Aprelin 18-də Dövlət Gömrük Komitəsinin və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Rəqəmsal gömrük və media” mövzusunda seminar keçirilib.
Adalet.az xəbər verir ki, Ümumdünya Gömrük Təşkilatınınn Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində keçirilən tədbirdə ölkənin 30-dan çox aparıcı media qurumunun əməkdaşı iştirak edib.
Tədbir gömrük sistemində son dövrlərdə həyata keçirilən islahatlar, xüsusilə rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində tətbiq edilən yeniliklər barədə media nümayəndələrinin məlumatlandırılması, media ilə əməkdaşlığın gücləndirilməsi məqsədilə təşkil olunub.
Seminarın açılış mərasimdə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı çıxış edərək gömrük işinin təbliği, bu istiqamətdə cəmiyyətin məlumatlandırılmasında medianın mühüm rol oynadığını bildiriblər. O da vurğulanıb ki, sahəvi jurnalistikanın inkişaf etdirilməsi ictimaiyyətin dolğun və düzgün məlumatlandırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Seminarda son dövrlərdə gömrük sistemində tətbiq edilən yeniliklər, həmçinin media nümayəndələri və ictimaiyyət üçün aktual mövzularla bağlı təqdimatlar nümayiş etdirilib, jurnalistləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Tədbirin bağlanış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov cəmiyyətin məlumatlılığının artırılmasında medianın rolunu xüsusi vurğulayıb və gömrük-media münasibətlərinin işgüzar müstəvidə formalaşması, əməkdaşlığın gücləndirilməsi baxımından seminarın mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, gömrük sistemində şəffaflığın, məmnunluğun artırılması, rəqəmsallaşmanın genişləndirilmsi istiqamətində mühüm addımlar atılır.
Qeyd olunub ki, qarşıya qoyulan vəzifələrin uğurla icrası məqsədilə gömrük orqanları bütün maraqlı tərəflərlə, o cümlədən media qurumları ilə qarşılıqlı işgüzar əməkdaşlığa xüsusi əhəmiyyət verir.
Diqqətə çatdırılıb ki, gömrük sistemində tətbiq edilən yeniliklər barədə cəmiyyətin məlumatlandırılmasında media xüsusi rol oynayır və bu istiqamətdə göstərilən dəstəyə görə bütün media qurumlarına təşəkkür ifadə olunub.
Sonda seminar iştirakçılarına sertifikatlar təqdim edilib.