləşərək onların arxasınca qaçmağa başlayır. Nəhayət, vəziyyətə müdaxilə edən şəhər zəbtiyyələri Karakuşinin qarşısına çıxarır. Hakim onları dinləməyə başlayır.

Ördəyin sahibi:

- Bu adam mənim ördəyimi yoxa çıxarıb.

Dükan sahibi:

- Bu adamın ördəyi uçdu.

Hakim Karakuşi dəftərini açır:

- Ördək sözünün qarşısına təyyar yazılıb. Təyyar “uçmaq” deməkdir. Sonra Karakuşi ördəyin uçmasının cinayət olmadığını deyərək dükan sahibini ördək davasından azad etmək qərarına gəlir.

Sonra qeyri-müsəlman vətəndaşın şikayətin dinləyib yenə dəftərə baxır.

- Kim qeyri-müsəlman birinin iki gözünü çıxarsa, o müsəlmanın bir gözü çıxarılmalıdır.

Qeyri-müsəlman deyir:

- Mənim bir gözüm çıxıb. İndi necə olacaq?

Karakuşi:

- İndi gərək sənin o biri gözünü də çıxaraq, sonra müsəlmanın da bir gözünü.

Qeyri-müsəlman qorxur və şikayətini geri çəkir.

Karakuşi uşağı düşən qadının ərinə deyir:

- Sən də arvadını verəcəksən, onun yerinə bu kişi sənə yeni uşaq gətirəcək.

Qadının əri bunu eşidən kimi şikayətini geri çəkir.

Karakuşi ən sonda yəhudinin şikayətini dinləmək istəyəndə yəhudi əllərini göyə açıb deyir:

- Nə deyim, qazı ağa, yaşasın sənin ədalətin!

P. S gözünü çıxaran, uşağını düşürən, ördəyini əkən hakimdirsə, nə edə bilərsən ki?! Ədalətsiz dünyadır da...

 

TƏQVİM / ARXİV