İntellektuallığa gedən yol Marsdan keçir? - Eminquey yazır

EMİNQUEY AKİF
1554 | 2023-07-03 13:16

Bu xarabada özünü intellektual göstərməyin yolu Marsda elmi araşdırmaları kiminsə gözünə soxmaqdan keçir. Marsı əlində bir bayraq edərsən, iki bayraq edərsən, üçüncüdə bir gün elə sənin misal çəkdiyin alimlər gedib Marsa öz bayrağını sancanda sən də şəngülüm kimi öz bayrağını aparıb qoyacaqsan ya evdə yazı masanın üstünə, ya da nə bilim, bayrağın çöpü ilə qulağını qurdalayacaqsan.

Lap tutaq ki, Marsda həyat axtarmaq intellektuallıq, möhtəşəm cəmiyyətin möhtəşəm nümayəndəsi olmaq deməkdir, bəs sonra? Marsda həyat axtaran alimlər bu işlə azı yeni əsrin 20 ilidir məşğuldurlar. Hələ də məqsədlərinə çatmayıblar, amma mənasız hesab etdiyiniz azərbaycanlılar öz sahələrində kifayət qədər uğur qazanıblar. Öz sahələri üzrə cəmiyyətə faydalı olublar. Hacı Şahin fəaliyyət göstərdiyi bunca il ərzində yüzlərlə insanı bataqlığın içindən dartıb çıxarıb. Onun din xadimi olmağı bir yana, hələ sadə insan kimi gördüyü bu qədər işə film də çəkmək olar, serial da.

Onun yardım etdiyi, xilas etdiyi insanların danışdıqlarından, yazdıqlarından neçə cild kitab çıxar. Və ən əsası, incəsənətin, ədəbiyyatın mövzusu istənilən adam ola bilər. Adi bir narkoman da, fəhlə də, süpürgəçi də, Hacı Şahin də.

Axına qarşı üzmək hissini yaxşı anlayıram. Hamının keçməyə başladığı yolun ilk mərhələlərində bu kimi şeylərə korafəhim girişməsi təbiidir. İndi bizim gənc dostumuz Nihat Pirin də "Hacı Şahin kimdir ki, ondan film çəkələr?" məğzli statusunu da bu qəbildən sayıram. Üzgüçülükdən çox yaxşı anlayıram. Nihat hələ çox xam üzgüçüdür. O axına qarşı üzmək istəyir, amma necə üzsə daha az enerji itirər, bilmir. Tanınmışlıq yolunda özündən öncə keçilən yolu təkrarlayır, boşuna enerji itirir. Başa düşürəm, adama bir dövr ləzzət edir müzakirə olunmaq, sonra lap vərdişə çevrilir, statusu yazıb çəkilirsən kənara, rəylərə baxıb quşu gözündən vurduğuna sevinirsən, amma niyə? Hacı sağ olsaydı, əminəm ki bu statusa sadəcə gülümsünərdi.

Mən ondan narahatam ki, Hacının həyatına həsr olunan film necə çəkiləcək? Əgər Hacının həyatını vikipedik məlumat kimi ekrana gətirəcəksənsə, film "Hacı bunu elədi, onu elədi"dən ibarət bayağı, şablon, pafoslu bir zad olacaqsa, heç nə, batdıq...

TƏQVİM / ARXİV