adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Hələ Mirzə Cəlil olmamışıq, Danabaşıq ki Danabaş! - Eminquey yazır

EMİNQUEY AKİF
1761 | 2023-01-18 11:47

Bir oğlan şortiklə hansısa kənddə daş-qalaq olunmuşdu. Yadınızdadır?

Hə, bax oğlana görə 3 gün şortikdə ilişib qalmışdıq.

Əyalətlərin birində idi.

Şortik dünyəvi geyim olsa da, Qafqazda şəhərlidir. Bir sözlə şəhərli şortik kənddə qəbul olunmur. Kimsə İsmayıllının Basqal kəndinə şortiklə girə bilməz. Geyinə bilərsən, həddi-buluğa çatana kimi. Əhalinin mental qanunları budur.

Eynilə də şəhərdə!

Kənddə gördün ki, özünü tuta bilmirsən, ağacın, kolun dibinə verərsən, şəhərdə bunu etmək olmaz! Amma hələ də şəhərdə binaların liftinə, blokuna işəyən mərifətsiz adamlar var. Bilmirik haralıdır?!

Yaxud da Salyandan Bakıya təzəcə düşmüş bir "qaqaş" Bakının hansısa yerində "buranın vəziyyəti bizlikdi" deyib qışqıra bilər, amma Bakıdan bir nəfər gedib Salyanda, bu qaqaşın kəndində bunu etsə şalvarını boğazına qalstuk edərlər.

N qədər müqayisələr aparmaq olar, üç gün, beş gün.

Bütün bu söhbətlər şəhərin yüklənməsilə bağlıdır. Bakının dərdi var, Bakı yüklənib. Allahaqqı yüklənib. Yükləmişik. Yüklətdiriblər!

Hər nə isə.

Hərdən düşünürəm ki, atamgil kənddə böyüyüb, anamgil kənddə böyüyüb, şəhərdə təhsil alıblar, şəhərə köç ediblər. Mən şəhərdə doğulmuşam. Bakının elə bir yerində yaşayıram ki, sağım mikrorayon, solum Papalin, yuxarım Binəqədi, aşağım Vorovski. Narkomaniya, avaraçılıq və s. Bəs necə oldu ki, 29 yaşı başa vurmaqdayam, narkoman olmadım, avara olmadım, atam qumar borcumu ödəmədi, narkomaniyadan anamın gözünün önündəcə ərimədim?!

Necə oldu bu?

Axı gözümün qarşısın da nə qədər belə adam var?

Narkomaniya da yerindədir, avaraçılıq da.

Hər gün küçələrdə ruh kimi gəzən hallılar da görürəm, beyinsiz bədənlər də.

Bu bataqlığın içində necə oldu ki sağ qalmışam?

Bax deyirsiniz ha, Mirzə Cəlil də kənddə doğulub, böyüyüb, yaşayıb. Məsələ də budur. Mirzə Cəlil Londonun hansısa küçəsindən yazırsı? Öz yaşadığı kənddən yazırdı da. Mirzə Cəlilin o kənddə doğulmağı nəyi dəyişirdi? Heç nəyi! Kənd yenə Danabaş idi də.

Yəni...

Xülasə, məsələ məkan deyil. Üç dənə Alov qülləsinə, Kristal Halla kapital qoymaqdansa, insana kapital qoymaq lazımdır,

Məsələ mahiyyətdədir.

Mahiyyətimiz nədir?

Çox təəssüf ki şəhərli-kəndli qarışıq hələ Mirzə Cəlil olmamışıq, Danabaşıq ki Danabaş!

Ha Bəhram olsun, ha Tahir.

Meqapolis dediyimiz bir şəhərdə, Bakıda hələ də qul bazarı varsa, hələ də gecəqondular və o qəsəbələrdə kanalizasiyanın içi çölüylə birdisə, demək ki heç bu şəhər də hələ şəhər deyil...

TƏQVİM / ARXİV