ÖMRÜN 75-Cİ İYUNU - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1646 | 2023-07-04 13:15

Şair Zakir Bayramlının yubileyinə dost təbriki

 

Etiraf etmək lazımdır ki,bu gün bölgələrdə yazıb-yaradan ədəbiyyat adamlarının təkcə özəl həyat şəraitləri deyil, həm də yaradıcılıq mühitləri Sovetlər dövründənxeyli fərqlənir. Yəni bu qəbildən olan insanlar öz ictimai fəaliyyətlərində olduğu kimi, yaradıcılıq müstəvisində də sərbəstdirlər, ona görə də daha çox sözə, qələmə vaxt ayırmaq, çap olunmaq imkanları var. Təbii ki, söhbət oinsanlardan gedir ki, onlar şair-yazıçı adına iddialıdırlar, özlərini bu adla sübut etməyə çalışırlar. Və həm də bu çalışma öz müsbət bəhrəsini verir.

Mən bu gün ömrünün 75-ci İYULUNU yaşayan Zakir Bayramlını çalışdığım "Ədalət" qəzeti vasitəsi ilə tanımışam . Və öncə sözünü tanıdığım bu imza sahibinin mənim həyatımdada özəl yeri var. Məhz bu xərdar olmağın sayəsində həyat bizi qarşılaşdırdı... mehribanlaşdırdı... Onun yaradıcılığını izləməklə yanaşı, şəxsi həyatında baş verən yenilikləri də vaxtında bilmək imkanı əldə etdim. Mən hətta onun öncəki yubiley törənlərindən də xəbərdar oldum.

Bax elə indi onun 75 illik yubileyi ilə bağlı ürək sözlərimi yazmağa başlarkən kitabxanamdakı kitablarını gözdən keçirdim. Həmin kitablar içərisində diqqətimi çəkən Zakir müəllim barəsində, daha doğrusu onun yaradıcılığı haqqında yazılmış fikirlər oldu. Həmin fikirlərdən birində filologiya elmləri doktoru, professor Vaqif Yusifli vurğulayır ki, "ən əvvəl deyim ki, Zakir Bayramlı çox sadə və anlaşıqlı yazıb. Təbii ki, onun şeir dili lap əvvəlcədən xalq dilindən, folklor şeirindən qidalanıb və indi də Zakir başqa cür yaza bilməz". Bax, elə təkcə bu fikrin özü oxucuya gerçək təqdimatdı. Yəni oxucu artıq əlindəki kitabın müəllifinin onunla sadə, anlaşıqlı, başadüşülən dildə danışan şair olduğunu bilir. Ona görə də Zakir Bayramlı ilə daha tez ünsiyyət qurur, dil tapır, anlaşır. Şair yazır ki:

 

O düz sənin, bu düz mənim, qaçışaq,

At oynadaq, cıdır açıb yarışaq.

Ən yaxşısı vətən üçün çarpışaq,

Dağlarını, düzlərini qoruyaq.

Yad əllərdə, yad ellərdə qoymayaq.

 

Elə bu bəndin özündən məlum olur ki, şair bizim hər birimizin düşündüyünü, ürəyindən keçirdiyini, arzuladığını poetik şəkildə, şeir formasında, özü də uca bir səslə özümüzə çatdırır, pıçıltımızı səsə çevirir. Özü də elə bir səsə ki, onu duymamaq mümkün deyil. Çünki bu səsdə vətən nidaları, torpaq yanğısı, tarix diqtəsi var.

 

Ömrümün mənası, dünya gözəli,

Sənsən həyatımın ilki, əzəli.

Sənə həsr edirəm şeiri, qəzəli,

Hüsnün, camalındı məni ram edən,

Ey Vətən!

 

Sənsiz neynəyirəm dünya mülkünü?

Vətənsiz xoş keçməz insanın günü,

Yazma həyatıma belə sürgünü,

Candan ayrı düşsə yaşamaz bədən,

Ey Vətən!

 

Bax, bu nümunələrdən göründüyü kimi, Zakir Bayramlı vətəni təkcə coğrafi anlamda deyil, həm də tarixi müstəvidə oxucuya tərənnüm etməyə üstünlük verir. Bu yurdun, bu məmləkətin hər tövrünü, halını özünün mövzusu kimi görür və onu poetikləşdirir.

