adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

"Krişa"sı  güclü olanlar SİLSİLƏSİNDƏN -Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
2526 | 2023-02-04 12:33

Ötən gün baş vermiş bir hadisə hər kəsi xeyli hiddətləndirdi. Beləki,sosial çəbəkələrdə bloqer və tiktoker kimi məhşur olan Səbinə Kətanova dünən avtomobillə piyadanı vurub. Düşünək ki, hər gün olan yol qəzasıdır. Olub. Amma iş bununla bitməyib. Qəzanı törədəndən sonra hadisə yerindən qaçdığı da bildirildi.
Hadisə Nərimanov rayonu ərazisində baş verib. Yaşı 30-u keçməyən bu tiktoker cinayəti özünə məxsus “Toyota Prado” markalı avtomobili ilə törədib.Yaralı, köməksiz, həyatı təhlükədə olan bir insanı yolun tən ortasında, qanı axa-axa  qoyub, məsuliyyətdən yayınmaq üçün “qaçmaq” çıxış yoluna baş vurub. Bu isə insanlığa sıxmayan, qadınlığa yaraşmayan bir haldı. Qadın olan düşünməli idi ki,  vurub asfaltın üstünə uzatdığı adam kiminsə ciyərparası, balasıdır, kiminsə qardaşıdır, kiminsə atasıdır. Yaxud da hansı bir qadınınsa həyat yoldaşıdır. Gələcəyə aparan yoludur.

İnsan övladı, qadın olan biri bunu düşünməzmi? Bacı olan bunu anlamazmı? Axı sənin  özbaşınalığının ucbatından bir ana oğulsuz, bir bacı qardaşsız, bir uşaq atasız, bir qadın isə başsız qalacaq?! Sən isə məsuliyyətə cəlb edilməmək üçün insanlığa iyrənclik gətirən bir hərəkətə əl atırsan! Məncə, qəza törətmək bədbəxt bir hadisədir, hər bir insan oğlunun başına gələ bilər, amma vurduğu adamı yerdən qaldırmamaq isə əskikliyin, cahilliyin, tərbiyəsizliyin ən pik həddidir.  

Qaçıb, cinayətkar xanım, amma unudub ki, Bakı tamamilə kameralaşıb. Müvafiq kamera görüntüləri araşdırılıb və  sosial şəbəkələri "lüt-üryan" fotoları ilə zəbt edən S.Kətanova barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.


Hazırda işə Nərimanov Rayon Məhkəməsində baxılır. F.Quliyev iş üzrə zərərçəkmiş şəxs kimi tanınıb.
Bu hadisəni izləyəndən sonra Daxili İşlər Nazirliyindən bir xahişim və bir tələbim olacaq.
1. Əvvəlcə, 25-30 yaşlarında olan qızın hansı pulla belə bahalı bir maşına sahib olduğunu araşdırsın. Atasımı alıb, qardaşımı alıb, sevgilisimi alıb qiyməti 100,5 min manatdan 132,6 min manat arasında dəyişən bu bahalı-havalı maşını? Ümumiyyətlə, bu tiktoker-blogerin “krişası” kimdir və yaxud hansı oliqarx, hansı məmurdur?
2. Cinayətkarın sürücülük əhliyyəti araşdırılsın və yenidən imtahan edilsin. Avtomobil idarə etmək gücündə olduğu (və yaxud əksinə) təyin edilsin
3. Şikəst edib, yolun ortasında qoyub qaçdığı kişinin ailəsindən və özündən üzr istəsin eyni zamanda zərərçəkən tam sağalıb ayağa durana qədər onun xəstəxana xərcləri və ailəsinin gündəlik tələbatı tiktokerin özü tərəfindən ödənilsin.
4. Ən azı 10 il maşın sürmək səlahiyyəti əlindən alınsın.
İkinci bir nüans var ki, nə qədər istəsəm də, bu nüansın yanından sakit keçə bilmədim. Yuxarıda qeyd etdim ki, onun “krişası” məmur yaxud oliqarx ola bilər. Fikrimdə haqlı olduğumu isbatlayım: Deməli, 2020-ci ildə Səbinə Kətanovanın koronavirus pandemiyasından zərərçəkmişlər üçün nəzərdə tutulmuş 190 manatlıq yardım alması ictimaiyyətimiz tərəfindən qəzəblə qarşılanmışdı. Qəzəbə səbəb tiktokerin həmin xəbəri sürdüyü bahalı maşının yanında duraraq çəkdirdiyi şəkillə yayması olmuşdu.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Səbinə Kətanovanın birdəfəlik ödəmə ilə bağlı müraciətinə baxılarkən e-bazalarda onun adında heç bir əmlak, avtomobil və s. olduğu müəyyən edilmədiyini deyib , məsələni daha da qızışdırdı. Bəs niyə həmin 190 manat geri alınmadı? Niyə , Səbinə o pulu ehtiyacı olmadan alması ilə əlaqədar ictimaiyyətdən üzr istəmədi?
Yox, hətta, onun paylaşımını tənqid edənləri təhqir etdi.
Ümid edirik, dövlətimiz, xüsusən, asayiş keşikçilərimiz "səbinələrin" “ipini” yığacaq.

P.S. Son 3 ildə qarşıma oturuşunu-duruşunu bilən, əxlaqında kəsiri , həyat yoldaşından başqa "tutunacağ"ı, başının üstündə bir harınlamışın "əli" olmayan, atında 100 min manatlıq avtomobil, silikon dodaq, botoks yanaq görməyəndə, geyimi "geyimsizliyi" sərgiləməyən  "xanım" çıxanda  ona artıq "nəsli tükənməkdə olan" antikvar kimi baxmağa başlamışam...

Azərbaycan ictimaiyyəti, qınağınızı bildirin, tənqid edin, Azərbaycan dövləti, imkan verməyin ki, xalqımızın min illərdi tapındığı ləyaqət, namus, əxlaq kodeksləri itib-batsın!


Əntiqə Rəşid
 

TƏQVİM / ARXİV