" Həmin gün kitab imzalamaqdan əlim şişmişdi " - MÜSAHİBƏ

Orxan Saffari
127409 | 2021-06-14 10:22

Şair Aqşin Evrən Adalet.az saytına müsahibə verib. 

 

- Aqşin, uzun illərdir yaradıcılıqla məşğul olmağına, tanındığına baxmayaraq kitab çıxartmırdın. Amma sonradan birini- "Mənfi sənsiz dərəcə" şeirlər kitabını çıxartdın. Necə idi, dəydimi? İstədiyin reaksiyanı aldın, yoxsa, sakit qarşılandı?

- Əvvəlcə ilk kitabımdan qısaca danışım, sonra digər istiqamətdə fikrimi deyəcəm. İlk kitabıma maraqla bağlı onu deyə bilərəm ki, nəşrindən 3 ildən çox vaxt keçib, amma hələ də insanlar bu kitabı mağazalarda axtardıqlarını, tapa bilmədiklərini deyirlər. Hətta İnstaqramda bir oxucu yazmışdı ki, mənə o kitabın bir nüsxəsini gətirin, qiymətinin 100 qatını da verməyə hazıram. Kitab təqdimatımda isə əsl anşlaq oldu. Azərbaycanda heç maraqla gözlənilən filmlərin seansına o qədər adam gəlmir. Həmin gün kitab imzalamaqdan əlim şişmişdi - sən canın, bizim qürurlandığımız şeyə bax (gülür). Yəni demək istəyirəm ki, kitaba oxucu marağı gözlədiyimdən yaxşı oldu və tez bir zamanda satılıb bitdi.
O ki qaldı kitabın bədii çəkisindən razı qalmağıma - xeyr, razı deyiləm. Orda sanki kitabı doldurmaq üçün salınmış səthi şeirlərim var ki, bu gün heç özümün belə yadıma düşmür. Düşünürəm ki, "Mənfi sənsiz dərəcə" kitabımdakı şeirlərimin təxminən yarısından asanlıqla imtina edə bilərəm və əslində, de-fakto imtina etmişəm. Olsun, hamı birinci kitab periodunu keçməlidir. Müəllifin əsas gücü öz həqiqətini bilməsidir.
Kitab çıxarmaq məsələsinə isə həqiqətən həssas yanaşıram. Müəllif var ki, bir cüt ayaqqabı alanda 10 gün mağazaları, 5 gün saytları gəzir, dünyanı alt-üst edir, amma kitab çıxarmağa gələndə 10 günə bir kitabı hazırlayıb nəşr edir, 2 ay sonra da ikinci, ardınca üçüncünü çıxarır. Bu həm gərəksiz bolluq yaradır, həm də ümumilikdə kitaba olan oxucu aclığını aradan qaldırır. 100-150 min illik bir dövr ərzində insana cəmi 4 kitab göndərilib, biz isə ildə az qala 4 kitab çıxarırıq - özü də eyni janrda. Təbii, fərqi-fərqli janrlarda ardıcıl kitablar nəşr etdirməkdə anormal bir durum yoxdur, çünki hərəsinin öz oxucusu var.

- Bəs, ikinci kitab? Onu nə vaxt çıxartmağı planlayırsan? Bəlkə birinci kitabın bədii çəkisindən narazı qaldığına görə ikinci kitabına həmin maraq olmayacaq? Nə düşünürsən bu barədə? Üstələyə biləcəksənmi? Həm də Aqşin Evrən deyəndə ağıla 2-3 şeir gəlir, digər yaxşı şeirlər olsa belə, sanki onların kölgəsində qalır. Bu, "pasport" şeirlə bağlıdır, yoxsa, onlardan yaxşılarını yaza bilmirsən deyə?

