adalet.az header logo
  • Bakı 11°C

"Laçından bilməm neçənci yazı" - Orxan Saffari yazır

Orxan Saffari
2206 | 2022-01-13 11:22

Hər dəfə Laçın haqqında nəsə yazandan sonra elə bilirəm ki, artıq bu, sonuncu yazıdır, daha yaza bilməyəcəm, amma elə olur, bir yaz bitən kimi ikinci yazı da içimdə cücərir. Bilmirəm nədəndir, amma Laçın adı mənə çox ağır gəlir. Məsələn, bir Füzulili, Cəbrayıllı deyəndə eyni effekti, intonasiyanı hiss etmirəm, amma Laçınlı deyəndə elə bilirəm, fərqli enerjisi var. 

 

Yəqin, siz də mənimlə razılaşarsınız ki, Qarabağın müəyyən yerləri adama daha doğma, daha ağır gəlir. Məsələn, soyqırıma görə Xocalı. İlahi, özümü anandan bu ad həmişə mənə dəhşətli gəlib. Olsun Xankəndi, olsun Şuşa. O cümlədən də Laçın.

 

Buranın ən boz yeri də, ən gözəl yeri də mənə kədərli gəlir. Gecəsindən gündüzünə, ağacından meşəsinə, canavarından çaqqalınacan. Hər şeyi, hər şeyi kədərli gəlir. Düzü, indiki ayəmdə gecələr daha təhlükəlidir, amma neyləyim ki, zülmətə aşiqəm? Hərdən gecələr istər piyada yol gələndə, istərsə də hərbi maşınlarla, seyr etdiyim ətraf mənə olmazın kədərini verir. 

 

Havası kimi gecəsi də qəribədi buraların. Bir də görürsən, günəşin təpəni deşdiyi vaxta qar yağdı. Hələ qarın qurd saldığı yerləri demirəm. Yaxud, patrul çıxanda, postda olanda. Əlimi atsam çatacaqmış kim duran ulduzları, gündüzlər belə batmayan ayı... İlahi, bütün bunlar məni niyə darıxdırır ki? Hərdən elə bilirəm, buraların qədrini təkcə özüm bilirəm. Bu qədər şeyə tək mən kədərlənə bilirəm. 

 

Rəhmətlik babam Şahmar Səfərov Laçın yaylaqlarına çox gəlib. Ümumiyyətlə, Laçının Laçın vaxtında buranın oğruları ən məharətli oğrular hesab edilərdi. Amma rəhmətliyin təvəzökarlığından uzaq, babam da elə belə adam olmayıb. Ki, babamın heyvanlarına oğurluğa gələn Laçın oğrularını öldürməyərək əliboş qaytarıb. Tüfəngin ucunu sinələrindən çəkib, yola salıb, səhəri gün də babamın kim olduğunu bilib, vurub qoltuqlarına quzunu, gəliblər barışığa. İndi mənə babamın da özünün danışdığı bu söhbətlər yadıma düşür, hər dəfə fərqli yerlərə gedəndə içimdə deyirəm, görəsən, babam burda olub? Bura ayağı dəyibmi? Dəyibsə, başımızı qoyaq...

 

Bəlkə də bütün hər şeyə bir ədəbiyyat, yazı kimi baxdığıma görədir ki, ən çətin şərait belə, nə qədər əziyyət çəksəm də maraqlı gəlir. Ən ağır anlarda da bunu yazacam, bundan yaxşı yazı çıxar deyib təskinlik verirəm özümə. 

 

Dost-tanışla telefon əlaqəsi saxlayanda dediyim ilk söz bu olur; Sizi Laçın şəhərindən narahat edirəm. 

 

Bilmirəm qarşı tərəf hansı hissləri keçirir, amma bu sözüm özümün o qədər xoşuna gəlir ki...

 

Pafosdan bir post uzaq, sizcə də gözəl narahatlıq deyilmi?

 

İcazə verin, azca da pafosa yüklənim:

 

O gün olsun, Azərbaycan əsgəri yaxınlarını bütöv Azərbaycandan narahat etsin. O taylı bu taylı. 

 

Özüm isə indilik sizi Zəngəzurdan narahat edirəm, şaxtalı salamlarımı göndərir, sizin də isti sevginizi qəbul edirəm. Qismət olsa, görüşərik.

  • Oktyabr:
  • 29

TƏQVİM / ARXİV