Darıxmaq haqqında tez-tez yazanda, danışanda qəribə oluram. Hərdən özümə də suni gəlir, elə bilirəm, yalandan darıxıram, amma yox, sonra görəndəki bu orijinal darıxmaqdı, dağın ən təpəsinə, dərənin ən dibinə kimi darıxmaqdı bu, onda ürəyim yerinə gəlir. Bilirəm ki, hələ ölməmişəm. Hələ də ağrı-acı hiss edə bilirəm. Necə deyib böyük döyüşçü İmam Əli? "Öz ağrılarını hiss edirsənsə, canlısan. Başqalarının ağrısını hiss edirsənsə, insansan".
Çox da yuxarıdan getməyim, ola bilər, desəm də, inanılır gəlməsin, ona görə də başqalarının ağrılarını hiss etdiyimi demirəm, amma başqalarının yerinə darıxdığımı dəqiq deyə bilərəm. Məsələn, tərxis olunmağına 30 gün qalmış şəhid olan bir əsgərin yerinə hara qədər desən darıxmaq da olar, ağrımaq da...
Bu andır darıxmaq elə şeydir ki, lap o gözəlim şeir kimi:
-Birdən elə adam düşür yadına, düşmənə deməzlər, dosta deməzlər.
Hər şeyi də hər dəqiqə demək olmur, axı. Məsələn, gecənin bir aləmi şaxtada yuxudan qalx, geyin kaska-branjilet, slarjeniya, götür silahını, çıx posta. Özünə gələn kimi adama bir dənə sazaxlı darıxmaq gəlir ki, yanında qazaxlı şair olsa da heç bir şeirnən ovuda bilməz səni. Belə məqamlarda şeir, kədər üstə kədər gətirir.
"Birdən elə adam düşür yadına, Düşmənə deməzlər, dosta deməzlər" sözündəki o adam da yadına düşdümü, hazırsan. Səndən bir də çətin adam olsun. Bu elə şeydir ki, bəzən çiyin-çiyinə olduğun əsgər yoldaşlarına da deyə bilmirəsən, qəfil posta basqın olsa, düşmənə də demərsən. Ümumiyyətlə, məndən heç parol ala bilməzlər, qaldı başqa söhbət olsun. Özüm ölüm, qan düşər!
İçimdə özünlə danışmaqdan adam təmiz yoğrulur. Vəziyyətlə əlaqədər burda çox şey yadımdan çıxır, daha doğrusu , qəfil unutqanlıq olur. Bir də görürsən ki, hansısa bənd, misra ani yaddan çıxır. Gəl, indi onu tap.
Məsələn, keçənlərdə patrul vaxtı gəlib bu şeir düşmədimi yadıma? Düşmənin gözü çıxsın, alayarımçıq düşdü deyə dəli olmuşdum. İndi bu dağda-dərədə hardan tapım? Allah belə dərdi düşmənimə göstərsin elə. Məsələn, bir gənc erməni şairi posta çıxdığı vaxt darıxsın, yadına erməni şairi dkfjsldlfks şeiri düşsün, amma alayarımçıq. Cırıq-cırıq olsun ordaca.
Könlüm səndən dönən deyil,
Gəlmir xoşuna, gəlməsin.
Mən sevirəm, qədrimi bil,
Nadan tuşuna gəlməsin.
İncit necə istər kefin,
Əzabıma baxıb sevin!
Ölsəm, ağla, qoy heyifin
O göz yaşına gəlməsin.
Taleyimin üzü sərtdi,
Eşqindən dönən namərddi.
Unudulmaq yaman dərddi -
Gülüm, başına gəlməsin.
Eşqindən dönən də, bizim bu ermənilər də namərddi, bilirsiz.
Postun qanunları var, məsələn, post yoldaşınla danışa bilməzsən. Allah aqqı, yaxşı ki, özün özünlə danışmağa bir şey deyilmir. Yaxşı ki, eşidən olmur, yoxsa, bir dəfə yadıma düşəndə içimdə dediyim ' istəyirəm ki, dünyada səndən xoşbəxt adam olmasın' sözünü eşidən adam, zabit, maxe adama nə deyər? Tutaq ki, nəsə dedilər, mən nə cavab verərəm?
Ona görə məni özümlə baş-başa buraxın deyə də bilməyəcəm. Yaxşısı budur, siz mənimlə qalın, mən də sizinlə. Əsən qalın, gecəniz şeirə.