- İkinci kitabım şeir kitabı olmayacaq. Elə danışmışkən, burda söhbəti açım. Təxminən, 1 ildir ki, Xəzər Süleymanlı ilə bir roman üzərində işləyirik, yaxın vaxtlarda onu nəşr etdirməyi düşünürük. Son illər ədəbiyyatımızda uğurlu hekayələr, romanlar yazılır, nəşr olunur. Amma bu əsərlərlə oxucular arasında bir uçurum var. Çünki o əsərlərin böyük əksəriyyəti hazırlıqlı oxucular üçün nəzərdə tutulub. Mütaliəyə yenicə başlayanların əksəriyyəti isə həmin əsərləri oxuyanda deyir ki, bu kitab çox qarışıq idi, heç nə başa düşmədim. Bax, biz yazdığımız bu romanla oxucuların o "heç nə başa düşmədim"ini aradan qaldırmağı hədəfləyirik. Yəni bu kitabı hazırlıqlı oxucular da, hazırlıqsız oxucular da duya biləcək. Ömrü boyu əlinə kitab almayan adam bu əsəri oxuyanda nəyin nə demək olduğunu başa düşəcək. Bundan başqa biz bu kitabda zaman-zaman bizə ünvanlanan bəzi suallara da cavab verməyə, şeirdə deyə bilmədiklərimizi burada deməyə çalışmışıq. Yəni bu kitab bizim həm də oxucularla dialoqumuz olacaq. O ki qaldı digər suala, Aqşin Evrən deyəndə ağıla 2-3 şeir gəlirsə, çox xoşbəxt adamam. Zatən, müəllifdən geriyə 2-3 şeir qalır, o da qalsa. 100 il sonra bizdən cəmi bircə şeir qalsa belə, bu, kifayətdir. Bu gün hamımızın sevimlisi Mikayıl Müşfiqin belə 1-2 şeiri dillərdədir, qalanları unudulub.
Mənim çox bəyənilən, hətta özümdən də məşhur olan elə şeirim var ki, onu zəif mətn hesab edirəm. Yəni məsələn, Aqşin Evrən deyəndə insanların ağlına gələn, tutaq ki, "Balaca xanım" şeirimi "pasport"um hesab etmirəm. Həmçinin 5 il əvvəl "pasport" kimi baxdığım şeirə indi "metirka" kimi baxıram.
Bayaq haqqında bəhs etdiyim romandan sonra ikinci şeirlər kitabımı - "Antik tənhalıq"ı nəşrə hazırlayacam. Burada əsasən maksimalist minimalizm üzərində yazdığım şeirlər yer alacaq.

- Belə çıxır ki, şeirdən nəsrə keçirsən? Yəni, daha çox romana yönəlmisən. Amma romanı bir az da açaqmı? Niyə ikiniz, mövzusu nədir? Dediyinə baxsaq, bildiyimiz roman anlayışından fərqli səslənir...

- Etiraf edim ki, mən həmişə nəsrə yaxın düşəndə, elə bilmişəm, əlimdə məşəllə bir çəllək barıta yaxınlaşıram. Yəni nəsr yazmağın çətinliyini, ciddiyyətini bilirəm. Amma şeirdən nəsrə keçdiyimi demək doğru olmaz. Mən şeirlə yanaşı hekayələr də yazmışam, baxmayaraq ki, heç vaxt çap etməmişəm. 4-5 il əvvəl yazdığım bir hekayəmi Azərbaycan ədəbiyyatında roman və hekayə janrının ustaları deyə biləcəyimiz adamlara göndərmişdim ki, məsləhət versinlər, səhvlərimi göstərsinlər. Açığı, elə reaksiyalar aldım ki, inanmağım gəlmədi. İsrar etdim ki, yalandan tərifləməyin, nə var deyin. Dedilər, a kişi, həqiqətən, yaxşı hekayədir, əl çək bizdən (gülür). Hətta ustad yazıçı Pərviz Cəbrayıl dedi ki, bu hekayəni müharibə haqda yazılmış ən yaxşı hekayələrdən biri saymaq olar. Başqa yarımçıq, redaktəyə ehtiyac duyulan hekayələr də var, vaxt olduqca onları tamamlayacam. Amma yəqin, yaxın illərdə hekayə kitabı nəşr etdirmərəm. Şeir kitabı üçün 5 il gözləyən adam, hekayə kitabı üçün 10 il gözləməlidir - deyə düşünürəm.
Xəzər Süleymanlı ilə yazdığımız roman isə Nitsşenin "Əbədi təkrar" ideyası üzərində qurulub. Amma təbii, əsasən hazırlıqsız oxucunun rahatlıqla mənimsəyəcəyi, anlayacağı üslubda yazılıb. Çalışmışıq ki, fərqli texnikalardan, priyomlardan istifadə edib oxucunu dolaşığa salmayaq. Yəni oxucu kitabı oxuyanda özünü su üzərində yeriyirmiş kimi hiss edəcək. Romanda bir neçə süjet xətti var - həyat, mif, sevgi, detektiv, tarix və s.

