"Dəyməyib tellərinin mehi mənə " - Saffari yazır

Orxan Saffari
56326 | 2021-06-09 10:15

Nədənsə, xəyallarım ən şirin yerində həmişə bir qız düşünmüşəm, həmişə onu sevmişəm. Yanımda kimin olmasından asılı olmayaraq, o həmişə mənim içimdə olub. Yəni, dolayısı ilə mən onu tapmamışam. Hansı ki, nə o məni tanıyır, nə də mən onu tanıyıram. O qız ki, onu heç vaxt görməmişəm, sevməmişəm, öpməmişəm, heç əlindən də tutmamışam, gözünə baxıb, saçlarına sığal çəkməmişəm. Dəyməyib tellərinin mehi mənə.

Köksümə də sıxmamışam and ola..

Onunla heç vaxt yolumuz kəsişməyib, oturub çay içib, dərdləşməmişik. Amma nədənsə, içimdə onu həmişə bir başqa saxlamışam. Dolayısı ilə, mən indi onu gözləyirəm..

- O gələcək və biz xoşbəxt olacayıq. Bu qədər sadə.

Elə bilirəm, bütün pisliklərdən ona sığınacam, elə bilirəm, o gəlsə, hər şey yaxşı olacaq. O gəlsə, sevmək necə olur, sevilmək necə olur görəcəm.

O kimdirsə, mənim içimdə çox təmizdir. Onunla bağlı ağlıma zərrə də olsa pis heç nə gəlmir. Hərdən də elə bilirəm, onu görsəm, öləcəm, çata bilməyəcəm heç vaxt. Amma həmişə gözləyirəm onu..

Onu görmək üçün ölməyəcəm.

Gecələr yatanda xısın-xısın çox düşünürəm onu. Onunla edəcəyim şeylərin xəyalın qururam, ona deyəcəyim sözləri indidən özümə deyirəm. Onu necə sevəcəyimi təsəvvür edirəm. Bunları isə indiyədək sevdiyimin bütün qızlardan gizlətmişəm. Çünki heç birində onu görməmişəm. Ümumiyyətlə, mən onu hazırda özümdən də gizlədib uzaq saxlayıram. Onu bir az da içimdə uşaq saxlayıram.

İstəyirəm şair demiş, deyəm ki, böyümə ha, sevdiyim qız, oğluma alacam səni....

Hələ onun görünüşünü də təsəvvür edirəm. Amma heç vaxt bir qərara gəlməmişəm. O zülfi-pərişanım, üzü səma misallım, su tək paklım hər dəfə başqa obrazlarda girir ağlıma. Görəsən, indi onun neçə yaşı var? Məndən balacadır, yoxsa böyük? Bəlkə o kimdirsə, məni tanıyır? Heç ağlına belə gəlmir ki, biz bir gün onunla..

Adı nədir onun? Nərmin? Bəlkə Sevinc? Bəlkə də Aynurdu, nə bilmək olar.

Düzü, indi onun siması ilə bağlı düşündüklərimi yaza bilməyəcəm. Buna istedadım, hisslərim çatmır. Bəlkə də rəssam olsam, çəkə bilərdim, amma yaza bilmirəm. Həm də, açığı sizlərin də onu tanımağını istəmirəm. Bəlkə o da elə rəssamdır, o da mən düşündüklərimi düşünür hardasa, çəkir hardasa. Bilmirəm. Kimsən, ey sevgi?!

Həyəcanlanıram onu düşünəndə. Onunla olmağın xəyalı mənə sevgi hissini daddırır.

Görəsən, indi nə edir? Kimisə sevirmi? Görəsən, o da hardasa mənim kimi düşünürmü? Görəsən, onun da düşündüyü adam mənəmmi?

Onunla bağlı ən xırda detalı belə düşünürəm. Nə edir, rəfiqəsi kimdi, ata-anası kimdi, qardaş-bacısı varmı, nə yeyir, nə içir? Əri varmı? Onunla sonumuz necə olacaq?

Onunla içimdə o qədər yaxınıq ki, dalaşdığımı, onun məndən küsdüyünü də düşünürəm. Sonra necə könlünü alacağımı düşünürəm.

Mən onu çox sevirəm...

Amma bütün bunlardan sonra içimdə bir qorxu da var.. Onu görə bilməmək hissi. Biri var, öləm çatmayam, biri də var, çatdığımı düşünəm, amma o, o olmasın.. Məsələn, bəlkə də o indi yanımdadır, elə məhz sevdiyim qızdır, aşiqəm ona, onunla hələ bu nöqtəyə gəlməmişik, bəlkə də gəlib keçib həyatımdan, bəlkə yenə gələcək.

Bilmirəm...

Onu səhvən başqası ilə əvəzləmək mənə sonradan çox ağır gələr.

Həə. Həyatın bu üzü də var. Ola bilsin ki, mən onu, o da məni heç vaxt görməsin. O da içində düşündüyü məni tapa bilməsin. Biz ikimiz də ayrı-ayrı bir-birimizi yenə düşünəcəyik.

Biz bəlkə də, bir-birimizi ancaq içimizdə sevəcəyik...

Yan-yana, qol-qola olmasaqda, bir köksə sığınmasaq da.

  • Noyabr:
  • 1

TƏQVİM / ARXİV