Qapısını açıq saxla ümidin... - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
793 | 2024-09-30 12:30

Bütün hallarda insanı yönəldən, onun məramını, məqsədini diri tutan, ayaqda saxlayan daxili inamdı, yəni Ümiddi. Bu mənada səninlə üz-üzə dayanan, səni bərkə-boşa çəkən, bəzən haqlı, bəzən haqsız qınayan hər kəsin içində həmin o Ümid onun öz istəyinə, öz daxili aurasına görə formalaşır. Yəni kim necədirsə, əxlaqı, dünyagörüşü, mənəviyyatı hansı nüanslarla cilalanıbsa elə Ümidi də ona bab gəlir, onun oxşarı, lap bir az da kobud desəm tayı olur. Çox təəssüf ki, bəzən bu ölçülər bir-birinə elə sarmaşıq kimi sarılır ki, dayanıb təəccüb etməkdən, təəssüf etməkdən başqa əlindən heç nə gəlmir. Deməli, Allahın yaratdığı bəndə özünün içində yaratdığı ilə bir harmoniya təşkil edir və sonda da əlini dizinə çırpıb gileylənməyə üzü də qalmır. Nə isə…

Gerçək olan budur ki, normal, müsbət auralı Allah bəndəsi hər yerdə və hər zaman işıq kimi, nur kimi görünür, duyulur, hiss edilir. Ona görə də həmin adamların alnı qırışanda,  gözlərinə bulud gələndə çevrədəkilər dərhal duyurlar, hiss edirlər. Ona təsəlli verməyə can atırlar. Hətta yol göstərib məsləhətlərini də əsirgəmirlər. Burda da bir səbəb var. O da həmin insanın haqq etdiyi və Allahın da ona mükafat olaraq alın yazısında işarələdiyi işıq olmaq qismətidi. Məhz həmin o qismət onun Ümidə doğru gedən yoluna da işıq salır. Nəticədə tarazlıq yaranır. ,.

Mən bu fikirləri bilgisayara bir az qarmaqarışıq, xaotik şəkildə diktə elədim. Çünki yazımı başqa aurada yazmağa kökləmişdim özümü. Lakin bir an içimdə elə bilgisayar yazarının özünün də əhvalında qanqaraçılıq yarandı. Necə deyərlər, bir milçək bir könül bulandırdı. Nəticədə fikir haçalandı. Sözlər pərən-pərən düşdü. Elə o zaman kəsiyində dilimin ucundan «nə isə»… fikiri uçub getdi. Demək səbrimi cilovlamaq, sözümün əvvəlinə qayıtmaq üçün bir pauza etmək istəyi özünü büruzə verdi. Mən də həmin istəkdən sonra yenidən qayıtdım fikirlərimin başlanğıcına…

Bu, bir həqiqətdir ki, insan ümidlə yaşayır. Ona görə də min illərin bir deyimi hər zaman təkrarlanır. O fikiri kimin ifadə etdiyini, kimin ilk dəfə dediyini bilmirəm. Amma bu gün bildiyim odur ki, «Sonuncu ölən ümiddi!». Bax, elə mənim də istəyim, məramım, lap açığı can atdığım həmin o pir bildiym, and yeri bildiyim Ümid yeridi, Ümid evidi, Ümid ocağıdı. Bütün varlığımla  o yerə, o evə, o ocağa pərvanəyəm. Bilirəm ki, qanadları güclü, qaməti şax olan sevginin Ümidi də dəyanətlidi, güclüdü və o, insanın ruhunu da, ürəyini də özü ilə çəkib aparır, götürüb gedir öz evinə, öz yerinə, öz ocağına. Bax, bu məqamda özün də hiss etmədən bütün yaşantılarını gözünün önündən keçirirsən. Ağrıları da, intihar cəhdini da, sevindiyin məqamı da, hətta gördüyün yuxunu da təkrar çözürsən. Düşünürsən ki, bütün bunlar sənin Ümidlə arandakı məsafəni qısaldacaq. Sənin dözümün, inadın, Ümidin əlini sənə tərəf bir az da uzadacaq. Nəhayətdə sən  rolunu tamaşaçısız oynayan aktyor kimi çətin  duruma düşməyəcəksən. Sənin tamaşaçın Ümid olacaq…səni səsləyən Ümid. Elə bu məqamın  da içindəkilər sözə çevriləcək, şeir olacaq:

 

Qəflətən bir udum su -

kəsdi nəfəs yolunu...