Deməli, bu da onu göstərir ki, şair təkcə ilham pərisinin söylədiklərini yox, paralel olaraq istedadının və həyat təcrübəsinin ona öyrətdiklərini şeirləşdirir. Nəticədə də Zakir Bayramlı şeiri oxucu ilə üz-üzə gələndə onları bir-birinə təqdim etməyə heç bir ehtiyac qalmır. Yəni söz öz sahibini özü təqdim edir. Təbii ki, burda da söz deyəndə mən şeiri, poeziyanı nəzərdə tuturam. Bu yerdə xatırlatmaq istəyirəm ki, hələ gənclik illərindən sözə könül verən Zakir Bayramlı zamanında Azərbaycanın böyük söz adamları, Xalq yazıçısı Sabir Əhmədovunn, Xalq şairi Cabir Novruzun, unudulmaz şair Kələntər Kələntərlinin diqqətini özünə çəkmiş, onların rəhbərlik etdiyi ədəbi məclislərin ən fəal üzvlərindən olmuşdu. Bu çağlayan istedad sonda o dövrün “Abşeron”, “Qurucu”, “Şabran”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət” qəzetlərində, “Kirpi” və “Ədəbi Şirvan” jurnallarında oxucularla tez-tez görüşməsinə imkan vermişdir.

Zakir Bayramlının daxili tələbatı təkcə qəzet və jurnallarda çap olunmaqla özünü təsdiq etməmişdir. Bu imza ardıcıl olaraq neçə-neçə ədəbi topluda, o cümlədən “Çıraqqala”, “Səni vəsf edirəm Dəvəçi”, “Şabran nəğmələri”, “Çıraqqala ocağında” oxucularla qarşılaşmışdır. Və nəhayət özünü və sözünü oxucuya sevdirən, tanıdan şairin müxtəlif illərdə xeyli sayda şeir və publisist yazılardan ibarət kitabları işıq üzü görmüşdür. Əvvəldə də qeyd etdiyim kimi, həmin kitablara tanınmış söz, ədəbiyyat adamları ön söz yazmışdılar. Burada xüsusi vurğulamaq yerinə düşər ki, Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, professor Nizaməddin Şəmsizadə yazır ki, “Kitab xüsusən həyata yeni qədəm qoyan hər bir gənc nəsil üçün ibrətli bir həyat dərsliyidir. Azərbaycan gəncliyinin şəxsiyyət kimi formalaşması, onu mənəvi ucalığa çatdırmaq kitabın estetik konsepsiyasını təşkil edir. Belə kitablar həm nəzəri, həm praktik əhəmiyyətə malikdir, çünki onlar zəngin bilik və məlumat, real müşahidə və həyat təcrübəsi əsasında yazılır. Üstəgəl, Z.Bayramlı həm də qəlbi poetik ahənglə vuran incə zövqlü, istedadlı, müdrik bir şairdir. Yeri gələndə fikirlərini qəzələ, bayatıya, rübaiyə, qoşmaya çevirərək insanların qəlbinə yol tapa bilir”.

Zənnimcə, çox hörmətli Nizaməddin müəllimin Zakir Bayramlı poeziyası barəsində söylədiyi bu fikirlər təkcə onun yaradıcılığına deyil, bütövlükdə onun şəxsiyyətinə də, söz münasibətinə verilən ən yüksək qiymətdir. Bu isə o deməkdir ki, yaradıcılığında şeirin bütün formalarından, sözün bütün çalarlarından yararlanan Zakir Bayramlı bu 75 ili boşuna xərcləməyib. Çalışdığı dövlət vəzifələri ilə yanaşı, o, Allahın ona verdiyi şair vəzifəsində də diqqətli və məsuliyyətli olub. Ona görə də oxucularına üz tutaraq “Mənə qoca deməyin” söyləyəndə inanmamaq mümkün deyil. Çünki onun ruhu, onun sevgi və səmimiyyət dolu misraları qocalığı özündən çox-çox uzaqlara qovub. Zakir Bayramlı yazır ki:

 

Mənə qoca deməyin,

Bu söz xətrimə dəyər.