- Aqşin, səni ədəbi mühitdə də bir qədər səssiz görürük. Deyirlər, şair bir az səsli- küylü olar. Amma sən reaksiya vermirsən heç nəyə. Nə ictimai, nə də ədəbi. Susqunluğun nə ilə əlaqədardır? Bəzən susqun ədəbi mühit adamına deyirlər ki, heç kimlə arasını pis etməyə çalışmır, istəyir ki, hamı onu sevsin, o özü də hamını sevir, hamı ilə razılaşır....

- Mən uşaqlıqdan özümə qapanan olmuşam. Soruşsalar ki, bu, sənə xoşdurmu? Deyərəm, qətiyyən xoş deyil. Hər kəslə deyib gülməyi, zarafatlaşmağı, istiqanlı olmağı çox istəyərdim, amma nə edim ki, belə formalaşmışam - yalnız yaxınlarla, dostlaşa bildiyim adamlarla qaynayıb-qarışa bilirəm. Bəzən yeni dostlaşdığım hansısa şəxs bir müddət sonra deyir ki, mən səni belə zarafatcıl, deyib-gülən bilmirdim, kənardan çox özündənrazı, soyuq görünürsən. Deyirəm, zalım, Azərbaycan ədəbiyyatında nəyə görə özündən razı olasan axı? 5-10 sevilən şeirə görə? Yəni susqunluğum planlı deyil, yaxından tanıyanlar bilir ki, xarakterim belədir. O ki qaldı hamının məni sevməsinə, əminəm ki, bu gün mənə səmimi-qəlbdən nifrət edən elə gənc həmkarlarım var ki, heç bəlkə, ermənidə mənə qarşı o qədər nifrət olmayıb. Adam tanımadan, bilmədəm kor-koranə nifrət edir. Canları sağ olsun, bunlar boş şeylərdir, keçib gedər. Bilirəm ki, sabah o nifrətpərvərlərlə bir masa arxasında otursam, yanıldıqlarını görəcəklər. Amma mənim onların xoşuna gəlmək kimi bir dərdim yoxdur.
Ümumiyyətlə, hamının sevimlisi olmaq kimi mənasız bir arzu ilə yaşamıram. Əgər belə olsaydım, hamı ilə dostluq münasibəti qurar, hamının şeirlərinə, yazılarına ürək atar, yalandan təriflər düzərdim. Necə ki, bunu edənlər var. Hər halda öz işləridir. Məni nə yazdığım və nə yazacağım maraqlandırır. Mətndən kənar bütün söhbətlər mənim üçün çayxana qeybətindən ibarətdir.

- Adətən, belə məsələlərdə ad çəkilmir. Sən necə, çəkə bilərsənmi? Sənə nifrət edənlər, yaxud da, hamını tərifləyənlərdən?

- Ad çəksəm, gərək onların mənim və başqa həmkarları haqda nifrət dolu nitqlərini necə öyrəndiyimi də açıqlayım, bu isə doğru olmaz. Həm də düşünürəm ki, insan özünə olan sevgini itirmədiyi kimi, özünə olan nifrəti də itirməməlidir. Nifrətin qədrin bilmək lazımdır. Bəzən hətta ən mənasız adamın nifrəti də səni uğura doğru apara bilər. Amma əgər onlarla nə vaxtsa qarşılaşsam, bir böyük kimi deyəcəm ki, a kişi, bu nə mənasızlıqdır axı edirsən? Bəzilərinə demişəm də. Ki, istedadlı adamsan, belə bazar qeybətləri yaraşmır sənə. Tez-tez görürük ki, hansısa şair digər bir şairin çox layk yığmasından kin və əsəb dolu bir status yazıb. Başqa vaxt yalandan sevgi dolu şeirlər, statuslar yazmaqla deyil e. Başqasının layk sayının çoxluğuna görə kin qusursansa, sənin yazdığın şeir də saxtadır və özün də natamamsan. Demək nə etmək lazımdır? Əvvəlcə içini bu mənasız kindən, nifrətdən təmizləməlisən. Primitiv şeylərə görə nifrət qusan adam böyük şeylər yarada bilməz. İnsanın sevgisi kimi nifrəti də ciddi, bəşəri olmalıdır.