Ölüm səhnəsidi bu -

O, oynayır rolunu -

Alqışsız...

 

Tamaşa bir pərdəli...

Mövzu isə intihar...

Baş qəhrəman bir dəli -

coşar, özün unudar -

Alqışsız...

 

Həsrətin dırnaqları

qartal caynağından sərt...

Çək köhnə qarmaqları -

Ürəyi bir yolluq çərt -

Alqışsız!..

 

Əlində quru ləçək

Yaşı on il əvvəl on!..

Səhnəyə atdın əlcək -

Pərdə enir...bu da SON!..

Alqışlar...

 

Bəli, heç bir alqışa ehtiyac duymasam da, gerçəklik özü səni o alqışlara bükəcək, kipriklərini yaşa bükdüyü kimi, yanaqlarını təbəssümə bükdüyü kimi. Bir də görəcəksən ki, sənin dünyan öz rəngarəngliyi ilə, öz istisi ilə nə qədər doğmadı və sənin dünyanda sənin qonağın da, sığındığın da, oxşadığın, baxışlarınla öpdüyün o varlıq həm də sənin Ümidindi. Sən onun külək dağıdan saçını küləyin əlindən almaq üçün az qala təbiətə, yəni küləyə üsyan etməyə də hazır olursan. İstəmirsən ki, sənin baxışından, sənin nəfəsindən başqa ona toxunan, onu seyr edən, onu oxşayan başqa bir nəfəs, başqa bir  nəsə  olsun. Bu, nə qısqanclıqdı, nə  xudbəsənlik, nə də özündən razılıq. Bu heç bədgümanlıq da deyil. Yəni Ümidə güvənin, inamın yerdən göyə qədərdir. Onun barəsində yalnız yaxşı,  gözəl nə varsa onları düşünüb və onları Ümidə aid edirsən. Ancaq nə edəsən ki, bir aşiq dəliliyi də var. Bax, küləklə vuruşmaq istəyən də, gözləri ilə saçını sığallayan da, baxışları ilə üz-gözündən öpən də həmin o dəli aşiqdi. Deməli, bu dəliliyi də hər gün alovlandıran, onu hər gün yenidən dünyaya gətirən,  mənim inancıma və məntiqimə görə təbii ki, Ümiddi. Deyə bilərsiniz ki, Ümid elə belə yaranmır. Onu kimsə nə iləsə, necəsə ortaya qoyur, ona stimul verir. Müəyyən mənada sizinlə razıyam. Çünki hətta qarşılıqsız sevgi də ümid yaradır. Çünki sevdiyin var. Onun yerişi, duruşu, varlığı, lap deyək dönüb sənə ötəri baxmağı da Ümiddi. Elə bu qarşılıqlı və qarşılıqsız məqamların bəhrəsi olan Ümid də özü-özlüyündə yeni xəyalların, yeni düşüncələrin, yeni pıçıltıların rüşeyminə çevrilərək həmin o dəli aşiqi yerlə, göylə, dörd divarla, ağacla, güllə, bir sözlə, hamı ilə və hər kəs ilə elə özünü özünlə də həmsöhbət edir. O məqama, o ana qədər ki, sən Ümid qığılcımı görürsən və onda:

 

Bir ocaq közərir, bir tüstü qalxır

Köklənib diqqətim baş verənlərə...

Ürəyim susaraq kənardan baxır -

Qəmin divarına, daş verənlərə!..

 

Titrədir ruhumu həzin bir avaz,

Gözümün kökündə sular lillənir...

Kədərim dərindi, ümidim dayaz -

Dilim tərpənməmiş ağrı dillənir...

 

Baxıb, vərəq- vərəq yaddaş dəftərin,

Kiprik ucu ilə sığallayıram...

Üzümə oxunan ömrün səhflərin-

Qəbul eləmirəm - cığallayıram...

 

Nədənsə bənzətdim dar ağacına -

Közərən ocağın tüstü dirəyin....

Səni and verirəm, gülüm, saçına -

Ovut, səni sevən şair ürəyin!

