adalet.az header logo
  • Bakı 17°C

KEÇƏN GÜNLƏR

SEYFƏDDİN ALTAYLI
57443 | 2013-08-17 07:57
İslam dünyası üçün ayrı bir anlamı olan müqəddəs Ramazan ayını hamılıqca yola saldıq. Hər bir kəsin Orucluq Bayramı mübarək!
Kəndimizdə keçirdiyim uşaqlıq və yeniyetməlik günlərim bəzən yadıma düşür. Orucluq ayı gəldikdə kəndin atmosferi sanki dəyişirdi. Hamı bir-birinə daha mehriban olurdu, onsuz da kəndimizdə qovğa-döyüş çox nadir görülərdi. Bir problem yarandıqda ağsaqqallar qabağa düşər və onun böyüməsinə icazə verməzdi. Hər il müşahidə edirdim, orucluq ayında hər bir ev qonaq-qaralı olurdu. Biz ümumiyyətlə bir yeməklə kifayətlənirdik, deyilə bilər ki, kəndin əksəriyyətində belə idi; çox nadir hallarda iki növ yemək bişirilərdi, Tanrı heç kəsi yoxsulluqla imtahan etməsin. Balkan Döyüşlərinin və Birinci Cahan Müharibəsinin, ondan sonra da başlanan Azadlıq Hərbinin təsiri mənim uşaqlıq illərimə çatacaq qədər şiddətli olmuşdu. Böyüklərimiz süfrəyə bismillahla əl uzadar, şükürlə, həmd-səna ilə çəkilərdi, bizlər də onlardan öyrənmişdik. Onlar yeməkdən sonra etdikləri dualarda daim, "Ya Rəb, bizləri aclıq və yoxsulluqla imtahan etmə, vətənimizi, millətimizi, dinimizi kafirlərin şərrindən qoru, dövlətimizin baydağını uca elə, əsgərlərimizi daim müzəffər qıl" sözlərini dilə gətirərdi.
Kəndimizdə işıq yoxdu, yolu toz-torpaq idi, yağış yağanda küçədə yerimək xüsusilə uşaqlar, qocalar və xəstəhal insanlar üçün çox əziyyətli olurdu. Ancaq hamı talei ilə barışıqdı. Kəndimizin ən hörmətə layiq insanları Araz qırağında yerləşən hərbi hissədəki əsgərlər, onların komandiri və müəllimlərdi, çünki onlar qəribdi. Heç bir bayramda onların yaddan çıxarıldığının şahidi olmadım. O vaxtlar əsgər libası kəndlilərimiz, dolayısı ilə bizlər üçün müqəddəsdi, onu geyinənlərə də hörmət və məhəbbətlə yanaşılardı. Böyüklərimiz əsgərliyə, "Peyğəmbər Ocağı" deyirdi. Bugünkü kimi yadımdadır, əsgərə gedən gəncləri növbə ilə qonaq çağırar, əzizləyər və vətən borcunu ödəyəcəyinə görə onları öyərdilər. Çox sonralar kitablardan oxudum və dəfələrlə şahid oldum ki, Anadolunun hər yerində əsgərliyə həmin duyğularla yanaşılır və adı kəndimizdəki kimidir; Peyğəmbər Ocağı... Böyüklərimiz, əsgərlik xidmətini yerinə yetirməyənlərin kişilər sırasına qarışmadığını söyləyərək, o borcu ödəməyin xalq arasında nə mənaya gəldiyini də vurğulamış olurdular. Qızlar da əsgərə getməyən oğlanlara ərə getməyə o qədər də üstünlük verməzdi. Bu düşüncədən onlar da paylarına düşəni götürmüşdülər. Gənclər əsgərliyə getməmiş çox nadir və fövqəladə hallarda evlənərdi.
O vaxtlar Türkiyə kasıb idi, ixracatımız yalnızca kənd təsərrüfatı məhsulları idi, xariclə əlaqə deyilə bilər ki, çox cüzi səviyyədə idi. Qərbin zir-zibili, böyük-kiçik tanımayan, həya-abır bilməyən mədəniyyət anlayışı hələlik sərhədlərimizdən tullanıb içəri daxil olmamışdı.
Kəndimiz həm Türkiyənin ən ucqar bölgəsində olmasından, həm də kasıbçılıqdan uşaqlığımızda da, yeniyetməliyimizdə də oynamağa fudbol topu tapabilmirdik. Cır-cındırı yığıb topa düzəldir, ətrafına möhkəm-möhkəm ip sarıyır və ondan top yaradıb onunla oynayırdıq. əksəriyətimizin ayağında ayaqqabı yoxdu, yəni ayaqyalındıq.
Vaxt gəlib ildırım sürətiylə keçib-getdi, təzə-təzə texnoloji aparatlar çıxdı, kəndimizdə əldə dolandırılan radionu da gördük, sonra yeni buraxılan digər texnoloji aparatlar yavaş-yavaş ayaq açdılar. Bir müddət sonra danışığını eşitdiyimiz, mahnılarını dinlədiyimiz insanların özlərini də ekranlarda görməyə başladıq. Türkiyə günü-gündən inkişaf etməyə başladı, ixracatı artdı. "Şükür Allaha, artıq hər şeyimiz var" dedik. Qərbdən gələn texnoloji, qərbin zir-zibilini də şıdırğı yağış kimi göylərimizdən tökməyə başladı. Bizim dilimizdə danışan bəzilərinin