adalet.az header logo
  • Bakı 12°C

ÖLÜM, YA AYRILIQ

SEYFƏDDİN ALTAYLI
87000 | 2014-05-31 02:25
"Hər nəfs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şərrə də, xeyrə də mübtəla edirik".
(Ənbiya surəsi, 35-ci ayət)

Tanrı, cismani ölüm haqda müqəddəs kitabımızda yuxarıdakı kimi buyurub. Hər bir canlı kimi biz də ölümü dadacayıq, ancaq qaçıb ondan yaxamızı qurtaracaq bir yerimiz, ya da imkanımız olmadığını bilə-bilə yenə də ondan dəhşətli dərəcədə qorxu-hürküyə düşürük. Çünki Dədə Qorqud demişkən "dünya şirin, can şirin"di. Bəlkə ölümün bizi hara aparacağını heç bir kəsin görməməsi, bilməməsi səbəbi bizdə o düşüncəni yaradır? Dədə Qorqudda anası Dəli Domrula demirmi, "yaman yerə gedibsən; gedə bilmərəm". İnsanın ölüb-getdiyi yerin yaman yer olduğuna inanmışıq, çünki ora bizim üçün müəmmadır. Əslində isə ölüm, otaqların birinin qapısını açıb çıxıb digər otağa girmək kimi bir şeydir. Tanınmış şairimiz Cahit Sıtkı Tarancı ölümü;
"Nəylərsin ölüm hər kəsin başında.
Uyudun uyanamadın olacak" şəklində izah edib. Ətrafımızda bu cür hadisələrin dəfələrlə şahidi olmuşuq. Axşam sapsağ yatan birinin səhər oyana bilmədiyini, dünyasını dəyişdiyini öyrənirik, yəni insan uyuyur, ancaq səhər oyana bilmir..
Qədim vaxtlarda ulu babalarımızda ölüm anlayışı yoxdu. Onlarda ölüm, yüksəlmək anlamındaydı. Orxun-Yenisey abidələrində ölüm üçün, "uça barmaq" yəni uçub getmək kimi feilləri işlədiblər. Bundan başqa "kərgək bolmaq" feili də həmin mənada işlədilib, yəni "quş olub uçmaq". Kərgək, şahin cinsindən bir quşun adıdır. Bu mənada ölən üçün "şahin olub uçdu" deyilib. Azərbaycan mədəniyyət dairəsində də ölən üçün, "ruhu bacadan uçdu" ifadəsi bu gün də işlədilir. Öz ocağında canını tapşıran şəxsin ruhu quş olub bacadan uçub harasa gedir. Bu anlayış isə, Azərbaycan Türklərinin qan yaddaşının və geninin Orxun-Yenisey abidələrini yazdıran və tikdirənlərlə eyni bulaqdan bəsləndiyini sübut edir.
Ulu babalarımızın malik olduğu anlayış göstərir ki, bizlər ölümü fiziki varlığımızın, yəni bədənimizin məhv olması mənasında anlamamışıq. Özək düşüncə, bizlər üçün ruhun bədəni tərk edib quş kimi uçub harasa getməsidir. Nəcip Fazilin diliylə desək; gəlir ölümlü yalan, gedir ölümsüz gerçək. Bilgə Xaqan tikdirdiyi abidədə, "Vaxtı Tanrı yaşayar, kişi oğlu ölmək üçün yaradılıb", deyib. Müqəddəs dinimizə görə "əl hökmü lillah" hökm Allahındır, hər bir varlıq ona tabedir. Əslində əzəldən axıb gələn və bilinməz nəhayətə doğru, daha düzü bizim bilmədiyimiz sonsuzluğa sarı gedən dövrana "zaman" adını verən və ona bu donu geyindirən bizlərik, bizim ağlımızdır. Ulu Tanrı, Yasin surəsinin 82-ci ayətində "kün fəyekun" (ol dedik oldu) deyə buyurur və hər şeyi yoxdan var etdiyini bildirir. Hal belədirsə, "yoxluq" dediyimiz şeyi əslində biz düzgün qiymətləndirmirik, çünki "yox" olan şeydən heç nə yaradıla bilməz. Deməli, bizim "yoxluq" dediyimiz şey əslində başa düşdüyümüz mənada yoxluq deyil. Ora, "varlıq" dediyimiz, hər bir şeyin əzəli və əbədi məkanıdır, ancaq onun nə olduğunu bizlər idrak əda bilmirik, onun sirrini ancaq Tanrı bilir. Deməli bəqa aləmində Tanrı kainatı yaratmazdan qabaq da bizim bilmədiyimiz nəsə vardı və Ulu Yaradan hər bir şeyi özünün