Ağır bir yükə dönüb,

Qəddimi vaxtsız əyər.

 

Mənə qoca deməyin,

Qısaltmayın yolumu.

Hünəriniz var əyər,

Qatdalayın qolumu.

 

Mənə qoca deməyin,

Təzə-tər nəfəsim var.

Yaşayıb yaratmağa,

Tükənməz həvəsim var.

 

Mənə qoca deməyin,

Qaraltmayın qanımı.

Keçirirəm yarımla,

Hələ ki, hər anımı.

 

Mənə qoca deməyin,

Saçlarımı ağ görüb.

Yəqin kimsə sizlərdən,

Başı qarlı dağ görüb.

 

Mənə qoca deməyin,

Mən ağacda budağam.

Ömrüm yarı olsa da,

Qocalıqdan uzağam...

 

Bütünlüklə sizə təqdim etdiyim bu şeirdə müəllifin öz oxucusuna özünü növcavan kimi təqdim etməsi, daxili yanğısını və sevgisini çatdırması o qədər təbii alınıb ki, bu hissləri yalnız alqışlamaq qalır bizə.

Bəli, hər bir söz adamı kimi Zakir Bayramlı da hərdən çevrilib arxada qalan illərə, əməllərə, xatirələrə tərəf boylanır. Bu, təbii hissin hər kəs kimi ona da yaşatdığı QÜRURDUR. O qürurun canında, qanında isə zəhmət, alın təri, halallıq, sevgi, səmimiyyət, bir də torpağa, aid olduğun xalqa inam dayanır. Bax, bunların toplusu 75 yaşını qeyd edən dəyərli həmkarım Zakir Bayramlının bir etirafını da gündəmə gətirir. Həmin etirafın adı:

- Qaytara bilməzsən ötüb keçəni!

Doğurdan da ötüb keçənləri geri qaytarmaq mümkün deyil. Bu bir yazılmamış qanundur. Yəni gün keçdisə, dünən artıq xatirədir. Amma Zakir Bayramlının bir şair istəyi, məharəti var. O da həmin dünənə çevrilənləri şeirə gətirməkdir. Həmin şeiri də sizə təqdim edirəm:

 

Mənim can sirdaşım, narahat olma,

Yaşımın çoxluğu üzməsin səni.

Həyat davam edir, yolundan qalma,

Qaytara bilməzsən ötüb keçəni.

 

Ömrün hər dövrünü keçib gəlmişəm,

Olub uşaqlığım, şıltaqlığım da.

Nə yoldan qalmışam, nə dincəlmişəm,

Ötüb yeniyetmə, gənclik çağım da.

 

Axtardım həyatı erkən yaşımdan,

Tapdım damarını, tutdum nəbzini.

Keçdi yaşamağın eşqi başımdan,

Qıldım mənasını, bildim məğzini.

 

Nə lazım nəql edim bütün ömrümü,

Mənim heç o qədər vaxtım da yoxdur.

Sadə yaşamışam gələn günümü,

Möhtəşəm sarayım, taxtım da yoxdur.

 

Görüb buludları başımın üstdə,

Canım, elə bilmə səndən doymuşam.

Sadəcə, yaş gəlib yaşımın üstdə,

Qocalıq dövrünə qədəm qoymuşam.

 

Dağın əzəməti ucalığında,

Buludlar oynaşan zirvəsindədir.

İnsanın hörməti qocalığında,

Həyatda yerini bilməsindədir.

 

Zövq al bu hörmətli, müdrik çağımdan,

Bədbinlik, küskünlük ömrü gödəldir.

Narazı deyiləm qocalığımdan,

Bu dövrü yaşamaq özü gözəldir.

 

Bəli Zakir Bayramlı bir şair kimi, bir ziyalı kimi, bir ruh adamı kimi 75 yaşının dəyərini də, mənasını da özü bizə etiraf edir, söyləyir. Şəxsən mən onunu oxucusu kimi bu etirafdan məmnun qalıram və ərklə ona deyirəm: 75 yaşınız mübarək, Zakir Bayramlı! Yaşınız da mübarək, sözünüz də. Bu həvəslə yazacağınız yeni şeirlərin yolunu gözləyirəm.

 

TƏQVİM / ARXİV