- Şair-yazıçıların əhatə dairəsi olduğuna görə hamıya verdiyim bir sual var; Azərbaycan yazıçılar birliyinin fəaliyyətindən razısanmı? AYB ədəbiyyatımızın harasındadır? Sənin özünə dəstək veriblər, yaxud nə kimi dəstək verməklərini istəyərdin? Ədəbiyyat adamları bu qurumun fəaliyyətini birmənalı qarşılamır dəstək məsələlərinə görə. Haqqı çatmayan adama dəstək verildiyi, çatan adamı isə müəyyən səbəblərə- məsələn, onları tənqid etdiklərinə görə görülmədiyini deyir..

- Açığı, AYB-nin fəaliyyəti barədə heç bir məlumatım yoxdur. Yəni son illərdə bu qurum nə edib, nə etməyib – bilmirəm. Çünki qurumun üzvü deyiləm, ora ilə mütəmadi əlaqəm yoxdur, orqanlarında çap olunmuram. Bu vaxta qədər “Ulduz”, “Azərbaycan” jurnalı, “Ədəbiyyat” qəzeti məndən mətn istəyiblər və ya özüm göndərmişəm, yayımlayıblar, qonorar yazıblar. Ancaq son illərdə 1-2 saytı çıxmaqla heç yerə mətn göndərmirəm. Ötən il Türkiyədə bir dərgiyə 2 şeirimi göndərmişdim. Təxminən 1 ay sonra bank hesabı istəyib, 110 avro qonorar göndərdilər. Həmin dərgini gənclər məhdud imkanlarla çıxarırdılar, ancaq qonorarları kifayət qədər yaxşı idi. Azərbaycan kimi neft ölkəsində 2 şeirə isə uzağı 17 manat qonorar verirlər, o da gedib bankın yerini tapana kimi taksilərə gedir. Ölkədə hər şeyin qiyməti qalxır, amma bu qonorarlar nə əcəbsə qalxmır. Yanlış anlaşılmasın, mən qonorar davası eləmirəm. Sadəcə, diqqət-qayğı deyəndə ağlıma başqa şey gəlmir. Nə diqqət-qayğı göstərər bilərlər ki? Uzağı, şeirlərimizin, hekayələrimizin tərcümə olunub xaricdə çap olunmasına dəstək ola bilərlər, onu da sağ olsunlar, heç vaxt eləmirlər. Ya da uyğun bildikləri adamları edirlər.
Belə deyim də, sabah hansımızınsa bəxti gətirsə, beynəlxalq aləmdə bir uğur qazansaq, adımızın yanına o saat “Azərbaycan şairi, yazıçısı” sözünü yapışdırıb fəxr edəcəklər. Ancaq bu gün şəxsən mən Azərbaycanı adımın yanında görə bilmirəm. Azərbaycan bizdən imtina eləyib. Mən ölkəmi və xalqımı sevirəm. Sadəcə, görünür, zamanında lüzumsuz gözləntilər içində olmuşuq. Hələ ki burdayıq, yaşayırıq. Ərdoğan abimizin sözünü yüngülcə təhrif edərək deyim ki, “bir gün anısızın gidebiliriz”.
Konkretləşdirib AYB məsələsindən danışsaq, onu deyə bilərəm ki, bu qurumun prezident təqaüdü sistemində dəyişiklik olmalıdır. Zamanında mənə AYB-dəki dostlarımız üzvlük və prezident təqaüdü təklif ediblər, amma buna getməmişəm. Səbəblərdən biri budur ki, o üzvlüyü və təqaüdü cümlə, misra yaza bilməyən adamlar da alıblar. Bəziləri yalvar-yaxarla, bəzilər tanışlıqla, xahiş-minnətlə. Təqaüdə gəldikdə, hər il 20 nəfərə ayda 200 manat təqaüd verməkdənsə, ildə 5 nəfərə hər ay tutaq ki, min manat verilsə, o müəllif bu pula kitabını da çıxarar, tərcüməsini də etdirər, hələ utanmasa, özünə iş də qurar. Etiraf edək ki, Azərbaycanda nəinki 1 ildə, heç 10 ildə 20 istedadlı şair-yazıçı yetişmir. O baxımdan ildə ortaya 20 şair-yazıçı çıxartmaq mümkünsüzdür.
Bəzi dostlar deyir ki, AYB dağılmalıdır. Mən isə düşünürəm ki, AYB sistemini dəyişsə, yaxın illərdə ən azından Türkiyə, Rusiya, İran, Gürcüstan, lap elə Ermənistan kitab bazarında, ədəbi cameəsində ədəbiyyatımızın ayaq səsləri aydın eşidilə bilər. Növbəti mərhələdə isə Avropada. Amma bunların heç vaxt olmayacağını da bilirəm və "bunda zərrəcə üzüntü duymuram".