qərar verdiyi özül üstündə yaradıb. Sonra Tanrı hər bir şeyi öz nurundan yaratdığını da bildirir, xüsusilə də insanı. Bizlər bəşər olaraq onun müəyyən sifətlərini daşıyırıq. Tanrı müqəddəs hədisdə, "əhsən mənə ki, belə bir varlıq yaratdım" deyərkən də buna işarə edir. Həyatın özü də, ölüm də Tanrı tərəfindən yaradılanların bir parçasıdır, daha düzü varlıq və yoxluq dediyimiz şeylər də, "ol dedik oldu; hər nəfs ölümü dadacaqdır" ayətlərində bildirilənlərin işığında, bizim əbədiyyət adını qoyduğumuz, nə olduğunu ancaq Tanrının hərtərəfli bildiyi bir məkana sarı irəliləyir. Hər bir canlı ölümü daddığı vaxt, onun mənəvi varlığı olan ruhu ölmür, can dediyimiz qanadlı quş müvəqqəti olan bədənini tərk edərək Tanrının onun üçün hazırladığı məkana sarı qanad açıb gedir.
1988-ci ildəndir Azərbaycana gedib-gəlirəm, çoxlu dostlarım olub. Müstəqillik hərəkatının ilkin pilləsindən başlayaraq çoxlu şəxsiyyətlər tanıdım, onlarla dostlaşdım, əbədi dostlar, dostluqlar qazandım. Həyatın təbii axarında onlardan bəzilərinin fiziki varlığını itirdim. Qarı fələk onları müəyyən bir vaxtdan sonra görməyimə icazə vermədi.
Mərhum dostum Tofiq Abidin də çox sevdiyim, əzizlədiyim insanlardan biriydi. 1990-cı illərdən tanımış və dostlaşmışdıq. İki il olmaz, onunla sonuncu dəfə qardaşım Aqil Abbasla birlikdə Boyat restoranında görüşmüş və doyunca söhbət etmişdik. Sağ olsun Aqil Bəyi, hər Azərbaycana gedişdə müəyyən dostları başıma yığar və maraqlı söhbətlərimiz olar. Əzizimiz Tofiq Abidinin o səmimi söhbətlərini də, üzündə gül kimi açılan gülüşlərini də ömrüm boyu unutmayacağam. Onun dünyasını dəyişməsini özüm xəstəxanada olduğuma görə çox gec eşitdim, gec eşitməyi də əslində özümə bir növ qəbahət sayıram.
Tanrı məkanını cənnət eləsin əziz qardaşım Tofiq Abidin, səni sevənlərin, Türk dünyasının başı sağ olsun. Ruhunun şahin tək göylərə yüksəldiyini gec eşitməyimə görə məni bağışla, qəbahətimi o gözəl gülümsünməyinlə qarşıla. Cahit Sıtkı Tarancı, bu fani dünyada əziz-istəkli dostlarını itirən mənim kimi insanları təsvir üçün nə gözəl deyib:
"Dostlarla da yollar ayrıldı bir bir;
Gittikçə artıyor yalnızlığımız".
Doğrudan da getdikcə yalnızlığımız artır, ətrafımızdakı çinarlar birbəbir devrilib gedir. O yolu kimlər getməyib ki, Sultan Süleymana qalmayan dünya bizə qalası deyil ha.
Tofiq Abidin, ürəyi Türk dünyası üçün döyünən bir şəxsiyyətdi. O, Türk coğrafiyalarında yaşayan bacı-qardaşlarının geridə qalmışlıq dərdini, xüsusilə də Qarabağ kədərini özünə atəşdən köynək etmişdi. O atəşlə alışırdı, ancaq o odun tüstüsünü onun kimi o dərdi çəkənlər bilərdi. Mən onu ürəkdən duyanlardan biriydim, ona görə də özünə qarşı hədsiz bir məhəbbət hiss edirdim. Bəli, Tofiq Abidinin bədəni təkrar Azərbaycan torpağında gəzib-dolanmayacaqdı, ancaq ruhu əbədi olaraq Azərbaycan səmalarında cövlan edəcəkdi. Əminəm ki, Şuşa, Kəlbəcər, Ağdam, Füzuli, Göyçə, İrəvan, Zəngəzur və digər əzəli, əbədi yurdlarımız azad olmayana kimi, Tofiq Abidinin ruhu dinclik tapmayacaqdı.
Gözlə məni cənnətməkan qardaşım, bir gün vaxt-vədəm çatdıqda yanına gələcəyəm, Ulu Tanrı icazə verərsə, söhbətimizi orda davam etdirərik...

Seyfəddin Altaylı,
Ankara
altaylı[email protected]

TƏQVİM / ARXİV