böyük-kiçik münasibətinə, mədəniyyətimizə, adət-ənənələrimizə dodaq büzməsinin də şahidi olduq. Sonra onların müqəddəs rəmz kimi baxılan müəllimlərə, vətənimizin, millətimizin, dövlətimizin qoruyucusu olan əsgərlərə əvvəlki kimi hörmət etmədiyini də gördük. Tərtəmiz və hər şeydən ucada dayanan mədəniyyətimizin birçox ünsürü qərbdən və şərqdən gələn zibillərlə murdarlanmağa çalışıldı. Qərbin təbliğat maşınının dişləri arasında əzilən cahillər də, nadanlar da oldu. Ulu babalar yalan yerə deməyib meşə çaqqalsız olmaz, olmadı da... Murdar çaqqallar ən ucqar kəndlərdə müqəddəs vəzifələrini ifa edərək ziya paylayan müəllimləri, "xalqı niyə oyadırsan?" deyə güllələdilər, əsgərlərimizi "vətəni və dövləti niyə qoruyursan" deyə yerlərdə burunlamağa, dağ yollarında marığa yatıb vurmağa başladılar. Bu əməlləri həyata keçirənlər azlıq olmalarına baxmayaraq səsləri gur çıxmağa başladı, indi də gur çıxır, ancaq onlar öz səsləri deyil, qərbin onların sinəsinə üfürdüyü üfürəklərdir. İtin axmağı qayğanaqdan pay uman kimi, bunlar da nəsə umurlar. Bu yazıqlar bilmir ki, cəmi-cümlətanı 11 milyon olub onun səksən faizi qadın, qoca, uşaq, xəstə və əlil olan, əsgərləri ayağına geyindiyi çarığı bişirib yeyən millətin oğulları iptidai silahlarla təchiz olunsa da, sərhədlərində günəş batmayan imperiyaların işğalçı ordularının şərəfini Çanaqqalanın sərin sularına qərq, ölkənin dör bir küncündə onları və əlaltılarını analarından olduqlarına peşman etdilər. İndi bu millət yetmiş milyonu ötüb və müasir dünyanın silahlarının tamamını özünün buraxma qüdrəti var, bir çoxunu da buraxır, hətta dünyanın bir çox ordusuna özünün buraxdığı silahları satır. Bu axmaqlar da, başçıları da, onları müdafiə edənlər də başa düşmür ki, Türkü basmaq olmaz.g Atalar deyib, əcəli gələn köpək gədib məscidin divarına siyər...
Bəzən yox, daimi olaraq öz-özümə sual verirəm, "biz niyə belə olduq?" Cavab isə dünəndən hazırdır: özünə gün ağlamayana, günü gəldikdə qapısındakı nökəri də qənim kəsilər. Mənə görə Tanrı bizi imtahan edir. Müqəddəs kitabımızın Ali İmran surəsində o, "sizi imtahan edərəm" deyə buyurmur?
Bəli, bir imtahan prosesindəyik, bulanıb durulacayıq. Tarix boyu belə olmadı? İldırım Bayəzid Ankara döyüşündə əmir Teymura məğlub olduqdan sonra oğulları arasında dəhşətli döyüşlər getdi, qardaş qardaşı qırdı, qanımız su kimi axdı. Anadolu coğrafiyası burulğana tutulmuş kimi altdan-üstdən qaynadı, bulandı, bulandı axırda axıb öz məcrasını tapdı və duruldu, yaranan böyük imperiyanı büdrəməyə qoymadı.
Tarix boyu düşmənlərimiz həmişə zatıqırıqları ələ alıb, bəzən onları yuxarı pillələrə də çıxarıblar, onlar vasitəsilə öz əməllərini həyata keçirməyə çalışıblar, ancaq həmişə məğlub olublar, indən belə də məğlub olacaqlar. Çünki Türk milləti Allahın ordusudur, onun indilik darmadağın olmağına, hər parçası özgə bir xalqın hökmranlığı altında yaşamağına baxmayın. Bu darmadağınıqlığımız bizi birləşdirəcəkdi. Bir müsibət min nəsihətdən daha yaxşıdır deyib ulularımız.g
Bu millətin, öz milli mənsubiyyətini və milli məsuliyyətini dərk edən ziyalılarının boynunda böyük bir babal vardır. Bu millətin aydınları, Tanrıdan aldıqları güc və mənəvi qida ilə onu məhv olmağa qoymayacaq. Atalarımız "ot kökü üstündə bitər" deyibsə onun dəyişməz bir hikməti vardır. Bu xalq Adriyatikdən Çin səddinə kimi parça-parça yayılmış olsa da, olanı-qurtulanı könül gözüylə görür, ağlıyla dərk edir və özünü gələcək üçün hazırlayır. Söhbət də şəhərlərimizin, kəndlərimizin küçələrində dolanan cahillərdən və özünübilməzlərdən getmir.
Hamımız ay doğub qar yağan günü gözləyirik, o günün gəlməsi çox çəkməyəcək.. O günün sabahını bu gündən salamlayanlara eşq olsun.

Seyfəddin Altaylı,
Ankara
altaylı[email protected]

TƏQVİM / ARXİV