Hər birinizə hərbi salam var! - Orxan Saffari yazır

Orxan Saffari
182499 | 2021-08-13 16:13

Artıq bir neçə gündür ki, hərbidəyəm. Qarşıda sizlərə az, mənə isə, az qala, bir qərinə görünən müddət var. Bu yazı bura gələn gün “n” saylı hərbi hissənin tibb məntəqəsinin qarşısında dayananda beynimdə yazıldı. Gözüm ancaq tanış adamlar axtarırdı. Ətrafda hərbi formada yüzlərlə əsgər, onlarla zabit var, mən də formanın üstündəki adlara baxırdım.Üstəlik, məhlə uşaqlarımı, Bayıl uşaqlarını tapdım. Mülkidə görəndə salam vermədiyim adama da salam verdim.

“Payızov” – gördüyüm ən maraqlı soyad. Hələ ada baxın  “Dədqarı”. “Şamanadze” – bu da soyaddır.

Dediyim kimi, bu yazını elə həmin an yazdım. İndi vaxt tapıb qələmə alıram. Bu yazdıqlarım sadəcə əlavələrdir.

Hərbidə olan dostlar danışanda mənə qəribə gəlirdi. Amma, doğrudan da, burada başqa bir ab-hava var. Mülkidə daim kitab oxuyanlardan qaçsam da, burada ancaq elələrini axtarıram. Hətta axşamlar meyxana da deyirik.

Yazıçı olduğumu az adam bilir. Yanımda yatan uşaq da dirənib ki, sən canın, məndən də yazı yaz.

Qəribə adamlar, qəribə rejim... Artıq öyrəşmişəm. İndi mənə sadəcə darıxmaq qalır. Dostlar üçün, sevdiklərim üçün çox darıxıram. Hələ yolun başlanğıcındayıq. Sağlıq olsun, daha yaxşı olacaq. İndidən bütün sevdiklərimə, Faiq Ağayevin sözü olmasın, bütün məni sevənlərə hərbi salam göndərirəm. Qayıdanda bir-bir əlinizi sıxacaq, qucaqlayacağam. Pafoslu olmasın, çalışacam ki, sizi, Vətəni qoruyum. Siz də özünüzdən muğayat olun, görüşənədək!

Kazarma,

07.08.2021

  • Sentyabr:
  • 20

TƏQVİM / ARXİV