 

 

İnsanın iç dünyasının bir istəyi də olub həmişə. Bu istək isə umacaq deyil, tələb deyil… Sadəcə bir ülfət, bir səmimiyyət, bir diqqət, lap elə bir iynə ucu boyda təbəssümdü. Bunu ona görə xüsusi vurğulayıram ki, dünyada elə adam yoxdur ki, onun ovunmağa, onun təsəlliyə ehtiyacı olmasın. Şəxsən mən az qala bütün gecə və gündüzü həmin o məni ovudacaq anı gözləyirəm, arzulayıram. Ona ehtiyacımı gizlədə bilmirəm. Çünki ovunanda hiss edirəm ki, yaşamaq həvəsim, yaşamaq istəyim Ümidə çevrilir, olan Ümidimi artırır. Deməli, məni ovudacaq həmin o nəsnə, yəni söz, hərəkət, kimlər üçünsə mənasız, gərəksiz ola bilər. Heç ağıllarının ucundan da gəlib keçməz. Mən səsini eşidəndə, addımlarının yaratdığı səsi duyanda, baxışını görəndə, lap elə şəkilinlə göz-gözə gələndə ovunuram. Həmin an mənə elə gəlir ki, o səsi də sən özün göndərdin, o şəkildə də mənimlə birbaşa danışdın. Özünəməxsus addım səsinlə özün  içimdən, ürəyimdən, olduğun məkandan gəlib getdin. Və bütün bunları ona görə etdin ki, ayaqda qalım, yıxılmayım. Məncə bu, xoşbəxtlik dərmanıdı. Məncə bu xilaskarlıq missiyasıdı. Məncə bu həmin o yazı boyu vurğuladığım Ümidin diktəsidi. Cəm halında götürəndə bu Allahımın Sənə, qəlbinə, ruhuna mələklər vasitəsilə çatdırdığı mesajdı. O sənin xilaskar mələk olduğunu sənə xatırladır. O sənin Ümid olduğunu yadına salır. Ona görə də sən mənim gözlədiyim, axtardığım, aradığım, səsinlə, özünlə, bütövlükdə mənim ürəyimi bir anlıq da olsa ovudursan. Mənim ruhumu bir anlıq da olsa Ümid qapısından içəri keçirirsən.

Kimsə bu hisləri, bu duyğuları müxtəlif yerə yoza bilər. Kimsə bunu ötəri bir yazı kimi, gündəmin içində olmaq istəyi kimi də dəyərləndirə bilər. Amma bütün bu dediklərimə və verilən qiymətlərə baxmayaraq, mən hər kəsin bildiyi kimi , yalnız Allahdan və Səndən yazıram. Və yalnız Allahın və Sənin mənim həyatımda Ümid olmanızı təkrar-təkrar vurğuladığımı bilənlər bilir, bilməyənlərin də nə zamansa biləcəyinə şübhəm yoxdur. Ən azından ona görə ki, istəyimin adı Ümidli Sevgidi. Həmin sevgi ovutmağa da, yaşatmağa da qadirdi. Yəqin ki, bununla bağlı kimsə mübahisə etməyəcək. Çünki hər kəsin qəlbində öz sevgisi, öz ümidi var və mən də hər kəsə öz sevgisi, öz Ümidi ilə baş-başa qalmağı, əl-ələ tutub könülləri rahat olan, ruhları sevinən Ümid evinə doğru yol getməyi arzu edirəm. Və nəhayət:

 

Gecikdim bu axşam, deyəsən bir az

Bəlkə də yubandım, ya da ləngidim...

Amma düşünməki edib sənə naz -

Dalğalı dəniz tək indi səngidim!..

 

Fikrim də, ruhum da həmişəki tək,

Qoşa izimizlə gəzib bu gün də!..

Yaddaşında canlat - xəlvət şəklin çək -

Məni o şəkildə göstər bu gündə!

 

Bir az da yorulmuş, bir az da küsgün -

Üzünə təbəssüm mehi dəyməyən...

Sənin dediyin tək, şükürsüz, üzgün -

Elə həmənkiyəm - özün təkləyən!..

 

Tanrı sərhəddin də aşıbdı sevgim-

Çünki inadım da ölçüsüz olub.!

Düşünmə, mən dünən səni az sevdim -

Bu gün Yer kürəsi sevgimlə dolub!

 

Hə, mən yazımın sonuna gəlib çıxana qədər yəqin ki, sizlərə nə demək istədiyimi çatdıra bildim. Və çatdıra bilmədiklərimin də fərqinə vardım. Amma gəlin birlikdə etiraf edək ki, mən Sevgidən və Ümiddən yazdım. İstədim ki, gözümün önündə olan və ürəyimdə yaşayan, ruhumda mənimlə hər yeri dolaşan O mənə ÜMİD olduğunu bilsin!..

TƏQVİM / ARXİV