Azərbaycan ədəbiyyatında, klassikasında mənim üçün barmaq hesabı yazıçılar var ki, sözün əsl mənasında onları oxuyub öyrənmək mütləqdir. Bilmirəm, o müəlliflər olmasa Azərbaycan ədəbiyyatı nə itirərdi, amma onlar olmaqla Azərbaycan ədəbiyyatı çox şey qazandı. İstər dil hadisəsi baxımından, istərsə də üslub, forma və.s baxımından.
Məsələn və misalən Sabir Əhmədli.
Sabir Əhmədlinin əsərlərində ilk növbədə Azərbaycan dilini, necə yazmaq lazım olduğunu, dilimizin zənginliyi görmək olar. Sonra isə roman sənətini, ustalığı sairə və ilaxır.
Sabir Əhmədlini ilk növbədə bir çox müəlliflərdən fərqləndirən, əsərlərini daha da oxunaqlı edən nəsnə, Azərbaycan həqiqətlərini özünəxas şəkildə çatdırmağı ustalıqla bacarmağı idi. Ona görə bu əsas idi ki, o, bunları heç kimin etməyə cəsarət etmədiyi, senzuranın tüğyan elədiyi bir vaxtlarda yazdı.
İlk olaraq hekayələr oxumuşdum. “Dərs” hekayəsi, “Arabaçı” hekayəsi. Sonra öyrəndim ki, sən demə, “Arabaçı” hekayəsi müəllifin ilk hekayəsi imiş. Elə ilk hekayədən ortaya mətn qoymaq, həm də sanballı bir mətn qoymaq asan iş deyil. Təkcə elə bu ilk hekayəsindən də necə gözəl dillə yazmağı elə bu ilk hekayədən də görmək olar.
Ümumiyyətlə, subyektiv fikirlərimdə yazıçının necə olmağı, yazmağı ilə bağlı bir sıra məsələlər var ki, Sabir Əhmədlidə bütün bu xüsusiyyətlərin hamısı toplanıb.
O, yazıçı kimi dövrünün problemlərini dilə gətirməyi bacaran bir müəllifidir. Məncə, bir yazıçı üçün elə ən vacib məsələlərdən biri də budur. XX əsrin 50- ci illərindən bəri olan hadisələri də elə onun əsərlərində görmək aydındır ki, bunları bilək.
“Aran” romanı. Məsələn, bu romanda müəllifin Azərbaycan kəndinin müharibədən sonrakı dövrlərinin təsvirini görə, prosesləri izləyə, öyrənə bilərik.
Mənə elə gəlir ki, müəllifin həm insani, həm də yazıçı xarakteri bütün əsərlərinə yansıyır.
İstər bu romanında, istərsə də hekayələrində kənd dilinin, milli-mənəvi məsələlərin, yaşayış tərzinin, düşüncənin və.s məsələlərinin təzahürünü görmək olar.
Sözsüz ki, həmin roman və hekayələr indiki dövr üçün keçərli deyil. Modernlik söhbətindən söz belə gedə bilməz. Amma buna baxmayaraq bütün dövrlər üçün maraqlı və vacib əsərlərdir. Ona görə bunu deyirəm ki, həmin əsərlərdə keçən söhbətlər indiki dövrə yaddır. Amma həmin məsələlər üzərində gedən söhbətlər hazırkı dövr üçündə keçərlidir. Məsələn, mən buna görə müəllifə zamanı qabaqlayan yazıçı da deyərdim.
Bu romandan sonra yazdığı “Görünməz dalğa” romanında hər şey görsənirdi. Sevgidən, məhəbbətdən, əmək məsələləri o illərin nəyi var idisə, hər şey yazıçı ustalığı ilə təsvir olunmuşdu. O cümlədən də digər əsələri- “Yamacda nişanə”, “Qanköçürmə stansiyasi” və.s kimi başqa əsərlərində də dediyim və demədiyim bütün məsələlər toplanmışdı.
“Dünyanın arşını” romanı həm forma, həm də məzmun baxımından seçilən romanlarda dır. Publisistika, fəlsəfə tərəflərinə görə. Roman məğzi bir rayonda baş verən hadisələrdir. Amma yazıçının çatdırmaq istədiyi məsələ isə bu problemlərin təkcə bura aid olmamasıdır. O, illərin problemləri, baş verən proseslərin əhatəliyi və.s hamısını ümumiləşdirilmiş şəkildə verilmişdir.
Bu roman əsasən kənd dili, hadisələri ilə olsa da, bəşəri məsələlər də bunların vəhdəti halında qarşılıqlı verilir. Yazıçı xarakteri bu əsərdə də apaydın ortadadır.