- Aqşin, deyirlər, şairlər bir az da paxıl olur. Bir-birini tərifləməmək, skandal yaratmaq, xüsusi ilə də qadınlar arasında-yanında  və.s. "Paxıllığını" bir kənara qoyub Azərbaycanda müasir beş ən yaxşı şair kimin adını çəkə bilərsən? Varmı elə bildiklərin? Yoxsa, sənin də paxıllığın var?!

- Bu yaxınlarda Yafəs Türksəs son 70-80 ilin şairlərini 10 ballıq sistemlə sıralamışdı. Bir də gördüm, xeyli şair-yazar Üçüncü Dünya müharibəsi başladıb, ironiyanı biri 1 qəpikdən. Siyahını tapıb baxdım, gördüm mənə 8 bal yazıb. Yafəsin siyahısı etalon deyil, adam müstəqil olaraq özü üçün dəyərli olan müəlliflərin adını yazıb. Başqa biri də çıxıb başqa bir siyahı yaza bilər. Təbii, Yafəs bəyin siyahısını hamı tənqid edə bilər. Amma mən orda tənqiddən çox, bir neçə qələm adamının paxıllıqdan necə hiddətləndiyini gördüm. Heyrətləndim ki, xudaya, belə kiçik şeylərə görə saçyolduya çıxmağa hazır olan adamlar böyük ədəbiyyat yarada bilərlərmi? Bunlar elə bilirlər ki, hansısa siyahıda adları olmayanda bunların maaşlarından tutulur. Azərbaycan ədəbiyyatında bir ovuc insanıq və heç bir imtiyazımız yoxdur. Bu nəyin paxıllığıdır axı? Sovet dövrü olsaydı, deyərdim, dərd yarı, bir kitabın puluna maşın, ev almaq olur. İndi o da yoxdur. Nəyin paxıllığını edirlər? Gör Azərbaycan ədəbiyyatı nə günə düşüb ki, o, yuxarıda sadaladığım imtiyazlara görə paxıllıq etmək səviyyəsindən hansısa statusda yer almaq çuxuruna qədər enib.
“Azərbaycan ədəbiyyatında 5 müasir şair” məsələsində gəldikdə isə onu deyim ki, mənim üçün “bəyəndiyim şair” anlayışı yoxdur, “bəyəndiyim şeir” anlayışı var. Məsələn, Salam Sarvanın, Həmid Herisçinin, Aqşin Yeniseyin, Əlisəmid Kürün və başqa şairlərimizin bəyəndiyim xeyli şeirləri var. Aralarında gənclər də var, zaman-zaman bəyəndiklərimə münasibətimi bildirirəm, bəzən özlərinə də deyirəm. Mən yaxşı şeir oxuyanda xoşbəxt olan adamam. Bu xoşbəxtliyi mənasız, məzmunsuz paxıllıq hissinə qurban verə bilmərəm.

- Müasir gənclərdən kim var bəs? Adını çəkdiyim imzalar hər kəsə bəllidir. Gənc Aqşin Evrənin gənclərdən xüsusi olaraq seçdiyi şeir, şair varmı?

- Elə şair var, onun 1 şeirini bəyənirəm, eləsi var 3-4 şeirini. Bəyənmək demişkən, Feysbukdakı bəyənmə düyməsi məndən ötrü “layk” funkasiyasını daşımır, o bir dəyər meyarıdır. Hansı şeiri “layk” edirəmsə, demək, orda duyduğum, heç olmasa, bircə misra var. Sadəcə, adlar çəksəm, deyəcəklər ənənəvi qaydada dostlarını tərifləyir.
Fərid Hüseynin, Elçin Aslangilin son vaxtlar yazdıqları bir neçə şeiri bəyənmişəm. İndi yadıma sala bilmirəm, amma bu adların yanına bir neçə nəfəri də yazmaq olar.

- Müsahibə üçün təşəkkür edirik.

- Xoş oldu. Təşəkkür və sevgilər!

Söhbətləşdi; Orxan Saffari

 

  • Oktyabr:
  • 4

TƏQVİM / ARXİV