Başqa bir yazıda Qarabağ, müharibə mövzusu olan əsərlər, yazan müəlliflərdən danışanda Sabir Əhmədlini də qeyd eləmişdim. Xüsusi ilə “Ömür Urası” romanını. Bununla bərabər “Axirət Sevdası”, “Kef” romanları da vardır bu mövzuda.
“Ömür Urası” romanınında müstəqillik qazandıqdan sonra ictimai-siyasi məsələlər, ümumilikdə müharibənin özü, nəticələri əks olunub. Həm də roman standart romanlardan fərqlənir. Ənənəvi roman formasından uzaq romandır, romanlardır. Üslub və janr tamamilə fərqlidir.
“Axirət sevdası” romanının digər müharibə romanlarından ona görə fərqlidir ki, müəllif burada öz yaşantısını yazıb. Oğlunun Qarabağ uğrunda şəhid olması bu ağrılı romanın ortaya çıxmasına vəsilə oldu. Əsərin içində elə təsvirlər var ki, sanki həmin yerlərdə müəllifin belinin bükülməyini, ürəyinin paralanmağını, bir sözlə, bütün ağrı-acısını, kədərini görmək olur. Bala dərdi, ata fəryadı.
-Yox, yox, yox! Ola bilməz. İnanmaram! Məhəmməd, balam mənim! İnanmaram!-cənazənin ayağında çöküb, dizin-dizin onun üstünə can atdım.
“Açın üzünü! Götürün örtüyü! Mən onu görmək istəyirəm!.. Mən səni haralarda axtardım, balam?! Gəlibmişsən, özün gəlibmişsən! Məndən qabaq gəlib çıxmısan evimizə”
Bu hissə kimi məsələn.
Yuxarıda ona görə zamanı qabaqlayan yazıçı dedim ki, həm də, müəllifin “yazılmayan yazı” romanında Cəbrayıl rayonundan söhbət gedir. Daha doğrusu, Cəbrayıl rayonunun geri qaytarılmasından sonrakı günlərdəndə danışılır. Faktiki olaraq olmayan, amma düşünürəm gələcək üçün olacaq bir məsələdən. Keçmişlə və gələcəyin sintezi kimi baxa bilərik bu romana.
Mən özüm də Qarabağ bölgəsindənəm. Düzünü desəm, bəzən bu bölgədən olan adamlar üçün heç də xoş olmayan amma bəzən də reallığı əks etdirən fikirləş eşitdiyim olur.
Müəllifi unutmuşam amma bir məşhur misra var;
Qarabağı qoyub gəldik
Bakıda Qarabağ kafesi açdıq.
Qaçqınçılıqdan sonra Bakıda baş verən proseslər, məsələn, hansısa məcburi köçkünün indi yaxşı yaşaması bəzən qıcıq da doğura bilir. Buna sözüm yox.
Mənim özümün sevmədiyim bir məsələ isə torpağı işğalda olan bir adamın vətən haqqında pafoslu danışmasıdır.
Məhz müəllifin əsərində hələ lap əvvəl yazılmış bu hissələrə də rast gəlmək olur. Zamanı qabaqlayan yazıçı bu məsələyə də ustalıqla toxunub. “Elə geyinib-keçinir, bəzənib-düzənirdilər, paytaxtın, Bakının əsl sakinləri onlara həsəd aparırdılar. Toydan-şüləndən qalmır, Şuşanı, İsa bulağını, Laçın-Kəlbəcər dağlarını şeirlə, qoşma ilə anır, “Qarabağ şikəstəsi” üstə yeni zəngulələr vurur, tərk etdikləri yurdun, şəhərin-kəndin erməniyə verilməsi tarixini salıb, oynamaqla yad edirdilər” və.s kimi bu cür hissələr romanda öz yerini alıb.
Sabir Əhmədlinin romanlarını, povestlərini, hekayələri oxuduqca görürsən ki, niyə zamanında ona və əsərinə qadağalar qoyuldu, incidildi. Heç günü bugün də layiqincə xatırlanmır fikrimcə. Əsərlərində daim reallıqları tərənnüm edən müəllif əlbbəttə dövr üçün təhlükəli biri idi.
“Yamacda nişanə” əsərinin müəllifinə əlbəttə o dövrdə qadağa qoyacaqdılar. Sovet gəncliyi anlayışını yerlə bir edilən bu əsərdə necə olmali idi ki?
Mən bu romanı ümid romanı da adlandırardım. Kaş, Romanda təsvir olunan hadisələr, proseslər baş verəydi. Gələcəyi görən müəllifin bu əsəri gerçəkliyə çevrilərdi.
Orxan Saffari